Ana Sayfa > Gündəm / Karusel > 12 yaşa qədər uşaqlar haqda yol polisindən qərar

12 yaşa qədər uşaqlar haqda yol polisindən qərar


16-02-2017, 13:54. Yazar: admin
12 yaşa qədər uşaqlar haqda yol polisindən qərar

"Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub".

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlayıb.

V.Əsədov bildirib ki, bu səbəbdən Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsinə yol polisi əməkdaşları tərəfindən diqqət artırılıb və qaydanı pozan şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atılacaq: "Sürücülər görüntü naminə və ya cərimə olunmamaq üçün yox, düzgün qaydada kəməri bağlasınlar. Bəzən qış aylarında qalın geyim geyinirlər, üstündən də kəməri bağlayırlar. Bu zaman kəmər düzgün bağlanmır və təhlükəsizlik yastığı varsa, bu da ayrıca bir fəsad verə bilər. Düzgün bağlamaq o deməkdir ki, kəmər çiyinlə boyun arasındakı boşluqda olmalıdır. Kəmər vətəndaşı avtomobilin banına bərkidməlidir ki, maşın bir neçə dəfə aşsa da, həmin şəxs ağır xəsarət almasın.

Sürücülərə müraciət edərək bildiririk ki, təhlükəsizlik kəmərlərindən istifadə etmək ilk növbədə yol mədəniyyəti, Yol hərəkəti haqda qanuna hörmət əlamətidir. Ən nəhayət, baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin həyat və sağlamlığının 65-70 faiz, bəlkə də daha çox qorunması deməkdir. Yol hərəkəti haqda qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bunu görüntü üçün yox, düzgün formada etməlidirlər.

Kəmərdən istifadə etmək insan orqanizminə də müsbət təsir göstərir. Bu gündən etibarən sürücülər bilsin ki, təhlükəsizlik kəmərindən istifadə edilməzsə, onlar saxlanılacaq və protokol tərtib olunacaq. Həm də sərnişinlərdən təhlükəsizlik kəmərindən istifadə etməyi tələb etsinlər. Əks halda, sərnişinə görə də onların avtomobili saxlanılacaq və cərimə tərtib olunacaq. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə onların özünün 30 manat cərimə edilməsi nəzərdə tutulur".

Polkovnik V.Əsədov qeyd edib ki, ən vacib məsələlərdən biri, hərəkətdə olan avtomobillərin içərində nəzarətsiz formada hərəkət edən uşaqların olması, azyaşlı uşaqların öndə, arxada ortada oturmasıdır: "Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər".

V.Əsədov deyib ki, qeyd olunan hallarla bağlı xüsusi reyd keçirilməyəcək: "Yol polisi əməkdaşları şəhərin bütün nöqtələrində bu cür qayda pozuntusu ilə rastlaşarlarsa, sürücünü saxlayıb cərimə tərtiq edəcəklər. Bəzən sürücülər deyirlər ki, heç nə etməmişdim, yol polisi məni saxladı. Əgər onlar yol polisi əməkdaşları tərəfindən saxlanılmalarını istəmirlərsə, təhlükəsizlik kəmərindın və xüsusi oturacaqlardan istifadə etsinlər.

Bu gün yeni istehsal olunan maşınlarda kəmərdən istifadə etmədikdə yol boyu xəbərdarlıq siqnalı verilir. Eyni zamanda, Yaponiyada 2016-2017-ci il istehsalı olan bəzi avtomobillərdə kəmər bağlanmadığı təqdirdə maşın işə düşmür. Həmin maşınlarda güzgünün üstündə kəmər olur, maşını işə salan kimi kəmər avtomatik sürücünün çiyni üzərindən hərəkət edərək bağlanır. Bu faktın özü təhlükəsizlik kəmərindən istifadənin nə qədər vacib olduğunu ortaya çıxarır".

İdarə sözçüsü bildirib ki, fevralın 15-də gün ərzində Bakı şəhərində keçirilən tədbir zamanı 760 sürücüyə, 31 sərnişinə təhlükəsizlik kəmərindən istifadə etməməyə görə protokol tərtib olunub: "Eyni zamanda, azyaşlı uşaqların daşınması zamanı xüsusi oturacaqdan istifadə etməyən 16 sürücü cərimələnib. Onlardan biri hətta şikayət də edib. Özü etiraf edir ki, azyaşlı uşağı ön oturacaqda oturdub və kəmər də bağlayıb. Amma təkcə kəmər bağlamaq düzgün deyil, xüsusi oturacaq olmalıdır ki, sürücünün diqqəti uşaqda qalmasın. Məsələn, uşaq öndə oturarkən əyləcə basanda istər-istəməz sağ əlini uşağın qabağına tutursan ki, harasa dəyib əzilməsin. Bu da sürücünün diqqətini yayındırır".

Vaqif Əsədov yayıla biləcək şayiələrin qarşısını almaq üçün öncədən məsələnin mahiyyətini açıqlayıb: "Çox güman ki, bu yazını oxuyanlar elə hiss edəcək ki, yenə şəhərə kimsə xüsusi oturacaqlar gətirib satmaq istəyir. Xeyr, elə deyil, həmin oturacaqlar artıq şəhərdə var. Biz sadəcə qanunun tələbinin yerinə yetirilməsini xahiş edirik. Güzəştə getmədən yol qəza hadisələrinin sayının azaldılması və xəsartlərin yüngülləşdirilməsi üçün funksional vəzifəmizi yerinə yetiririk. Bununla bağlı da rəhbərliyimiz qarşısında hesabat veririk.

Azərbaycan vətəndaşlarına müraciət edirik, yay aylarında ölkəmizdə idman yarışları keçiriləcək, xaricdən paytaxtımıza qonaqlar, turistlər gələcəklər. Əcnəibilər yol hərəkətinə xüsusi diqqət yetirirlər və onlarda bir təəssürat formalaşır. Xahiş edirik, qanuna olan hörmətinizi bildirin, qoy turistlər öz ölkələrinə yüksək təəssüratla qayıtsınlar".

AİA.az
Geri dön