Ana Sayfa > Siyasət > Polad Ağakişiyev: Prezident İlham Əliyev Böyük Liderdir

Polad Ağakişiyev: Prezident İlham Əliyev Böyük Liderdir


Bu gün, 10:08. Yazar: azer
Polad Ağakişiyev: Prezident İlham Əliyev Böyük Liderdir

2025-ci ilin 8 avqust tarixi sülh müqaviləsinin bağlanması, tarixi sənədin imzalanması ilə yanaşı, həm də Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ilə yaddaqalan oldu.

Prezident İlham Əliyev bildirdi ki, biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.

Ölkə Başçısı qeyd etdi ki, bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq. 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.

Dövlət Başçısı söylədi ki, bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.

Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər.

Ölkə Başçısı qeyd etdi ki, əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.

Bəli, mövcud reallıqları nəzərə alaraq əminliklə söyləmək olar ki, Vaşinqtonda imzalanmış sülh müqaviləsi Azərbaycanın son 30 ildə apardığı mübarizənin, həm döyüş meydanında, həm də diplomatik masada qazandığı qələbələrin yekunudur. Prezident İlham Əliyevin “tarixi gün, sülh günü” sözləri təkcə bir hadisənin deyil, bütöv bir epoxanın başa çatmasının simvoludur. Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sabitlik və əməkdaşlıq yaradan nüfuzlu güc mərkəzidir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Böyük Lider kimi qəbul olunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə indi bu güc mərkəzi ədalətli və prinsipial mövqe nümayiş etdirərək Qafqazda sülhü, əmin-amanlığı və sabitliyi bərqərar edir.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi

Geri dön