Ana Sayfa > Manşet / Siyasət > "Rusiyanın hazırkı ritorikası davam edərsə, biz də müvafiq addımları istisna etmirik”

"Rusiyanın hazırkı ritorikası davam edərsə, biz də müvafiq addımları istisna etmirik”


Bu gün, 10:46. Yazar: azer
"Rusiyanın hazırkı ritorikası davam edərsə, biz də müvafiq addımları istisna etmirik”

Uzun müddətdir ki, Rusiya mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Müxtəlif  rakursdan yanaşmalar olsa da, məlum olan bir şey var ki, kampaniya mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Kampaniyanın mərkəzdən idarə olunması faktı özünü bir daha ifşa etdi. Belə ki, Azərbaycan torpaqlarında illeqal formada quraşdırılan erməni əsilli rəssam İvan Ayvazovskinin büstü ilə bağlı açıqlamanın da məhz Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən verilməsi bunun əyani sübutudur. Özü də bu addımlara da, Şvıdkoyun adına da bu kampaniyada ilk dəfə rast gəlmirik. Bir digər məqam TASS kimi mötəbər bir agentliyin atdığı addımdır. Qeyd edim ki, 1923-cü ildə olduğu kimi indi də bu bizə qarşı təhqirdir. “Ayrı nə ad qoyasan?” sualı isə ritorik olaraq havada asılı qalır. O zaman TASS-ın Azərbaycanda fəaliyyətini də belə asılı qalan sual kimi havada saxlaya bilərik. Mixail Qusmanın Qarabağa gəlməsi, görünür, bu qüvvələri yaman narahat edir. Narahatlıq yaradan bir digər və əsas amil Azərbaycanın artıq öz sözünü deyə bilməsi, həqiqətlərini öz qlobal səviyyəyə qaldırılan mediası vasitəsilə dünyaya çatdırmasıdır. Cənab Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, Birinci Qarabağ müharibəsi ilə bağlı elə Rusiya mediasının özündə də nəinki azərbaycanlılara qarşı törədilən soyqırımları ilə bağlı bir kadr belə göstərilmirdi, məsələnin obyektiv mahiyyəti belə işıqlandırılmırdı. Bu gün artıq qurulan hərtərəfli inkişaf konsepsiyası ilə irəliləyən Azərbaycan sözün bütün başa düşülən mənalarında hansısa kanala ehtiyac duymur, həqiqətlərini dünyaya özü translyasiya edir. Şübhəsiz ki, Xankəndinin  “Stepanakert” adlandırılacağı təqdirdə Rusiya Azərbaycanın mövqeyinin də, yanaşmasının da, reaksiyasının da necə olacağını yaxşı bilir. Bu baxımdan istifadə edilən ritorika da, adlandırılma da məqsədlidir. Bu, münasibətlərin indiki gərgin məqamında onun normal məcrasına döndərilməsinə kökündən zərbədir. Rusiya sülhməramlıları Azərbaycan ərazisində olarkən də Rusiyanın dövlət qurumlarının saytlarında belə addımlar bilərəkdən atılır, qızışdırıcı məsələlər alovlandırılırdı. Toponimlərimizi bilərəkdən yanlış, bizə qıcıq gətirəcək formada adlandırırdılar. Azərbaycan o zaman da sərt mövqeyini ortaya qoymuşdu. Bir digər tərəfdən Rusiya sülhməramlısı vaxtından əvvəl Azərbaycandan çıxarıldı. Abidənin qanunsuz qoyulması da daxil olmaqla həm də məhz yol verilən yanlış addımlar bu tez çıxarmanı sürətləndirdi. Onların ürəyində xal kimi qalan məsələ həm də budur ki, artıq Xankəndidə heç kim deyil, məhz Azərbaycan hökm edir.

Haqlı və qürurlu olaraq icra edilən bütün bu suveren haqlara paralel olaraq Azərbaycan müxtəlif mədəniyyətlərə son dərəcə tolerantlıq nümayiş etdirən dövlətdir. Rəsmi məqama, mərkəzi və ən ali fikrə nəzər yetirilməsi baxımından 2024-cü ilin 19 avqust tarixinə bir daha nəzər yetirək. Məhz bu tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ən yüksək səviyyə hesab olunan dövlət səfəri baş tutdu. Mətbuata açıqlanan bəyanatlarda Azərbaycan Prezidenti İlham Əliyev mövcud faktları ardıcıllıqla bildirdi. İllərlə davam edən əlaqələrə, sonrasında isə 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin də ruhuna uyğun olaraq Azərbaycanda rus dilində tədris aparılan 160 min şagirdin təhsil aldığı 324 məktəbin olduğu bildirildi. Təhsilin ali səviyyəsinə gəldikdə isə 26 ali təhsil müəssisəsində 15 mindən çox tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur. Əlavə olaraq, ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları fəaliyyətdədir. Rus dilini ikinci dil kimi öyrənən insanların sayında isə artım var. 

O faktı da xüsusilə vurğulayaq ki, bütün bunlar rus dili və mədəniyyətinin, demək olar ki, dünyanın dörd bir yanında sıxışdırıldığı bir vaxtda davam edirdi. Azərbaycan heç zaman anti-Rusiya kampaniyasına qoşulmadı. Sadəcə ritorikada deyil, təcrübədə də qeyri-dost addım atan ölkələr tamamilə fərqli yol tutur, bütövlükdə isə fərqli yanaşma ortaya qoyurlar. Milli irsimizin daha dərin yazılması, nəyinsə ləğv edilməsi anlamına gəlməməlidir. Odur ki, atılan bütün addımların kökündə sayıq yanaşma dayanır. Rusiyanın da siyasətində qarşı tərəflərdən məhz bu sayıq yanaşmanın tələb edildiyini nəzərə alsaq, deməli, yanaşmamız tam məntiqə uyğundur. Rus dilində  böyük auditoriyaya və geniş oxucu kütləsinə malikdir qəzet və jurnallar var. Rusiyada  Azərbaycan dilində hansısa bir nəşr ya təsisat mövcud deyil. Buna rəğmən biz haray salmırıq ki, yoxdur. Baxmayaraq ki, böyük bir kütlənin buna ehtiyacı var, qıtlığından nə qədər böyük əziyyət çəkilir, mənəvi boşluq yaranır. Xarici işlər nazirliyimizin də haqlı münasibət bildirdiyi kimi belə davam edilərsə, biz də müvafiq addımları istisna etmirik.

Azər Badamov,
Milli Məclisin deputatı







Geri dön