Ana Sayfa > Siyasət > Gülər Sultanzadə: “Ölkəmizi cəlb etməyə çalışdıqları “Abidə müharibəsi”nin arxasında Rusiya diplomatiyasının ikili standartları durur”
Gülər Sultanzadə: “Ölkəmizi cəlb etməyə çalışdıqları “Abidə müharibəsi”nin arxasında Rusiya diplomatiyasının ikili standartları durur”2-08-2025, 10:39. Yazar: azer |
![]() “Tarix bəzən bir səssizlikdə danışar. Bəzən isə sükutun özündə bir üsyan çırpınar. Azərbaycanın Xankəndi şəhərində yerləşdirilən İvan Ayvazovskinin – əsl adıyla Hovannes Ayvasyanın – büstünün sökülməsi, məhz bu səssiz üsyanın rəmzi idi. Bu, təkcə daşdan yonulmuş bir büst deyildi. Bu, Qarabağ torpaqlarında Azərbaycan suverenliyinə meydan oxuyan, illərdir aparılan siyasi, simvolik və mədəni işğalın simvolu idi. Və o büst indi yoxdur. Çünki o torpaqlar artıq azaddır. Onlar artıq Azərbaycanın real və tam suverenliyi altındadır. Amma görünən odur ki, Azərbaycanın bu haqlı və qanuni addımı Rusiyada müəyyən dairələri narahat edib. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovski büstünün sökülməsi ilə bağlı səsləndirdiyi fikirlər nə mədəniyyətə, nə diplomatiyaya, nə də qonşuluq münasibətlərinə uyğun deyil. Əksinə, bu bəyanat anti-Azərbaycan dairələrin sifarişli ritorikasını xatırladır. Şvıdkoyun “abidələrlə müharibə”, “rus mədəniyyətinin ləğvi” kimi ifadələri emosional manipulyasiyadan başqa bir şey deyil.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Fikirlərini davam etdirən partiya fəalı bildirib ki, bu iddialar Rusiya tərəfinin suveren Azərbaycan ərazisində qanunsuz quraşdırılmış bir büstə görə dövlət səviyyəsində inciməsini göstərir: “Burada əsas sual yaranır: bəs 30 il ərzində Qarabağda dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan olunmuş Azərbaycan abidələrinə, məscidlərinə, mədəniyyət ocaqlarına nə üçün susdular? Cənab Şvıdkoy bu yaxınlarda Şuşaya səfəri zamanı Azərbaycan xalqının mədəni irsinə qarşı törədilmiş barbarlıqları gördü. Natəvanın gülləbaran olunmuş büstü, Bülbülün gözü çıxarılmış abidəsi, Üzeyir Hacıbəylinin təhqir edilmiş heykəli gözləri önündə idi. Amma təəssüf ki, bu vandalizm haqqında bircə kəlmə belə danışmadı. O zaman bu susqunluq büstlərə hörmət iddiasını necə inandırıcı edə bilər? Azərbaycan bu gün beynəlxalq hüquqa və multikultural dəyərlərə hörmət edən bir dövlətdir. Azərbaycanda rus dilində məktəblər var, rus teatrı fəaliyyət göstərir, rusdilli mətbuat da geniş yayılmışdır. Bəs Rusiyada Azərbaycan mədəniyyəti necə yaşadılır? Orada azərbaycanlıların doğma dilində təhsil ala biləcəyi məktəblər, səhnədə dinləyə biləcəyi teatrlar, yaxud qəzet-jurnallar varmı? Bu ciddi mədəniyyət disbalansı fonunda Azərbaycanda guya "rus mədəniyyətinin ləğvi" barədə danışmaq absurddur. Daha bir təəssüf doğuran məqam isə Rusiya Federasiyasının rəsmi xəbər agentliyi TASS-ın Azərbaycanın Xankəndi şəhərini “Stepanakert” adlandırması oldu. Bu, sadəcə bir terminoloji yanlışlıq deyil. Bu, Azərbaycanın suverenliyinə qarşı siyasi və simvolik təxribatdır. Xatırlatmaq yerinə düşər ki, 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndinin adının dəyişdirilərək “Stepanakert” adlandırılması, bolşevik-erməni planının və anti-Azərbaycan siyasətinin bariz təzahürü idi. Bu gün müstəqil Azərbaycanın mediasında, dövlət strukturlarında, beynəlxalq sənədlərində bu ərazi rəsmi şəkildə Xankəndi adlanır. TASS kimi rəsmi dövlət agentliyinin hələ də separatçı rejimin leksikonuna istinad etməsi nə texniki, nə də diplomatik səhv hesab oluna bilər. Bu, şüurlu bir siyasi mesajdır. Azərbaycan isə bu mesajı susaraq cavabsız qoymayacaq. Azərbaycan XİN-in verdiyi bəyanatda aydın mesaj var. Əgər Rusiya tərəfi bu cür qeyri-dost addımları davam etdirərsə, biz də qarşılıqlı addımlar atacağıq. Mümkündür ki, Rusiya ərazisindəki bəzi şəhər və bölgələrin tarixi, qədim adlarını rəsmi şəkildə istifadə etməyə başlayaq. Hər halda, qarşılıqlılıq prinsipinə əsaslanmaq beynəlxalq münasibətlərdə qəbul olunmuş hüquqi normadır. Son olaraq onu da deyim ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir qüvvə tərəfindən sorğulana bilməz. Bizi 30 il susdurmaq istəyənlər bu gün bizim haqq səsimizdən narahatdırlar. Amma artıq gecdir. Azərbaycan xalqı öz tarixini, abidələrini, şəhərlərini və gələcəyini özü yazır. Bu torpaqda hansı abidə qalacaq, hansının isə yeri olmayacaq buna yalnız Azərbaycan dövləti qərar verəcək. Heç kim bizə bu haqda dərs keçə bilməz” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlaıb. Geri dön |