Ana Sayfa > Manşet / Siyasət > Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib


Bu gün, 15:06. Yazar: azer
Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib

Vaşinqtonda imzalanan sənəd Azərbaycanın qələbəsinin dünya tərəfindən tanınmasıdır

Sülh danışıqlarında Azərbaycanın həlledici mövqeyi bir daha təsdiqlənib. Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə bildirib ki, imzalanması gözlənilən sənədin müəllifi məhz Azərbaycan tərəfidir və bütün bəndlərin hazırlanmasında rəsmi Bakının mövqeyi əsas götürülüb. Dövlət başçısının sözlərinə görə, sazişin paraflanması artıq iki ölkə arasındakı münaqişənin faktiki olaraq başa çatması deməkdir: "Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi".
Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan normallaşma prosesi demək olar, yekunlaşıb və bu prosesdə əldə edilən sənədlər Azərbaycanın milli maraqlarını tam şəkildə təmin edir: "Ölkəmiz qarşısına qoyduğu strateji hədəflərə nail olub. Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır". Siyasi müşahidəçilərin fikrincə, Prezidentin bu bəyanatı sülh prosesinin artıq praktiki olaraq son mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan tərəfi həm diplomatik müstəvidə, həm də reallıqda öz mövqeyini təsdiqləməklə bölgədə yeni geosiyasi nizamın formalaşmasına nail olub.

Millət vəkili Azər Badamov mətbuata açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşdə sülh prosesindən danışaraq dünyanın 1 nömrəli ofisində sənədlərin imzalandığını xatırlatması bu prosesin dönüşünün olmadığı haqqında verilən mesajdır. Deputat vurğulayıb ki, bu sənəd ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanıb:

"Bu, Azərbaycanın qələbəsinin, yaratdığı yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsi deməkdir. Çünki qələbəmizi, torpaqlarımızda tam suverənliyimizi qəbul etmək istəməyən, həzm edə bilməyən və ölkəmizə qarşı qərəz nümayiş etdirən dairələr qalmaqda idi. Amma sənədlərin Vaşinqtonda imzalanması yaratdığımız yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsi oldu. Bu həm də sülhün davamlı olması üçün bir məsuliyyətdir. Paraflanmış sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib. O cümlədən, adı "Tramp marşurutu" olsa da, açılışı təsdiq olunmuş Zəngəzur dəhlizini gündəliyə gətirən də Azərbaycandır".

Parlamentari əlavə edib ki, Azərbaycan regiona davamlı sülhün və əməkdaşlığın gəlməsini dəstəkləyir:

"Amma bununla yanaşı ermənilərin bizə qarşı törətdiyi işğal siyasətini, soyqırımlarını, ərazilərimizi viran qoymasını unutmaq mümkün olmayacaq. Düzdür, biz gələcəkdə Ermənistanla qonşuluq münasibətlərində yaşayacağıq. Amma Ermənistanın bizə yaşatdığı acı tarix də unudulmayacaq və gələcək nəsillərə ötürüləcək. Dövlət başçımızın sülh prosesi ilə bağlı danışanda səsləndirdiyi fikirlər gələcək nəsillərin qarşısına qoyduğu həm də vəzifələrdir. Çünki gələcək nəsillərimiz başımıza gətirilən faciələr və düşmənimizin kim olduğunu bilmək üçün o tarixi unutmamalıyıq".
Geri dön