Ana Sayfa > Manşet / Siyasət > “Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”


Dünən, 12:07. Yazar: azer
“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

“Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT plyus" formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirak edib. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunmaqla 10 üzv dövlət və 14 dialoq tərəfdaşını özündə birləşdirir. Həm də bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov qeyd edib ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir: “Azərbaycanın ŞƏT-in sammitlərində iştirakı ölkəmizə regional təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq üçün yeni bazarlar və imkanlar qazandırır. Çində "ŞƏT plyus" formatında keçirilən Zirvə toplantısının gündəliyi çox zəngin idi. Belə ki, dünyada iqtisadi böhran və ticarət müharibələri, regional təhlükəsizlik, enerji və nəqliyyat və digər aktual mövzular müzakirə olundu. Çində keçirilən tədbirlərdə 26 dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı, bu Zirvənin qlobal əhəmiyyətinin yüksək olduğunu göstərdi”.

Deputat dövlət başçımızın Çinə səfəri çərçivəsində bir çox dövlət rəhbərləri ilə ikitərəfli müzakirələr apardığını və cari gündəliyimiz üçün vacib mövzuları müzakirə etdiyini deyərək əlavə edib ki, Çinə olan yüksək səviyyəli səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq.

Röya İsrafilova
Geri dön