Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Dövlət suverenliyinin tam bərpası və beynəlxalq hüquqa sadiqliyin təntənəsi"
Eltun Süleymanov: "Dövlət suverenliyinin tam bərpası və beynəlxalq hüquqa sadiqliyin təntənəsi"Bu gün, 10:02. Yazar: azer |
![]() Azərbaycanın Qarabağ bölgəsində 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri sadəcə hərbi əməliyyat deyildi. Bu əməliyyatlar Azərbaycan dövlətinin beynəlxalq hüquqa, üçtərəfli bəyanata və regional sabitliyə sadiqliyinin parlaq nümunəsi, eyni zamanda dövlət suverenliyinin tam bərpası idi. Ən əsası isə, bu addım sübut etdi ki, Azərbaycanın ali məqsədi müharibə və qarşıdurma deyil, dayanıqlı sülh və təhlükəsizlikdir. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın açıq şəkildə pozulması idi. Halbuki həmin sənədin 4-cü bəndinə əsasən, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini tamamilə tərk etməli idi. Əksinə, illər ərzində bu silahlı dəstələrin bölgədə mövcudluğu, mövqelərin möhkəmləndirilməsi, yolların minalanması və diversiya fəaliyyətləri regional sülhə ciddi təhlükə yaradırdı. Mülki şəxslərin və hərbçilərin mina qurbanına çevrilməsi isə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Azərbaycan dövlətinin cavabı beynəlxalq hüquqa tam uyğun idi. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququndan istifadə edən Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını faktiki reallığa çevirdi. Əməliyyatın gedişi isə Azərbaycan Ordusunun peşəkarlığını və humanist mövqeyini bir daha ortaya qoydu. Ordumuz yalnız legitim hərbi hədəfləri – istehkamları, atəş nöqtələrini, hərbi texnikanı zərərsizləşdirdi. Mülki əhali qorundu, infrastruktur hədəf alınmadı. Bu, həm Haaqa Konvensiyasının, həm də Beynəlxalq Humanitar Hüququn prinsiplərinə sadiqliyin göstəricisi idi. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmanət vermək üçün SMS mesajlarından tutmuş humanitar dəhlizlərədək bütün vasitələri işlətdi. Ən mühüm məqamlardan biri də Azərbaycanın şəffaflığı idi. Əməliyyata başlamazdan əvvəl həm Rusiya sülhməramlı kontingenti, həm də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı. Bu, dövlətimizin beynəlxalq tərəfdaşlığa sadiqliyini nümayiş etdirdi. Azərbaycan cəmiyyəti də dövlətin ətrafında sıx birləşdi. 23 siyasi partiyanın birgə bəyanatla cənab Prezident İlham Əliyevin mövqeyini dəstəkləməsi milli həmrəyliyin tarixi nümunəsi oldu. Bu həm də Konstitusiyanın 9-cu maddəsində təsbit olunmuş ərazi bütövlüyünün qorunması prinsipinə xalqın və siyasi qüvvələrin sarsılmaz sədaqətinin ifadəsi idi. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərini reinteqrasiya ilə bağlı dialoqa dəvət etsə də, separatçı rejim buna cavab vermədi. Halbuki BMT-nin 1970-ci il “Dövlətlər arasında dostluq münasibətləri prinsipləri haqqında Bəyannaməsi” açıq şəkildə göstərir ki, sülh yalnız əməkdaşlıq və dialoq yolu ilə mümkündür. Azərbaycan isə məhz bu prinsiplərə sadiq qaldı, bölgədə sabitliyin yeganə yolunun qanunsuz silahlı dəstələrin tərksilahı və separatçı qurumun ləğvi olduğunu sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, amma heç kəs Azərbaycanın maraqlarını və ərazi bütövlüyünü pozmağa çalışa bilməz.” Bu sözlər keçirilən əməliyyatlarının mahiyyətini – dövlət suverenliyinin tam bərpası və milli maraqların təminatı olduğunu ən aydın şəkildə ifadə edir. 2023-cü ilin sentyabr əməliyyatı Azərbaycan tarixinə yeni bir qələbə səhifəsi yazdı. Bu səhifə yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, milli həmrəyliyin və dövlət suverenliyinin təntənəsi oldu-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |