Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin 21 avqust 2025-ci il Kəlbəcər səfəri: Tarixi qayıdışın simvolu və yeni başlanğıc
Prezident İlham Əliyevin 21 avqust 2025-ci il Kəlbəcər səfəri: Tarixi qayıdışın simvolu və yeni başlanğıcBu gün, 17:16. Yazar: azer |
![]() 21 avqust 2025-ci il Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan, yadda qalan günlərdən biridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər etmiş, burada ilk mənzillərin açarları sakinlərə təqdim olunmuş, infrastruktur layihələrinin təməli qoyulmuş və dövlət ilə xalqın birliyi simvolik şəkildə nümayiş etdirilmişdir. Prezident çıxışında vurğulamışdır ki, Kəlbəcər sakinləri bu gün doğma yurdlarına 32 illik həsrətdən sonra qayıdırlar. “Biz ədaləti bərpa etdik, öz haqqımızı geri aldıq və bu gün bizim üçün Kəlbəcərlə bağlı müqəddəs gündür,” - deyə dövlət başçısı qeyd etmişdir. Dövlət başçısı bildirib ki, səfər çərçivəsində Kəlbəcərdə ilk yaşayış kompleksinin açılışı həyata keçirilir. Gələcəkdə daha dörd yaşayış kompleksinin inşası planlaşdırılır və bu komplekslərdə 10 000-dən artıq insanın yaşaması nəzərdə tutulur. Eyni zamanda, elektrik, su, təbii qaz, yollar və mina təmizləmə kimi zəruri infrastruktur layihələri artıq icra olunub. Modul məktəbin cari tədris ilində fəaliyyətə başlaması planlaşdırılır, əsas məktəb binasının isə təməli qoyulub. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində şərəfli bir səhifə olduğunu xüsusi vurğulamışdır: “Biz bir yumruq kimi birləşərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdik.” Dövlət başçısı əlavə edib ki, 8 noyabr tarixi Kəlbəcər üçün də son dərəcə müqəddəs və simvolik gündür. O, həmçinin qeyd edib ki, 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri də 8 noyabr qədər şərəfli və tarixi hadisələrdir. Bu tədbirlər nəticəsində separatçı silahlı birləşmələr ləğv olunmuş, qondarma “respublika” kapitulyasiya aktına imza atmağa məcbur edilmişdir. Beləliklə, Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunmuşdur. Prezident bəyan etmişdir ki, Azərbaycanın təşəbbüsü ilə hazırlanmış və ilkin mərhələdə razılaşdırılmış sülh sazişi Ermənistan–Azərbaycan münaqişəsinin sona çatdırılmasını, eləcə də Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru bağlantının yaradılmasını nəzərdə tutur. Bu proses, eyni zamanda, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatdığını da göstərir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu böyük uğur Azərbaycanın milli birliyi və sarsılmaz qətiyyətinin təcəssümüdür. Dünya ictimaiyyəti artıq bu reallıqları qəbul edir, Ermənistan isə keçmişdəki yanlış siyasətinə görə peşmanlıq hissi keçirməyə məcbur olacaq. “Azərbaycan bu gün tam və mütləq Qələbə əldə edən yeganə xalqdır,” - deyə Prezident vurğulamışdır. Prezident İlham Əliyevin 21 avqust 2025-ci il tarixli Kəlbəcər səfəri təkcə bir rəsmi tədbir deyil, həm də Azərbaycanın Zəfər tarixinə əlavə olunan simvolik bir hadisədir. Bu səfər, bir tərəfdən qayıdışın reallığa çevrildiyini təsdiqləyirsə, digər tərəfdən Azərbaycanın gələcəyə doğru irəliləyən quruculuq yolunu nümayiş etdirir. Nərgiz Hüseynova YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Geri dön |