Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar4 > MƏLAHƏT İSMAYILQIZI :
MƏLAHƏT İSMAYILQIZI :Bu gün, 08:15. Yazar: sevinc1 |
![]() Dəmiri dəmirlə döydülər, biri sicaq, biri soyuqdu. İnsanı insanla döydülər, biri ac, biri toxdu... Pir Abdal Sultan Heyif, olmadı bizlərdə Ələsgər səri- Şəmsi Qoca Sual doğur bu aforizmdən, bumu həyat, bumu dünya, bumu Cənnət?..Türklüyə qədər dedilər, bəs cahiliyyət nə? İnsanı daha heç nə ovuda bilməz, gördüyü nadanlıqlar, qədirbilməzlik, cahiliyyət dünyası və harın insanlar. Bir tikə çörək əlinə çox gələrsə quduran yekəbaşlar... bu yekəbaşlar sözünü sadəcə məcazi mənada deyil, elə əsil yekə- baş kimi də anlayın. Qafası qalınlar, yalnız həyatın qarından ibarət olduğunu düşünənlər...Oturduğu kreslonu “ata – dədə malı” hesab edənlər. Ama, küləklər əsməyində, dünya işində, müharibələr alovu, yanğın fəlakətlər – məhv edilən yaşıllıqlar və saya- hesaba gəlməyən , insanlardan qaçıb meşələrə sığınan heyvanlar...( yəni heyvanmı deyək onlara?)...və elə orada belə bu məsum varlıqların faciəvi məhvi. Doğurdanmı insan bu qədər caniyə- yırtıcıya çevrilib, axı nədən, nə məsələdir...Nəyin qisası alınır, meşə yanğınları törədənlər, bir- birini amansızlıqla qətlə yetirənlər, dolanışıq üstəmi bu, yoxsa cahil və avam- şiursuz qadınlı- kişili demədən para ehtirası- pul qazanmaq bəhsi- aludəçiliyi. Bəlkə qiyamət dedikləri elə bu, bəlkə elə sivilizasiyanın sonu bu?!. Yoxsa, yenidənmi qayıdır qul- quldarlıq zamanı. Bəs SPARTAK -lar hanı, bəlkə hətta zamanla yenidən Lenində doğula bilər? Unutmayaq ki, inqilabları dahilər yaradıb, yoxsa zaman- şəraitmi...Nədən ki, inqilab yaratmaq dahi- güclü adamlara məxsusdur. Və bir də mühit- şərait, əgər bunlar varsa, zalim- zülüm varsa, inqilablar mütləqdir. Elə bu yerdə necə Göyçənin iftixarı- Şah Beyti Dədə Ələsgəri anmadan keçinmək olmur: Zülümlə ucalan abad olmaz, Haqdan yanan çıraq bad ilə sönməz! Və Dədə hikmətinin folklor variantı, nələr demir bu hikmətlər bizə... Bir şəm ki, həqdən yana, əbədən sönməz! Digər variant, “Zülüm evi abad olmaz”...bütün bunlarla XVIII- əsrdə yaşamış Dədə Ələsgərin atası Şair Alməmmədi anmaq istər könül... Axır fikir eylə, qafil dolanma, Qəlbini şeytandan yad elə insan, Elə iş tut, aqibətdə utanma, Bacar könül yıxma, şad elə insan! Gəlmişlərdən, keçmişlərdən xəbardar olan, həyatımızın, axarımızın anlaşılmayan bir fəlsəfə olduğunu dərk edən bu şəxsiyyətin özünün də bir neçə şeir parçası ilə də tarixdə yaşamaq haqqı vardır, sözsüz Dədə Ələsgər kökü elə belə bir Ocaqdan pərvəriş tapmayıb, Dədə Qorquddan- Dədə Ələsgərə tuş olan hikmət bu: Alməmməd dünyada hələ bihuşdu, Bəniadəm dediyin vətənsiz quşdu, Səxasız dövlətin axırı puçdu, Ye malın, dəhanda dad elə İnsan! “Dünyanın atişləməz yolları” (bu deyim Ana Nənəm Məsmə xanımdan yadigar), yoxsa fəlsəfəsi, bunlar olmuş insanlığın acı taleyi, sonsuz zəhmət, zülümlü həyat, digər yandan isə insanların daim gözəl yaşamaq arzuları- bu yolda inadlı mübarizə... Və bizlərin həyat fəlsəfəsi, yoxsa, “Dəli bir Dərviş ömrü” yaşamaq – nə verəcək bizə. Tofiq Fikrət isə belə düşünürdü... Zülmün topu var, qülləsi var, qaləsi varsa da, Haqqın da bükülməz qolu, dönməz üzü vardır! Yəni, doğurdanmı sonda Günəş yenidən doğacaq... Göz yumma Günəşdən, nə qədər nuri qaralsa, Sönməz, əbədi hər gecənin bir gündüzü vardır! Bəlkə bunlar özü elə yenə də bir təsəllidir, çünki zaman yenə də əclafların əlində oyuncaq. Vaxtılə Böyük AtaTürkün mənəvi müıllimi Ziya GöyAlp yazırdı: Vətən nə Türkiyədir türklərə, nə də Türkistan, Vətən böyük və müəbbət bir ölkədir – Turan! Son zamanlar cərəyan edən hadisələr bir qədər qorxuncdur. Alovlanan dünya, amansız müharibələr, çəyirtkə kimi məhv edilən insanlar... özü də əsasən müsəlman dünyasında baş verir bu haqsızlıqlar. Çox istərdim, “bir dur “ deyən olsun. Bəlkə də Tanrı çox tezliklə deyəcək bu son sözü. Ətrafda bir “oyun” oynanılır, cəmiyyətdə, dörd bir tərəfdə məqsəd nədir, nəyə nail olmaq istənir?..Doğurdanmı bu acgözlər üçün önəmli olan pul- para İnsan və sağlamlıqdan önəmlidir?..Elə bir əcaib nəsil yetişib ki, Allahları belə yalnız pul- paradır. Əgər ruhlarda bir poetika yoxsa, nəğmə yoxsa, o ürəyi- könülü altınla, para ilə silib parıldada bilməzsən. Dünya bir yox olma təhlükəsi ilə üzbəüz. Kin- nifrət, acgözlük, təmənna- sonda nə demək bu. Çünki, Füzulisayağı İlahi eşqin mahiyyətini dərk və anlamaq – budur ruhun fəlsəfi anlamı. Çünki, zamanla insanın bir fərdə olan sevgisi İlahi Yaradana yönəlir, İlahi Yaradan isə onu sənə doğru Vətənə- milli kimliyə, milli hissiyata, ailənə yönəlt deyə yol göstərir. Bu İlahi Eşq yalnız bir qadına, yaxud digər cinsə olan sevgi deyil, bu sevginin adı “Bəşəriyyəti- yaşamı, dünyanı fəlakətdən qorumaq, yaşamaq və yaşatmaq olmalı”. İntiqamçı hisslərlə özlərini kreslolara pərçimləyib, digər bir milləti cahilliyyətlə silmək, öz şəxsi ambisiyaları üzrə bir ovuc nadanla ətrafına hasar çəkib dünyaya meydan oxumaq... “Bir Dəli Dərviş ömrü”- yaşamağa qoyurlarmı bizi...İlahi Eşq- bu Dədə Ələsgərdə Tanrı lütfü deyilmi? Hansı bir rakusdan- düşüncə prizmasından baxarıqsa, poetik dünya və poeziya həm özəlliyi, həm də gözəlliyi seçərək söz sərraflığı- bərraqlıq yaradır yaradıcı insan ruhunda. “Dəlilik”əslində insan ruhunun ən ali məqamda tənhalığı demək, bu ari- ali məqamında (Şəmsi Qoca),ayaq saxlayıb saflaşmaq- bilirsinizmi nə demək, Sizlər belə bu Ruhani İnsanı anlamaq iqtidarında belə deyilsiniz! Haşiyə: Günah nə zamandadır, nə dövlətdə, böyük qəbahət görməmişlərin qudurmasındadır. Ulularımız deyərdi ki, qudurmuş insan qudurmuş itdən pis olur. Hazırkı cəmiyyət isə ən böyük faciə görməmiş valideynlərin qudurğan balaları- dərd bu ! Belə dərd isə bir boşluğa yuvarladır insanlığı. Nə qədər özünə təsəlli versən də, özüm üçün yaşayıram, özüm üçün çiçək açıram desəndə, olmur bir yalnızlıq, bu yalnızlıq səni həqiqətən də, tənhalığa məhkum edir, yadıma çox sevdiyim Lermontov düşür, onun “Demon”u... Məndə Demonum tək bədbəxt və müztərib, Lakin Demon tək məğrur adamam, İnsanlar içərisində kimsəsiz və qərib, Yerə də, göyə də, elə bil ki, yadam! Və bu dahi XIX əsr Rusiyasının ən gözəl poetik numunələrini yaradan, “Zəmanəmizin qəhrəmanı” adlı gözəl nəsrin, bəlkə də şeiriyyətin, müəllifi idi. Dahi və gözəlliyin, elmin- maarifin milliyyəti olmur! Və yenidən Şəmsi müəllimə qayıdıram: “... göz yaşlarını içinə axıdıb toxtayır. Toxtayırmı? Əslində bu sözü özümə və müəllifə təsəlli üçün yazdım”. Vəssalam! Şəmsi müəllim, içimizdəki Mən,” Mən Məndə deyiləm, bir Mən vardır Məndə, Məndən içəri”(Yunis İmrə). Bu “Mən”i isə hətta özümüz belə görə bilmirik. Çünki, görə bilsəydik, ifadə edə bilsəydik belə ucadan hönkürməzdik. Nədən ki, cəmiyyət “eşq”anə şeirlərə aludədir. Hətta Ulu Mirzə Cəlil yazırdı: “Aşiqanə şeirlər müsəlman dünyasının xəstəliyidir”. Haşiyə: Orlean qızı Janna Dark ölkəsinin- Fransanın ingilis işğalından azad edilməsini istəyərək (XV əsrdə), mübarizəyə başlamış, nəhayət ingilis burqundların əli ilə də ingilislərə satılmışdır. Kilsə məhkəməsi onu tonqalda yanması ilə cəzalandırdı. Və bütün bunlar Janna olkəsinin Azadlığı naminə - Azadlıq eşqi ilə tonqala getmədilərmi?!. Hələ Janna kimi neçələrinin Azadlıq ruhu illərlə tonqallarda yandırılacaqdı. Hərdən insan özündən belə bezir, bəs nədən bu bezmələr, səni kimlər üzdü ? Bir qədər bizlərin nakam taleli M. Müşfiqə bənzətdiyim fransız yazıçısı F. Kafkanın xüsusi həsasslıqla qeyd etdiyi sətirlərdə sanki insan özünü tapır... “Məni üzəcək gücü sənə verdiyim üçün özümdən üzür dilərim”. Nədən ki, bəzi əysikliklər var ki, bunlar insana- sənə yol göstərir. Gec də olsa, çətin də olsa: Gedirəm, ürəyim ağrılarla dolu, əysim nə yaman tüstülü... Gedirəm, gedirəm... Baxtım- taxtım nisgilə bükülü, Yollarım duman- çən dolu... Gedirəm, başımı götürüb... gedirəm, Mənsiz qal, a dünya. ... Hara gedirsən, Sənin ki, Ocağın çaqqallar yuvasına döndərilib. Daha gedəsi yerin belə yox. Özündən küsəndə, özündən inciyəndə, dünyadan bezəndə belə, daha gedəcək yerin qalmadı. Vətən əbədilik alçaq erməniyə ərmağan edildi. Axı mən- biz, Tanrı deyildik İlahi, Məndən- Bizdən ilahilik istəyənlər, müxənnətlikdən, şərdən, qibtə- həsəddən, paxıllıqdan don geyinənlər! Zirvə deyil, ən uca zirvə olsa belə, yenə də İnsan olub amal- əqidə uğruna yaşamalı İnsan, yeni- yeni Zirvələrə doğru deməli. Əslində, bəlkə də, o Zirvələrin Zirvəsi fəth olunsa da, yenə də düşünməli, fəth et zirvələri öz fəlsəfi fikir və düşüncələrinlə, yeni reallıqlarla, fakt və sənədlərlə danış. Yeni baxışla, yeni forma və üslubla. Lakin, qoy yenə də yaradıcılığından, forma və üslubundan, yenə də musiqi, şeiriyyət, yağsın o gözəl yurdlar üçün. O Gözəllər Gözəli AlaGözlü Göyçə üçün. Deyəsən elə, Ulu və İlahi Göyçə üçün ilk simfoniya sənin əsərlərin oldu. Burada Xəstə Qasımın beytini xatırlayıram... Bir xudanın zikrini eylə, Bir Allahın şükrünü eylə, Qasım, getmək fikrini eylə, Gəlmək Allah əlindədir! Yazım elə bu yerdə dayanıb. Bu sonmu, xeyr bu son, Son deyil. Bu yeni başlanğıcların təməlidir. Yaşamaq hər hali ilə gözəldir, cənnətdə də olsa, lap elə cəhənnəmdə də olsa. Axı, sabahlar insan ümidləri çiçəklər açmalıdır. Açacaq da! Lakin, heç bir zaman gedən günlər gələn günlərə bənzəmədi. Həm özəldi, həm gözəldi. O özəlliyi və gözəlliyi yaradan isə bənzərsiz insanlardı.Kəpənək kimi uçub gedən və heç zaman dönməyəcək doğmalar.Gözəl və əfsanələrə bənzər bir gözəl ömür yaşadıq bizlər doğma yurdlarda. Lakin... yenə də nə etməli, “Xırda adamların böyük kölgələri” əmələ gələn zamanlardı zaman. Deməli, yenə də “Yağış Dəniz və Qayalıqlara yağır”. Budur həqiqət. Öylə isə bu həqiqət sufianə həqiqətmi, yoxsa şəriət, təriqət və mərifətin rənglənmiş min sifətli həqiqətimi. Nə etməli, həyatımız qırx qapılar arxasında dayanmaqla keçir ömrümüz. Lakin, açarlarımız bu qapılara düşmür ki, düşmür. Yarəb, bəlayi eşq ilə qıl aşina Məni, Bir dəm bəlayi eşqdən etmə cüda Məni... Bu elə bir zaman ki, bizlərin Bütöv Azərbaycana- Şimallı, Cənublu, Qərbli, Şərqli Azərbaycana sönsuz sevgimiz, o sevgi ki, əslində bəlayi eşqimiz olmayıbmı...Ulu Füzuli dühası zaman fövqündən daha Uca Dühadır. Füzuli tək fərd üçün deyil, İnsanın ruh psixologiyasının fəlsəfi yöndəmini açan əvəzsiz, bənzərsiz bir Dühadır! Kamil sevgi, kamil İnsan- onun İlahi Eşqini mərifət elmində kamil olanların dəli- divanələri elə Məcnunsayağı Füzuli Aşiqləri... Öylə sərməstəm ki... Bir Cünun sərməstliyi bu. Füzuli öz cünunluğu ilə mərifətsizləri, dayazları, cahiliyyəti rədd edir. O bir Övliya- Pir, sufi şairdir, İlahi Eşqin tərənnümçüsü, Öz eşqini ülviləşdirib cismanilikdən çıxaran düha həm də öz eşqinin əsiridir, sevdiyinin qulu köləsidir! Və bu deyimi xitab etmədən keçə bilmirəm...Ey Böyük Füzuli, Filosof, Səni öyrənən xoş- bəxtdir, dərk edən isə daha xoş- bəxtdir! Məcnun bir obraz kimi Füzuli üçün həm də “rindu- şeyda”dır, əslində daş- qalaq olunan Məcnun mahiyyət etibarı ilə zamanın- Ulu Füzulinin öz ruhudur. Orta əsr qədim əyyamların feodal- patriarxal köləliyinin , dini fanatizm pərdəsi ilə bürünən zamanların- cahilliyyət burulğanında üzən insanların qul- kölə psixologiyasının Füzuli dili ilə çatdırılan ah- naləsidir “Məni Candan Usandırdı”. İnsanlığın Füzuli Qəhrəmanlarının dili ilə çatdırılan faciəsidir bu mükəmməl yaradıcı dünya, bəşəridir- bəşəri sərvətdir, bənzərsizdir, təkrarsızdır, əvəzsizdir Füzuli adlı İncimiz və onun insanı yolundan saxlayaraq düşünməyə məcbur edən əsəri... Degildim Mən sənə mail, Sən etdin əqlimi zayil... Düşündükcə düşündüm, Nə istəyirdi Məcnun adlı Cünun, sadəcə Leyli ilə xoş bir həyat. O yerdə isə Qeys və Leylidən özgə kimsə olmamalıydı. Haşiyə: Bəşəriyyətin ən mükəmməl musiqi adlı xəzinəmizin incisi olan “Füzuli” kantatasını dinləyin. Üzeyr bəyin, C. Cahagirovun, Şövkət xanımın xanım- xatın səsində, Mayestro Niyazinin Səttar Bəhlulzadəyə bənzər ecazkar əllərinin hərəkətində qulaq asın Füzuli adlı Eşq əfsanəmizə. “Məni Candan Usandırdı”- “Şəbu- hicran Yanar Canım”! O zamanlar üçün bu yer axirət dünyası- əlac ölümə qalırdı. Və Leyli öldü... Qeys dəli adı ilə səhralara düşdü. İnsanlar isə, bəşəriyyət isə öz işində- gücündə, alverində, pul- parasında, alqı- satqısındadır. Min illər ötsə də insan xisləti- tinəti dəyişməyib. Nə üçünsə Ulu Nəsimini xatırlayıram... Gah çıxarım göyüzünə, seyredərim aləmi, Gah enərim Yerüzünə seyredər aləm məni *** Nəsimiyə sordular, yarın ilə xoşmusun, Xoş olayım, olmayalım, o yar benim, kimə nə! Yeri gəlmişkən, dil assimliyasiyasında dirənən ilk Türk Ozanı İ. Nəsimi olmuşdur. Və bu bizlərin Nəsimisi... həmən Nəsimi ki, böylə yazar... Səni bu hüsnü cəmal ilə görüb, qorxdular həqq deməyə, Dönüb də İnsan dedilər! Həqq demək üçün o həqiqətin çarçısı olmalı, daşıyıcısı olmalı. Pir- Övliya, Qeyb- Ərəni Miskin Abdal necə yazır... Haqq özü yatmayıb, Oyaqdır! Daşdan çıxan çörəyimiz, yoxsa, daşdan çıxan bəxtimiz. Bir hikmət xəzinəsi olan folklor nümunəsini xatırlayıram: “Sən ayaq qoyan yerə, Mən baş qoyaram”. Gözəldi deyilmi, əgər həqiqətsə. Nə etməli... hara dönsək yenə də İnsan və İnsanlıq. Nədən ki, İnsana naməlum olan məlum! Qoy məni mərd öysün, namərd öysün deyil- Dədə Ələsgər. Və bu beytdən sonra xatırladığım Ələsgərsevgili gözəl şairimiz Zəlimxan Yaqub beytlərini anmadan keçə bilmirəm... Qeyrət elə bir dəyər ki, nə canı var, nə də qanı, Önündə Çin səddi olsa belə, aşmağa qanadı var! Geri dön |