Ana Sayfa > Manşet / Gündəm / Karusel / Siyasət / Özəl / Seçilənlər-9 > Dirçələn Laçın Müzəffər Liderin quruculuq missiyasının parlaq təcəssümüdür
Dirçələn Laçın Müzəffər Liderin quruculuq missiyasının parlaq təcəssümüdürBu gün, 09:53. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri 26 avqust – Laçın şəhəri günü yalnız bir tarix deyil, bu, bir xalqın dirçəlişinin, iradəsinin və əbədiyyətinin təntənəsidir. 1923-cü ildə Abdallar kəndindən Laçın şəhərinə çevrilən bu ərazi, 1930-cu ilin avqustunda inzibati vahid kimi Laçın rayonunun mərkəzi oldu. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən Ermənistanla həmsərhəd olan bu diyar 125 kəndi, 1 şəhəri və 1 qəsəbəsi ilə zəngin tarix və təbiət mirasına malikdir. 72 min hektar yaylaq, 34 min hektar meşə ilə əhatələnmiş Laçın, həm də strateji əhəmiyyətə malikdir. Lakin bu strateji rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, sakinləri etnik təmizləməyə məruz qaldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü, rayonun infrastrukturu talan edildi. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Ermənistanın işğalçı qüvvələri Cenevrə Konvensiyalarının tələb etdiyi bütün insani öhdəlikləri ayaq altına alaraq, Laçın torpağını talan və təxribat məkanına çevirdi. Rayonun qədim coğrafi adlarını dəyişdirdilər, təbii sərvətini taladılar və onu şəxsi qazanc vasitəsinə çevirdilər. Ən acı tərəfi isə odur ki, Suriyadan gətirilmiş erməni əsilli qaçqınları məqsədyönlü şəkildə Laçında yerləşdirərək, burada insanların tarixi və demoqrafik irsini sarsıdan süni bir tərkib yaratdılar – Laçının hər daşı, hər qarış torpağı yad əllərlə formalaşdırılmış qondarma bir xəyalın qurbanı oldu. Lakin tarix ədaləti bərpa etdi. 2020-ci il Vətən müharibəsində qazandığımız qələbə nəticəsində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçın günü də Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis edildi, xalqımızın iradəsini, dirçəlişini və zəfər ruhunu əbədiləşdirən bir rəmz olaraq tarixə yazıldı. Bu qələbəyə görə 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması və strateji hədəflərin dəqiqliklə icrası Azərbaycanı yalnız coğrafi olaraq deyil, həm də tarixi ədalət baxımından gücləndirmiş oldu. ![]() Cənab Prezident İlham Əliyevin öz sözləri ilə desək: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.” Bu fikir Laçının azad olunmasından sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin fəlsəfəsini, eyni zamanda xalqın vətən sevgisinin və dövlətimizin, onun rəhbərinin iradəsinin təcəssümüdür. İşğaldan azad olunmuş Laçın artıq yeni inkişaf dövrünə qədəm qoyub. 65,5 MVt ümumi gücü və 194 milyon kilovat-saat illik enerji istehsal potensialı olan su elektrik stansiyaları, Həkəri çayının qollarında bərpa edilən stansiyalar, Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın avtomobil yolu – bütün bunlar bölgənin enerji və nəqliyyat infrastrukturunu müasir səviyyəyə qaldırır, həm sakinlərin, həm də gələcək nəsillərin rifahını təmin edir. Laçında inşa edilən hava limanı təkcə infrastruktur layihəsi deyil, eyni zamanda bölgənin beynəlxalq statusunun yüksəlməsinin simvoludur. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir və dəniz səviyyəsindən 1700 metr yüksəklikdə, Qorçu kəndinin təmiz havası və əzəmətli dağ silsilələrinin fonunda yerləşir. Ümumi sahəsi 130 hektardan artıq olan bu aeroport Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla, istənilən tip hava gəmisinin qəbuluna imkan verən 3 min metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağına malikdir. Beş min kvadratmetrlik terminal binası isə saatda 200 sərnişinə xidmət göstərə bilər. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometr məsafədə yerləşən bu hava limanı, strateji əhəmiyyət daşımaqla yanaşı, gələcəkdə regionun turizm və iqtisadi potensialını çiçəkləndirəcək, azad edilmiş torpaqlarda canlanan möcüzə kimi yüksələcəkdir. Şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və tikinti işləri, fərdi evlər, çoxmənzilli binalar, məktəblər, bağçalar, işgüzar və mədəni mərkəzlər, “Laçın” İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, sənaye müəssisələri – bunların hamısı Laçının müasir simasını formalaşdırır. Eyni zamanda, aqro-sənaye parkları, heyvandarlıq, arıçılıq və balıqçılıq təsərrüfatları, yerli sənaye müəssisələri sakinlərin məşğulluğunu və regionun iqtisadi inkişafını təmin edir. Zabux, Sus və Bəylik kəndləri üçün yaradılmış infrastruktur, sosial obyektlər, yaşıl enerji ilə təmin olunan evlər və ictimai mərkəzlər, doğma ocağa qayıdan ailələr üçün tam şərait yaradır. Laçınlılar 31 il sonra öz doğma evlərinə qayıtdılar. Zabux, Sus və Bəylik kəndlərində müasir evlər, sosial obyektlər, məktəblər, bağçalar və yaşıl enerji infrastrukturu ilə təmin edilən məskunlaşma davam edir. Heyvandarlıq, arıçılıq, balıqçılıq və “Laçın Aqro-Sənaye Parkı” kimi layihələr iqtisadi inkişafın möhkəm təməlini qoyur. Müasir ayaqqabı, tikiş və mebel fabrikləri ilə iş imkanları artırılır, yerli əhali və gənclər üçün yeni perspektivlər açılır. ![]() Prezident İlham Əliyevin rəhbərliyi altında Laçının turizm və mədəniyyət potensialı da diqqət mərkəzindədir. 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilən Laçın, gələcəkdə bölgənin həm iqtisadi, həm də mədəni inkişafının simvoluna çevriləcək. Dövlət başçısının şəhərə səfərləri, açılış mərasimləri, sakinlərlə görüşləri, strateji layihələrin yerində izlənməsi Laçının yüksəlişinin təməlini möhkəmləndirir. Və biz inanırıq: Laçının işığı heç vaxt sönməyəcək, Azərbaycanın yüksəlişi isə əbədidir! Prezident İlham Əliyevin uzaqgörən strategiyası, milli maraqlara sarsılmaz bağlılığı və dövlətçilik iradəsi ilə Laçın, yalnız bir şəhər deyil, bir xalqın qəlbində əbədiləşmiş zəfər simvoludur. Bu gün biz sadəcə bir şəhərin dirçəlişinə şahidlik etmirik – millətimizin zəfərinin, iradəsinin və əbədiyyətinin təntənəsinə şahidlik edirik! Qarabağın ürəyi döyünür, Laçın gələcəyin işıqlı simvoluna çevrilir – Azərbaycan isə əbədi zəfərin və parlaq gələcəyin yolunu tutur! Geri dön |