Ana Sayfa > Təhsil / Aia TV > Bakı kəndlərində qızları məktəbə getməyə qoymurlar

Bakı kəndlərində qızları məktəbə getməyə qoymurlar


16-02-2017, 14:42. Yazar: admin
Bakı kəndlərində qızları məktəbə getməyə qoymurlar

“Bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya o qədər də asan olmur”.

AzVision.az xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir: “Biz məktəbdə problemlə qarşılan uşaqlara kimin kömək edəcəyini düşünməliyik. Bakı şəhərində İdarəmizin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilək, səviyyəsi müəyyənləşib. Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.

M.Vəlieyeva təəssüflə qeyd edib ki, psixoloqların çoxu məktəbdə çalışmaq istəmir: “Bunun səbəbi əmək haqqının kiçik olmasıdır. Təxminən 180 manat əmək haqqının müqabilində 2 minə yaxın şagirdi olan məktəbdə 1 psixoloq fəaliyyət göstərir. Ailədaxili problemlərin artıdğını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu görürük. Bu baxımdan atalar maarifləndirilməlidir”.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri qeyd edib ki, ailədaxili problemlər uşaqların təhsilə davamiyyətinə də təsir edir: “Bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır. Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu, eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq”.

M.Vəlieyeva vurğulayıb ki, Bakı ətrafı qəsəbələrdə yaşayanlar 6-7 sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar: “Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlər genişləndirililməlidir. Bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir”.


AİA.az
Geri dön