Ana Sayfa > Manşet / Siyasət > Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir

Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir


Bu gün, 11:27. Yazar: azer
Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir

26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını ehtiva edən əlamətdar günlərdən biri kimi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu bölgələrin dirçəlişini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edir.

26 avqust Laçın şəhəri günü elan edilmişdir. Sözügedən tarix Laçının azad edilməsini, Azərbaycan xalqının sarsılmaz əzmini və milli qürurun təntənəsini bütün dünyaya nümayiş etdirir.

Vətən müharibəsində qazanılan şanlı Qələbənin ən mühüm nəticələrindən biri məhz Laçın rayonunun işğaldan azad edilməsi oldu. Tarixi Zəfərlə 30 illik ədalətsizlik aradan qaldırıldı.

Laçın hərbi-siyasi baxımdan strateji əhəmiyyətə malikdir. Rayonun işğaldan azad edilməsi regional sabitliyin bərpası və təhlükəsizliyin təmin olunması üçün vacib addım oldu. Həmin uğur Azərbaycan Silahlı Qüvvələrinin gücünü, peşəkarlığını və vətənpərvərliyini bir daha göstərdi.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış Üçtərəfli Bəyanat əsasında Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Şanlı ordumuzun qətiyyətli addımları və diplomatik təşəbbüslər nəticəsində 2022-ci il avqustun 26-da Laçın tam olaraq ölkəmizin tam nəzarətinə verildi, bununla həm hərbi, həm siyasi, həm də mənəvi cəhətdən tarixi ədalət bərpa olundu. Ardınca, 2023-cü il aprelin 23-də Laçın rayonunda, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi istifadəyə verildi. Dövlətimiz tərəfindən qurulan bu məntəqə yalnız sərhəd təhlükəsizliyini qorumaqla kifayətlənmədi, həm də regionda kommunikasiya təhlükəsizliyini möhkəmləndirdi. Bu hadisə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirərək sərhədlərimiz üzərində tam nəzarətin təmin olunmasının bariz nümunəsinə çevrildi.

Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində laçınlı ailələrin mərhələli şəkildə öz evlərinə qayıdışı həyata keçirilir. Artıq yüzlərlə ailə Laçında məskunlaşıb, təsərrüfat qurur və doğma torpağın həyatını canlandırır. Bu qayıdış yalnız sosial-iqtisadi hadisə deyil, həm də milli qürurun bərpası, itirilmiş dəyərlərin geri qaytarılması deməkdir.

Laçında aparılan quruculuq işləri şəhərin yeni simasını formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində bu məkan müasir şəhər infrastrukturuna sahib olur. Qısa zaman kəsiyində görülən genişmiqyaslı işlər dövlətimizin qüdrətini, xalqımızın iradəsini və gələcəyə olan böyük inamını göstərir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin inkişafına yeni təkan verdi. Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən bu hava limanı strateji əhəmiyyət daşıyır, həmçinin turizm və iqtisadiyyat baxımından Laçını beynəlxalq miqyasda tanıdır.

Laçının dirçəlişi ancaq infrastruktur və sosial layihələrlə məhdudlaşmır, bu şəhər artıq beynəlxalq mədəniyyət mərkəzinə çevrilməkdədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilmişdir. İyunun 3-də Laçın şəhərində keçirilmiş “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi gözəl diyarın təkcə Azərbaycan üçün deyil, həm də regionun mədəni həyatında mühüm rol oynayacağını təsdiqləyir. Bu status Laçının mədəni diplomatiya və beynəlxalq əməkdaşlıq baxımından ön plana çıxmasına imkan verir.

26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının gələcəyə olan inamının bariz nümunəsidir. Həmin gün 30 illik işğalın sonu, yenidənqurmanın başlanğıcıdır. Laçın hazırda müasirliklə tarixin qovuşduğu bir məkan kimi Azərbaycanın inkişaf və tərəqqi yolunda daha bir möhtəşəm uğurunun göstəricisinə çevrilir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön