Ana Sayfa > Gündəm / Karusel > YAP-dan müxalif gənclərə çağırış: "Düz yola qayıdın!"

YAP-dan müxalif gənclərə çağırış: "Düz yola qayıdın!"


16-02-2017, 15:33. Yazar: admin
YAP-dan müxalif gənclərə çağırış: "Düz yola qayıdın!"

Radikal gənclərdən ibarət NİDA hərəkatı son günlərini yaşayır. Onsuz da 2013-cü il prezident seçkilərindən sonra paramparça olan NİDA-nın barmaqla sayılacaq qədər üzvü qalıb. Yerdə qalan gənclər uçurumun kənarında olduqlarını görüb NİDA-nı tərk edirlər. Keçmiş NİDA-çı Rəşad Həsənovun agent söhbətini ortaya atmasından sonra radikal gənclər arasında fikirayrılığı yaranıb, başlayıblar bir-birilərin qırmağa...

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov hesab edir ki, NİDA-nın parçalanması təşkilatın vahid ideologiyasının olmamasından qaynaqlanır: “Biz NİDA hərəkatının ideologiyasının, yolunun, sosial bazasının olmadığından onların heç bir nəticə əldə edə bilməyəcəklərini, qabaqcadan bilirdik. Zaman göstərir ki, bu təşkilatda olanları ideoloji baxımdan bir-birinə heç nə bağlamır. Bu səbəbdən öz aralarında didişmə, bir-birilərini şərləməklə məşğuldurlar. İstəyimiz budur ki, doğru yola qayıtsınlar, dövlətini, xalqını sevən gənclər olsunlar. NİDA təşkilatında agentlərin olması barədə bir söz deyə bilmərəm. Bunlar hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir.

Hesab edirəm ki, belə hərəkətlər təşkilatın fəaliyyətsizliyini pərdələməyə yönəlmiş də ola bilər. Onlar heç bir fəaliyyətləri ilə nəzərə çarpmırdılar. Sadəcə, var olduqlarını göstərmək üçün belə yola əl ata bilərlər. Çox güman ki, bunlara haradansa ayrılan maliyyəyə görə belə hərəkətləri etmək tapşırılıb”.

S.Orucov qeyd edib ki, hər bir Azərbaycan gənci siyasi baxışlarından asılı olmayaraq xalqını, dövlətini sevməlidir: “Biz heç bir gənci itirmək istəmirik. Sadəcə olaraq, əvvəllər də dediyimiz kimi bu hərəkatlar sağlam deyil, onları müəyyən quruplar idarə edir. Zamanında özünü müxalifət adlandıranlar xalqı aldada biliblər. İndi isə xalq, hazırda 50-dən yuxarı yaşı olan bu adamlara inanmır. Məhz bu səbəbdən xarici qüvvələrin təsiri və maliyyəsi ilə onları tanımayan gəncləri öz siyasi maraqlarını və ya xarici qüvvələrin maraqlarını həyata keçirmək üçün hər cür qanunsuz yolla istifadə etməyə çalışırlar.

Bu təşkilatların heç bir sosial bazası yoxdur. Bunlar tamamilə kənardan idarə olunurlar. İdeologiyaları yoxdur ki, onun ətrafında cəmlənsinlər. Yeni Azərbaycan Partiyası ona görə güclü partiyadır ki, ideologiyası, siyasi xətti və lideri var və bunların ətrafında birləşib. Amma, bunlarda qeyd etdiyim faktorlar yoxdur. Onlar ölkədən kənar qüvvələrin, xaricdən maliyyələşib özlərini müxalif qüvvə hesab edələrin və bununla ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdləri göstərən qüvvələrin əlaltılarına çevrilib. Üzümü onlara tutub, doğru yola dönmələrini tövsiyyə edirəm. Doğrudur, bəziləri səhv yolda olduqlarını başa düşərək geri qayıdıb. Onlar Azərbaycanın övladlarıdır. Gedib qanunsuz işlərlə məşğul olub cəza almasınlar”.

AİA.az
Geri dön