Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov : "Kəlbəcərin Böyük Qayıdışı və Prezident İlham Əliyevin tarixi səfəri"
Eltun Süleymanov : "Kəlbəcərin Böyük Qayıdışı və Prezident İlham Əliyevin tarixi səfəri"Bu gün, 10:18. Yazar: azer |
![]() Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin Zəfəri bu gün də xalqımızın həyatına yeni nəfəs, dövlətimizin yoluna yeni güc gətirir. Azad olunan hər qarış torpaq artıq quruculuğun, rifahın və milli qürurun ünvanına çevrilir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə son səfəri və yeni mənzillərin sakinlərə təqdim olunması isə bu həqiqətin ən təsirli təcəssümü oldu. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir. Təbiəti, sərvətləri, strateji mövqeyi ilə seçilən bu yurd uzun illər erməni işğalı altında viran qoyuldu. Dağıdılmış kəndlər, yandırılmış evlər, talan edilmiş təbiət – bunlar ermənilərin arxada qoyduğu izlərdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. Cənab Prezident İlham Əliyev səfər zamanı bu mənzərəni xatırladaraq dedi: “Ermənilər bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər. Burada bir dənə də salamat bina qalmamışdı. Məqsəd o idi ki, azərbaycanlılar heç vaxt geri qayıtmasınlar.” Ancaq Azərbaycan xalqı düşmənin bu planını darmadağın etdi və haqq olanı öz gücü ilə bərpa etdi. Dövlət başçısının çıxışında beynəlxalq vasitəçilərin, xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dair kəskin mövqeyi də diqqət çəkdi. On illərlə aparılan danışıqlar nəticəsiz qalaraq işğalın möhkəmləndirilməsinə xidmət edirdi. Cənab Prezident qətiyyətlə bildirdi: “Onların məqsədi işğalı əbədi etmək idi. Ancaq Azərbaycan xalqı buna imkan vermədi. Biz öz torpağımızı öz gücümüzlə azad etdik, heç kim bizə kömək etmədi.” Bu sözlər həm də Azərbaycanın öz taleyini özü həll etdiyini, suveren iradəsinin heç bir qüvvə tərəfindən sındırıla bilmədiyini nümayiş etdirir. Kəlbəcər səfəri zamanı Prezident İlham Əliyev Azərbaycanın hərbi qüdrətini də xüsusi vurğuladı. Ordumuzun müasir texnologiyalar və ən yeni nəsil silahlarla təchiz olunması Qələbənin əsas səbəblərindən idi: “Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib və bu, Zəfərimizin əsas amillərindən biridir.” Bu fakt bir daha göstərir ki, güclü dövlət və güclü ordu milli təhlükəsizliyin, müstəqilliyin və qələbənin əsas sütunlarıdır. Səfərin ən duyğulu anlarından biri yeni mənzillərin istifadəyə verilməsi oldu. Uzun illər həsrət çəkən sakinlər doğma yurdlarına qayıdaraq evlərinin açarlarını aldılar. Bu həm də dövlətin və xalqın birliyinin simvoludur. Cəna Prezidentin sözləri bu hissləri ifadə etdi: “Bizim əsas amalımız budur ki, hər bir azərbaycanlı öz doğma torpağında xoşbəxt yaşasın.” Bu gün Kəlbəcərdə yollar çəkilir, elektrik stansiyaları tikilir, kəndlər yenidən salınır, təbiət və təsərrüfat dirçəlir. Cənab Prezident İlham Əliyev əminliklə bildirdi: “Kəlbəcər rayonunun təbii imkanları Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Bu torpaqlar yenidən çiçəklənəcək.” Kəlbəcər səfəri təkcə bir bölgənin yenidənqurma mərhələsinə başlanğıc deyil, həm də Azərbaycanın suverenlik yolunun rəmzidir. Burada həm işğalın acı izləri, həm də qələbənin şanlı nəticələri bir yerdə görünür. Cənab Prezident İlham Əliyevin çıxışı həm də xalqımıza, dünya ictimaiyyətinə bir mesaj idi: Azərbaycanın azadlığı əbədidir, bu torpaqlarda yalnız sülh, inkişaf və rifah hökm sürəcək. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər. Sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər. Müsahibimiz onu da əlavə edib ki, bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək. Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır. Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |