Ana Sayfa > Manşet / Siyasət > Üçtərəfli əməkdaşlıq modeli: fəal siyasi dialoq iqtisadi inteqrasiyanın dərinləşməsinə təkan verir

Üçtərəfli əməkdaşlıq modeli: fəal siyasi dialoq iqtisadi inteqrasiyanın dərinləşməsinə təkan verir


Bu gün, 11:48. Yazar: azer
Üçtərəfli əməkdaşlıq modeli: fəal siyasi dialoq iqtisadi inteqrasiyanın dərinləşməsinə təkan verir

Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistanın Avaza şəhərinə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərir, digər tərəfdən isə regional əməkdaşlıq baxımından strateji nəticələr doğurur. Son illərdə bu ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafı müşahidə olunur. Xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi körpülər dövlətlərarası münasibətlərin də möhkəm təməllər üzərində qurulmasına imkan yaradır.

İyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində həm Bakıda, həm də Qarabağ bölgəsində müxtəlif görüşlər keçirərək ölkəmizin sosial-iqtisadi və mədəni həyatındakı proseslərlə yaxından tanış olub. Bu səfərin gedişində iki dövlət arasında mövqelərin siyasi, iqtisadi və humanitar sahələrdə üst-üstə düşdüyü bir daha təsdiqlənib. Avaza şəhərində keçirilən son görüşlər çərçivəsində imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında razılaşma xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd təkcə şəhərlər arasında deyil, bütövlükdə xalqlar arasında möhkəmlənmiş dostluğun və qardaşlığın təzahürü kimi qiymətləndirilir. Bu razılaşma Azərbaycanla Türkmənistan arasında münasibətlərin gələcək inkişafına yeni impuls verən bir addım kimi dəyərləndirilir, həmçinin qarşılıqlı mədəniyyət mübadiləsini, iqtisadi əməkdaşlığı və sosial layihələrin icrasını stimullaşdıracaq. Həmçinin, belə bir təşəbbüs xalqlar arasında ümumi dəyərlərin qorunmasına, ortaq tarix və mədəni irsin təbliğ olunmasına xidmət edəcək. Bu cür layihələr təkcə rəsmi səviyyədə deyil, həm də cəmiyyətlər arasında təmasların möhkəmlənməsinə səbəb olur və gələcəkdə daha geniş əməkdaşlıq platformalarının yaranmasına zəmin hazırlayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.

Avaza şəhərində keçirilən yüksək səviyyəli üçtərəfli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni əməkdaşlıq formatının əsasını qoyub. Bu toplantı region üçün tarixi hadisə hesab olunur. Həmin format gələcəkdə həm siyasi əlaqələrin möhkəmlənməsinə, həm də iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək. Görüş zamanı nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sənayesi və mədəni əməkdaşlıq kimi sahələrdə konkret layihələrin hazırlanması barədə razılıq əldə edilib. Artıq müvafiq dövlət qurumlarına göstərişlər verilib ki, bu istiqamətlər üzrə təkliflər hazırlanaraq növbəti görüşdə təqdim olunsun. Sözügedən təşəbbüs ölkəmizin regional siyasətinin əsas prioritetlərini də özündə ehtiva edir. Azərbaycan həmişə regionda əməkdaşlıq və inteqrasiyanı təşviq edən dövlət kimi çıxış edib. Türkmənistan və Özbəkistanla birlikdə yaradılan bu format isə gələcəkdə Orta Asiya ilə Cənubi Qafqazı birləşdirən mühüm strateji platformaya çevrilə bilər. Beləliklə, üçtərəfli əməkdaşlıq təkcə tərəflərin maraqlarını deyil, eyni zamanda regionun geosiyasi çəkisini və beynəlxalq əhəmiyyətini də artırır.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən genişmiqyaslı quruculuq işləri qardaş ölkələrin dəstəyi ilə daha da sürətlənir. Türkmənistan bu istiqamətdə xüsusi təşəbbüs nümayiş etdirərək Füzuli şəhərində məscid inşa edəcək. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə reallaşacaq bu layihə ölkəmiz tərəfindən minnətdarlıqla qarşılanıb. Artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın gələcəkdə təməlqoyma mərasimi keçiriləcək. Bu addım həm türkmən xalqının, həm də onun liderlərinin Azərbaycana və azərbaycanlılara dərin qardaşlıq münasibətinin təcəssümü kimi qəbul edilir.

Özbəkistan da Qarabağın dirçəldilməsində fəal şəkildə iştirak edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndidə iri tikiş fabriki fəaliyyətə başlayıb. Bundan əlavə, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb inşa edilərək istifadəyə verilib. Bu təhsil ocağı Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsinə də xidmət edir. Beləliklə, türkdilli dövlətlərin Qarabağın bərpasına verdiyi töhfələr sözün əsl mənasında əməli qardaşlıq nümunəsidir. Həm Türkmənistanın, həm də Özbəkistanın təşəbbüsləri Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpasına, əhalinin normal yaşayışına qayıdışına və bölgənin sosial-iqtisadi inkişafına mühüm dəstəkdir. Dövlətimizin başçısı qeyd edib ki, bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır: “Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Hər üç ölkə arasında yeni mərhələdə qurulan münasibətlər ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq regional əməkdaşlığın genişmiqyaslı modelinə çevrilir. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi və mədəni-humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi regionun geostrateji əhəmiyyətini daha da artıracaq.

Avaza görüşü regional sülhə, tərəfdaşlığa və yeni inkişaf perspektivlərinə xidmət edən əməkdaşlığın təməlini qoyur. Türkdilli dövlətlərin birliyi xalqların rifahına, qarşılıqlı etimada və regional sabitliyin möhkəmlənməsinə böyük töhfə verəcək. Gələcəkdə isə bu əməkdaşlıq modelinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpüyə çevrilməsi tamamilə realdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Geri dön