Ana Sayfa > Özəl > Qalib Rəhimli təqdim edir: Gənc qələm sahibinin söz axtarışı
Qalib Rəhimli təqdim edir: Gənc qələm sahibinin söz axtarışıBu gün, 11:07. Yazar: azer |
![]() Gənc istedad, ümid dolu qələm sahibi – Pərvanə Quliyeva... 17 yaşında olmasına baxmayaraq, Pərvanə artıq ədəbiyyat dünyasında öz səsini duyurmağa başlayıb. Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxananın ən fəal üzvlərindən biri olan bu gənc qız günlərini kitablarla, düşüncələrlə, sözün sehrinə sığınmaqla keçirir. Onun qələmindən süzülən “Qaranlığın bünövrəsi...” adlı esse, sadəcə bir yazı deyil – insan ruhunun dərinliklərinə enən, bəşər tarixinin ən qədim sirlərinə işıq tutan sarsıdıcı bir fəlsəfi sözdür. Burada Qabil və Habil hekayəsi yeni bir baxışla canlanır, oxucuya əbədi bir sual ünvanlanır: “İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi?” Bu yazı sadəcə bir düşüncə məhsulu deyil, həm də gənc bir yaradıcının cəsarətli addımıdır. Oxucunu düşündürür, sarsıdır, qaranlıqdan işığa yol axtarmağa çağırır. Pərvanə Quliyevanın qələmi sübut edir ki, sözə inanan gənclər var və onların nəfəsi ədəbiyyatımızın gələcəyinə yeni ümidlər gətirir. Həmin esseni təqdim edirik. ![]() Qaranlığın bünövrəsi... Bir günah işləndi… Bütün bəşəriyyət bundan nəsibini aldı. Geriyə yalnız qaranlıq qaldı – bəlkə də cəhənnəm. Bəziləri geridə qaldı, hər zamankı kimi. Digərləri arxasına baxmadan qaçdı – yenə də hər zamankı kimi. Birini öldürərək həyatdan qopardılar, digəri isə qaçaraq ruhunu şeytana təslim etdi. Dünya, geridə qalanların və qaçanların cəhənnəminə çevrildi. İnsanlar bir sual qarşısında qaldı: Şeytan olacaqlarmı, yoxsa yenə susaraq hər şeyə gözmü yumacaqlar? Ruhunu iblisə satmış hər kəs başqalarına cənnətdən bəhs etsə də, reallıq tamamilə fərqli idi. Reallıq bəzən bir bıçaq olub insanı kəsirdi, bəzən də bütöv bir cəmiyyətin ölüm səbəbinə çevrilirdi. Dünya həqiqətə ağladı, insanlar isə yaşananlara güldü. Bir cinayət işləndi… Qabil Habili öldürdü. Bu, sadəcə bir qardaşın qardaşına qıyması deyildi. Bütün aləm buna səssiz qaldı. İblislər insanların itaətkar varlıq olmadığını gördülər və hakimiyyətlərini onların üzərində qurmağa davam etdilər. Əsrlərdir ki, bu belədir və görünür, hələ də bitmir. Qabilin Habili öldürməsi ilə qısqanclıq doğruluğu, ədaləti məhv etdi. Bəlkə də, bütün pisliklərin bünövrəsi o an qoyuldu. Həyat, əslində, iradəsi zəif olanların imtahan meydanıdır. Hüseyn Cavid “İblis” əsərində çox gözəl qeyd etmişdi: -İblis nədir? -Cümlə xəyanətlərə bais… -Bəs hər kəsə xain olan insan nədir? -İblis! Bəli, iblis yalnız bir mifoloji varlıq deyil. O, insanın içində gizlənən, hər zəif anında qələbə çalmaq istəyən bir qüvvədir. Tarixin əvvəlində qoyulan bu qaranlıq bünövrə əsrlər boyu dəyişmədən davam edir. Qabilin cinayətindən bu günümüzə qədər insanlıq gah sükutla, gah da biganəliklə iblisin hökmranlığını gücləndirib. Və sual hələ də açıqdır: İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi, yoxsa hər dəfə yeni bir Qabil doğulacaq?.. Pərvanə Quliyeva, Sumqayıt şəhəri, Səməd Vurğun adına Mərkəzi Kitabxananın fəal üzvü. Geri dön |