Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Laçın şəhərinin beynəlxalq statusu getdikcə yüksəlir”
Adəm İsmayıl Bakuvi: “Laçın şəhərinin beynəlxalq statusu getdikcə yüksəlir”Bu gün, 09:42. Yazar: azer |
![]() “Bu gün Cənubi Qafqazın yeganə lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi rayon və bölgələrində həyatı sürətlə canlandırır. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərə ən yüksək səviyyədə ciddi nəzarətin olduğunu göstərir. O cümlədən möhtərəm dövlət başçımız işğaldan azad olunmuş Laçın rayonuna 2021-ci ilin fevral ayından bu günə qədər artıq səkkiz dəfə səfər etmişdir ki, bu səfərlərin də hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri və açılışları ilə əlamətdar olmuşdur. Həmçinin cari ilin may ayının 27-28-də Laçına səfəri çərçivəsində cənab Prezident İlham Əliyev burada bir sıra müəssisə və obyektlərin açılışında iştirak edib. Əlbəttə ki, bu açılışların sırasında Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi xüsusilə qeyd olunmalıdır. Məsələ bundadır ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində cənab Prezident İlham Əliyevlə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. Eyni zamanda da Laçın şəhəri artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi əldə etməyə başlayır. Buna bariz nümunə olaraq Laçında may ayında keçirilmiş Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşünü göstərmək olar. May ayının 28-də, Azərbaycanın Müstəqillik Günü ilə bağlı Laçında keçirilən tədbirdə etdiyi çıxışında cənab Prezident İlham Əliyev üç qardaş ölkənin birliyinin sarsılmazlığını vurğulayaraq demişdir: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.” Dövlət başçımızın dediyi kimi, Azərbaycanın Müstəqillik Günündə bu ölkə liderlərinin Laçın şəhərində olmaları böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı məhz Türkiyə və Pakistan dəstəkləmişdir.” Bu sözləri ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi 26 avqust – Laçın şəhəri günü münasibətilə aia.az-a verdiyi açıqlamasında deyib. Fikirlərini davam etdirən partiya sədri daha sonra Laçın rayonunun 1992-ci ildə işğalının xalqımız üçün böyük faciə olduğunu vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyevin 2023-cü il avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında demişdir: “Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakətə çevrildi. Çünki bu işğaldan sonra o dövrdə hələ mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın sonrakı ərazi itkilərinin başlanğıcı da məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu.” Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. 2023-cü ilin 23 aprel tarixində isə Azərbaycan Prezidenti bir daha siyasi iradə nümayiş etdirərək Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması barədə göstəriş verdi. Bununla da ölkənin ərazi bütövlüyünün tam bərpası həyata keçirildi.” Sonda politoloq işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis olunmasının əhəmiyyətindən bəhs edib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Əlbəttə ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Həmçinin bu məqsədlə atılan mühüm addımlardan biri də Laçın rayonunun işğaldan azad olunmasında xüsusi fərqlənmiş hərbiçilərimizin təltif olunması ilə bağlıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar Azərbaycanın qalib ölkə olaraq öz ərazilərinin toxunulmazlığını və təhlükəsizliyini bundan sonra da yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |