Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan tarixinin Zəfər erası: bütün strateji maraqlar uğurla təmin olunur

Azərbaycan tarixinin Zəfər erası: bütün strateji maraqlar uğurla təmin olunur


Bu gün, 16:47. Yazar: azer
Azərbaycan tarixinin Zəfər erası: bütün strateji maraqlar uğurla təmin olunur

Azərbaycanın müasir tarixində 20 sentyabr xüsusi məna daşıyan günlərdən biridir. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Həmin qərar dövlətimizin müzəffər siyasətinin nəticəsi kimi dəyərləndirilir.

2023-cü ilin 15 oktyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu hadisə həm torpaqlarımızın tam azad olunmasının təsdiqi, həm də xalqımızın uzun illər həsrətlə gözlədiyi tarixi anın gerçəkləşməsi idi. Həmin gün Xankəndi şəhərinin mərkəzi meydanında dövlətimizin başçısı çıxışında qeyd edib: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilmiş Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Bu, həm Azərbaycanın hərbi qüdrətinin nümayişi, həm də xalqın qürurunun zirvəyə çatdığı an idi. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi: “Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.

İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universiteti təsis olundu. Həmin ali təhsil müəssisəsi elm və təhsilin inkişafı və Qarabağın intellektual həyatının canlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Azad edilmiş ərazilərdə idarəetmə strukturunun optimallaşdırılması çərçivəsində 2023-cü il dekabrın 5-də qəbul edilən qanunla Ağdərə rayonu yaradılıb. Bu qərar həm tarixi ədalətin bərpası, həm də bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm addım hesab olunur.

2023-cü il dekabrın 21-də isə Qarabağ bölgəsinin idman tarixinə qızıl hərflərlə yazılan hadisə baş verib. Ağdamın “Qarabağ” futbol klubu Xankəndidə rəsmi oyun keçirib. Bu, 30 ildən sonra bölgədə keçirilən ilk rəsmi futbol qarşılaşması idi. Prezident İlham Əliyevin oyunu stadiondan izləməsi sözügedən hadisənin tarixi əhəmiyyətini daha da artırdı.

Son iki il ərzində Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə genişmiqyaslı quruculuq işləri aparılıb. Yeni yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər inşa olunub, hotellər, teatrlar, konqres mərkəzləri istifadəyə verilib. Qarabağ Universiteti, dəmir yolu və avtovağzal kompleksi, biznes mərkəzləri, sənaye müəssisələri bu torpaqlarda həyatın tam bərpasının bariz nümunələridir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bölgənin dirçəlişinə verilən yüksək diqqətin göstəricisidir. Bu səfərlər zamanı dövlətimizin başçısı həm bərpa işləri ilə tanış olur, həm də yerli sakinlərlə görüşərək onların qayğılarını dinləyir.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tarixi ədalətin təntənəsi olmaqla, dövlətimizin iradəsinin, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın bir təzahürüdür. Azad edilmiş ərazilərimiz real həyatın, quruculuğun, dirçəlişin və parlaq gələcəyin ünvanıdır. 20 sentyabr isə bu qürurlu dönüşün dövlət səviyyəsində qeyd olunduğu günlərdən biri kimi tarixə yazılıb.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön