Ana Sayfa > Manşet / Siyasət > Üçtərəfli əməkdaşlıq formatı: regional sabitlik və inkişaf amili
Üçtərəfli əməkdaşlıq formatı: regional sabitlik və inkişaf amiliBu gün, 11:26. Yazar: azer |
![]() Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri tarixi əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub, dövlət başçıları arasında görüşlərin təşkil olunması ümumilikdə regionda əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına zəmin yaradıb. Azərbaycanla Türkmənistan arasında münasibətlərin yüksək səviyyəsi liderlərin dostluğu və qarşılıqlı hörməti sayəsində daha da möhkəmlənib. Son aylarda baş tutan qarşılıqlı səfərlər münasibətlərin nə qədər səmərəli olduğunu bir təsdiq edir. Xüsusilə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Azərbaycana səfəri diqqətəlayiq olub. Bu səfər çərçivəsində həm Bakıda, həm də Qarabağ bölgəsində aparılan müzakirələr zamanı regional təhlükəsizlikdən tutmuş, iqtisadi və mədəni əməkdaşlığa qədər bir çox mühüm məsələlər geniş şəkildə nəzərdən keçirilib. Tərəflərin mövqelərinin üst-üstə düşməsi isə ölkələrarası strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Növbəti dəfə ifadə olunub ki, iki dövlət bütün məsələləri dostluq və qardaşlıq ruhunda həll edəcək, yaxın münasibətləri daha da genişləndirməklə yanaşı, çoxtərəfli əməkdaşlıqda da fəal şəkildə birgə hərəkət edəcəklər. Həmçinin səfər çərçivəsində Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli görüşü keçirilib. Bu görüşün təşkil olunması, ümumilikdə regionda əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına zəmin yaradıb. Avaza görüşünün ən mühüm nəticələrindən biri hər üç ölkə arasında üçtərəfli əməkdaşlıq formatının formalaşması olub. Türkmənbaşı şəhərində imzalanan sənədlər regional əməkdaşlığın yeni bir səhifəsinin açıldığını təsdiqləyib. Həmin faktor bir daha sübut edir ki, tərəflər təkcə siyasi bəyanatlarla kifayətlənmir, real iqtisadi və sosial layihələr vasitəsilə əməkdaşlığı möhkəmləndirməyi hədəfləyirlər. Bu, həm də üç ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin: “Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur”. Regionun coğrafi mövqeyi nəzərə alınanda, hər üç ölkə arasında bu əməkdaşlıq formatı xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizi üzərindən yeni nəqliyyat dəhlizlərinin açılması, Orta Dəhlizin daha səmərəli işləməsi, enerji resurslarının dünya bazarına çıxış imkanlarının şaxələndirilməsi həm üç ölkənin, həm də qonşu bölgələrin maraqlarına xidmət edir. Bu əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqaz üçün strateji birgəlik modeli rolunu oynaya bilər. Eyni zamanda, mədəni-humanitar sahədə əlaqələrin genişlənməsi xalqların daha da yaxınlaşmasına imkan yaradacaq. Türkmənistanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesinə verdiyi dəstək xüsusi diqqətəlayiqdir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi barədə qərar qəbul olunub və artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın vaxtlarda məscidin təməli qoyulacaq. Bu, sadəcə bir tikinti layihəsi deyil, qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Türkmənistan xalqının və onun liderlərinin bu jesti həm də dini və mədəni irsin qorunmasına, Qarabağın mənəvi həyatının dirçəlməsinə böyük töhfədir. Eyni zamanda, Özbəkistan da Qarabağ bölgəsində sosial və iqtisadi layihələrlə çıxış edir. Bununla yanaşı, Füzuli şəhərində dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası Azərbaycan-Özbəkistan dostluğunun əyani nümunəsidir. Artıq yüzlərlə qarabağlı gənc həmin məktəbdə təhsil alır, bu isə bölgənin gələcəyi üçün savadlı və bilikli gənc nəslin formalaşmasına xidmət edir. Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu bir-biri ilə sıx mədəni, tarixi və mənəvi əlaqələrlə birləşmişdir. Bu gün müstəqil dövlətlər həmin ənənələri qoruyub saxlayır və onları müasir dövrün çağırışları fonunda daha da gücləndirirlər. Liderlərin “sözdə yox, əməldə qardaşlıq” prinsipi bu əməkdaşlığın mahiyyətini dəqiq ifadə edir. Qarabağın bərpası istiqamətində atılan addımlar bu qardaşlığın konkret nümunələridir. Avaza şəhərində keçirilən yüksək səviyyəli görüşlər, şübhəsiz ki, regionun gələcəyi üçün strateji bir dönüş nöqtəsidir. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında formalaşan yeni əməkdaşlıq formatı həm iqtisadi, həm də siyasi, sosial və mədəni müstəvilərdə əlaqələrin dərinləşməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr isə bu qardaşlığın real həyatda təcəssümüdür. Nəticə etibarilə, üç ölkə arasında münasibətlərin inkişafı regional təhlükəsizliyin möhkəmlənməsinə, sabitliyin təmininə və tərəfdaşlığın daha da güclənməsinə yönəlmiş mühüm addım kimi dəyərləndirilə bilər. Bu əməkdaşlıq, həmçinin gələcəkdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun inkişaf xəritəsində yeni perspektivlərin açılmasına imkan yaradacaq. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |