Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb

Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb


Bu gün, 12:30. Yazar: azer
Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb

Hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında birliyin daha da gücləndirilməsini tarixi zərurətə çevirib. Ötən illər ərzində baş verən proseslər bu istiqamətdə inamlı addımların atıldığını göstərir. Azərbaycan dövləti isə Türk dünyasının birliyinin güclənməsində aparıcı rol oynayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri də bu baxımdan böyük önəm kəsb edir.

Bu fikirləri mətbata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yeni səhifə açılıb. Ölkəmiz region, həmçinin türkdilli dövlətlərlə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Azərbaycanın son zamanlar əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır. Bu dövlətlə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, ölkəmizin Orta Dəhlizdə rolunu daha da gücləndirir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.

Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir.

Onun sözlərinə görə, Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub. Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna daşıyır.

Azərbaycan-Türkmənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Bu baxımdan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təxminən bir ay əvvəl Azərbaycana, o cümlədən Şuşaya səfəri ölkələrimizin dostluğunun rəmzinə çevrildi. Avqustun 22-də isə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə səfər edib. Səfərin zəngin proqramı, imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin geniş perspektivlərə malik olduğunu deməyə əsas verir. Bütün bunlar deməyə əsas verir ki, son dövrlərdə həm qarşılıqlı səfərlərdə, həm əlaqələrin inkişafında müşahidə olunan dinamika, iki ölkənin qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan əlaqələri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni istiqamətlərini müəyyənləşdirir.

Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən yüksəksəviyyəli görüş isə regional əməkdaşlığın yeni müstəviyə yüksəldiyini təsdiqləyir. Hər üç ölkəni bir araya gətirən əsas amil tarixi bağlarımız, eyni söykökə, dil və dinə, dəyərlərə sahib olmağımızdır. Bu amillər digər sferalarda daha tez anlaşmağımıza əsas verir. Bu fakt görüş zamanı liderlər tərəfindən də vurğulanıb.

Samir Vəliyev qeyd edib ki, yeni geosiyasi şəraitdə türk dövlətləri arasında enerji, nəqliyyat-logistika sahəsində böyük əməkdaşlıq imkanları yaranıb. Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi isə türk dövlətlərinin bu baxımdan dünya üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzərində yerləşən türk dövlətləri Avropa ilə Asiya arasında birləşdirici rol oynayır. Üçtərəfli yüksəksəviyyəli görüşdə də bu məqamlar xüsusi vurğulanıb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.

“Tərəflər arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və mədəni-humanitar əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Xüsusilə Xəzər dənizi üzərindən tranzit və yükdaşımaların artırılması, həmçinin yaşıl enerji və qaz resurslarının şaxələndirilməsi diqqət mərkəzində olub. Bu sənədlər Azərbaycan, Türkmənistan və Özbəkistanın həm regional güc balansında mövqeyini möhkəmləndirir, həm də onların qaz və nəqliyyat şəbəkələrini birləşdirərək Çinə və Avropaya çıxışını asanlaşdırır. Bütün bunlar isə türk dövlətlərini qlobal proseslərdə aparıcı mövqeyə yüksəldir”, - deyə deputat vurğulayıb.
Geri dön