Ana Sayfa > Siyasət > Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Əsrlərlə formalaşan irsə dövlət düşüncəsi ilə yanaşma
Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Əsrlərlə formalaşan irsə dövlət düşüncəsi ilə yanaşmaBu gün, 12:17. Yazar: azer |
![]() Azərbaycanın dövlətçilik tarixində mədəniyyətin inkişafına bu qədər sistemli və strateji yanaşma məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi dövründə mədəniyyət yalnız incəsənət sahəsi kimi deyil, həm də milli ideologiyanın, dövlət quruculuğunun, xalqın mənəvi dayağının təməl sütunlarından biri kimi dəyərləndirildi. Heydər Əliyevin mədəniyyətə baxışı sırf estetik və bədii meyarlardan kənara çıxaraq milli kimlik və vətənpərvərlik ideologiyasının mühüm daşıyıcısı kimi təqdim olunurdu. 1970-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladıqdan sonra o, ilk addımlarından biri kimi mədəniyyət və incəsənət sahəsində çalışan yaradıcı insanlara xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə ölkədə yeni teatrlar, muzeylər, mədəniyyət sarayları tikildi, milli musiqi və teatr sənəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini gələcək nəsillərə çatdırmağı özünün əsas vəzifələrindən biri sayırdı. Onun təşəbbüsü ilə Qobustan qayaüstü rəsmləri, Şəki Xan Sarayı, İçərişəhər kimi mədəniyyət abidələri UNESCO səviyyəsində diqqətə çatdırıldı. Azərbaycan xalçaçılıq sənətinə verdiyi dəyər nəticəsində xalçalarımız dünyanın nüfuzlu muzeylərində nümayiş olunmağa başladı.Eyni zamanda xalq musiqisi, muğam, aşıq sənəti və klassik poeziya Heydər Əliyev dövründə yenidən tədqiq olunaraq, təbliğ edildi. Onun dəstəyi ilə muğam ustaları, opera sənətkarları, bəstəkarlar, aktyorlar yüksək fəxri adlarla təltif olundu, dövlət qayğısı ilə əhatə olundu. Heydər Əliyev üçün mədəniyyət yalnız sənət deyildi – bu, milli özünüdərk və milli birliyin əsas vasitələrindən biri idi. Azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri kimi mədəniyyətə verilən önəm, ölkənin hər bir bölgəsinin mədəni irsinin qorunması və təqdim olunmasına səbəb oldu. Onun ideoloji baxışı belə idi: “Bizim milli sərvətimiz – mədəniyyətimizdir. Mədəniyyət xalqı millət edən əsas dəyərdir.” Heydər Əliyev mədəni irsin yalnız qorunmasını deyil, onun gələcək nəsillərə ötürülməsi üçün sistemli təhsil siyasətini də vacib hesab edirdi. 1970-80-ci illərdə onun təşəbbüsü ilə sənət məktəbləri, musiqi kollecləri, konservatoriyalar genişləndirildi, gənc istedadların SSRİ-nin və dünyanın tanınmış mədəniyyət mərkəzlərində təhsil almasına şərait yaradıldı. 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəni vətəndaş müharibəsi və siyasi dağınıqlıqdan xilas etməklə yanaşı, mədəni sahədə də böyük islahatlara start verdi. 1994-cü ildə “Mədəniyyət haqqında” Qanun qəbul edildi. 1998-ci ildə senzuranın ləğvi mədəni söz azadlığının bərqərar olması üçün dönüş nöqtəsi oldu. 2000-ci il “Azərbaycan Respublikasında mədəniyyətin inkişafı haqqında Dövlət Proqramı” bu sahəyə strateji yanaşmanın təməli oldu. Onun rəhbərliyi ilə mədəniyyətin regionlarda da dirçəldilməsi üçün addımlar atıldı, rayon mədəniyyət evləri, kitabxanalar, klublar bərpa olundu və ya yenidən tikildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq arenada tanınmağa başladı. Onun təşəbbüsü ilə xarici ölkələrdə Azərbaycanın mədəniyyət günləri, sərgilər, konsertlər təşkil olundu. Xarici diaspor təşkilatları vasitəsilə milli dəyərlərimizin təbliği gücləndirildi. Heydər Əliyevin mədəniyyət siyasəti təkcə bir sahənin inkişafı deyil, bütövlükdə dövlətin mənəvi və ideoloji təməllərinin möhkəmləndirilməsi kimi mühüm rol oynamışdır. Arzu Bağırova, Qusar rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi Geri dön |