Ana Sayfa > Gündəm / Karusel > Lapşin Kəlbəcər girovları ilə dəyişdirilə bilərmi?

Lapşin Kəlbəcər girovları ilə dəyişdirilə bilərmi?


15-02-2017, 16:20. Yazar: admin
Lapşin Kəlbəcər girovları ilə dəyişdirilə bilərmi?

Bu günlərdə Kəlbəcər girovlarının Hüquqlarını Müdafiə Komitəsinin toplantısı keçirilib. Toplantıda bloqqer Aleksandr Lapşinin Kəlbəcər girovları ilə dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Bununla bağlı prezidentə müraciət edilməsi haqda qərar qəbul edilib.

Maraqlıdır, girovlarımız bloqqer Aleksandr Lapşinlə dəyişdirilə bilərmi?

Millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında bu təkliflə razılaşmadığını deyib. O, bildirib ki, yüz Lapşin bir Dilqəm Əsgərov və Şahbaz Quliyev qədərə dəyərli ola bilməz.

A.Mirzəzadə Lapşinin siyasi təxribatçı olduğunu deyib: “Dilqəm Əsgərov və Şahbaz Quliyev vətənpərvərlik, ləyaqət, kişilik, eyni zamanda torpağa bağlılıq nümunəsidir. Lapşin isə kimlərinsə çirkin oyunun fəal iştirakçılarından biridir. Ona görə bunları bir tərəziyə qoymaq düzgün deyil. Hüquqi tərəfə gəldikdə isə Lapşinin məhkəməsi olmayıb. İstintaq dövründə olan şəxsin dəyişdirilməsi düzgün olmaz. Lapşin etdiyi əməllərə görə məhkəmə qarşısında durmalı və cəzasını çəkməlidir. Dəyişdirilmə ilə bağlı qərarın olub-olmayacağı isə gələcəyin işidir”.

YAP-çı deputat qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi heç bir şərt qoyulmadan yerinə yetirilməlidir: “Onlar öz ərazimizdə işğalçı qüvvələr tərəfindən girov saxlanılır. Ermənistanın da qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq girovlarımız qeyri-şərtsiz Azərbaycan tərəfə təhvil verilməlidir”.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib ki, Aleksandr Lapşin suveren, müstəqil Azərbaycan dövlətinin qanunlarını pozub və onun hərəkətləri cinayət xarakterlidir.

Millət vəkili qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə öz vətənlərində gəzərkən, öz ata-baba yurdlarını ziyarət edərkən separatçı qüvvələr tərəfindən saxlanılıb: “Bu baxımdan bu məsələlər tamamilə başqadır. Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu günə qədər saxlanılması dünyada olan ikili standartların nəticəsidir. Beynəlxalq aləmin, Minsk qrupunda bu məsələ ilə məşğul olan dövlətlərin beynəlxalq hüququn prinsip və normalarından kənar yanaşması danışıqlar predmeti deyil. Bu, icra olunmalıdır. Bu günə qədər edilən müraciətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. Hər birimiz həmvətənlərimizin tez bir zamanda azadlığa buraxılmasını istəyirik”.

R.Rzayev vurğulayıb ki, Lapşin dövlətimizə qarşı cinayət edib və onu Kəlbəcər girovları ilə eyniləşdirmək yalnışdır.

“Bizim həmvətənlərlə bağlı cinayət tərkibli heç bir hal yoxdur. Lapşin Azərbaycan qanunlarına qarşı cinayət hərəkəti edib. Hər iki halı hüquqi baxımdan eyniləşdirmək doğru olmaz”.

AİA.az
Geri dön