Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Şvıdkoyun bəyanatı məsələyə qərəzli yanaşmanın və ikiüzlülüyün bariz təcəssümüdür”
Novruzəli Aslanov: “Şvıdkoyun bəyanatı məsələyə qərəzli yanaşmanın və ikiüzlülüyün bariz təcəssümüdür”Dünən, 15:52. Yazar: azer |
![]() “İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi tərəfindən “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbərin yayımı ölkəmizə qarşı atılan növbəti təxribat xarakterli addımdır. Təbii ki, hər şeydən öncə agentliyin öz leksikonuna yenidən bədnam “stepanakert” kəlməsini daxil etməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. TASS informasiya agentliyinin bu addımı son dövrlərdə onsuz da müəyyən gərginliyin yaşandığı Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasına qətiyyən xidmət etmir. Əksinə, belə davranış qarşılıqlı etimadın daha da sarsılmasına zəmin yaradır. Ermənilərin əsrlər boyunca Azərbaycan toponimlərinin dəyişdirilməsinə, silinməsinə yönələn siyasətlərinin bu gün Rusiyanın dövlət informasiya agentliyi tərəfindən dəstəklənməsi təəccüb və təəssüf doğurur. İkinci bir tərəfdən də, bu məqsədlə Rusiyanın rəsmi dövlət qurumunun tarixə əlləri xalqımızın qanına bulaşmış erməni-bolşevik cəlladlarından biri kimi düşən Şaumyanın adını önə çəkməsi ümumiyyətlə anlaşılmaz bir vəziyyət yaradır. Ümid edirik ki, TASS informasiya agentliyi beynəlxalq qaydalara və tərəfdaşlıq münasibətlərinə uyğun olan addımlar atacaq.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən millət vəkili həmçinin Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun bəyanatına münasibət bildirərək bunları deyib: “Cənab Şvıdkoyun bəyanatına gəlincə, deməliyəm ki, bu çıxış ümumiyyətlə məsələyə qərəzli yanaşmanın və eyni zamanda da ikiüzlülüyün bariz təcəssümüdür. Bəlkə kimsə mənə xatırlada bilər, erməni vandalları Qarabağda, o cümlədən Şuşada dünya şöhrətli Azərbaycan incəsənət xadimlərinin heykəllərini dağıdanda, onların ev-muzeylərini viran qoyanda Rusiyanın hansı rəsmisi bu vandalizm əməllərini pisləyən bəyanatla çıxış etmişdi? Bu gün isə Azərbaycan öz ərazisində heç bir rəsmi icazə olmadan erməni əsilli rus rəssamına qoyulmuş büstün demontaj olunmasına görə kimdənsə icazə almalı və ya kiməsə hesabat verməlidir? Təbii ki, son dərəcə gülünc bir iddiadır. Azərbaycan hər zaman dünya xalqlarının mədəniyyətinə hörmətlə yanaşıb. Paytaxtımızda Puşkinə, Aytmatova, Şevçenkoya, Nəvaiyə və digərlərinə ucaldılmış abidələr bunun ən bariz sübutudur. Lakin təəssüflər olsun ki, bu gün biz ölkəmizə və xalqımıza qarşı qətiyyən adekvat münasibət görmürük. Rusiyanın bəzi dairələrində anti-azərbaycan əhval-ruhiyyəsi sanki qəsdən formalaşdırılır və qızışdırılır. Əlbəttə ki, bütün bunlar nə dövlətimizin qətiyyətinə, nə də xalqımızın iradəsinə hər hansı bir təsir göstərə biləcək amillər deyil. Bununla belə, Azərbaycan hər zaman mehriban qonşuluq münasibətlərinin formalaşmasına və inkişafına çalışıb. Yaxşı olardı ki, Rusiya tərəfi də ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlar atmaqdan çəkinsin və təxribat xarakterli bəyanatlara son qoyulması üçün müvafiq tədbirlər görsün” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |