Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi mühüm strateji prioritetlərdəndir
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi mühüm strateji prioritetlərdəndirDünən, 13:42. Yazar: azer |
![]() 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli-mənəvi dəyərlərinin qorunması baxımından xüsusi önəm daşıyır. Bu əlamətdar gün dilimizin tarixi inkişaf yoluna, müstəqillik dönəmində qazandığı statusa və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərə verilən yüksək dəyərin təzahürüdür. Ulu Öndər Heydər Əliyevin “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır” fikri Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyin və mədəni özünüdərkin əsası olduğunu aydın şəkildə ortaya qoyur. Azərbaycan dilinin inkişafı çətin və keşməkeşli mərhələlərdən keçmişdir. Xüsusilə SSRİ dövründə – 1970-ci illərin ortalarından etibarən milli dillərin sıxışdırılması prosesi güclənmişdir. Belə bir siyasi mühitdə ana dilini müdafiə etmək, onun hüquqlarını tələb etmək cəsarət və prinsipial mövqe tələb etmişdir. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsində dönməz mövqe nümayiş etdirmişdir. Ümummilli Lider Azərbaycan dilinin dövlət dili statusu alması üçün ciddi addımlar atmışdır. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dilinin dövlət dili olması” barədə müddəanın daxil edilməsi məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli təşəbbüsü və siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Bu addım, o dövrün ideoloji çərçivələri və siyasi təzyiqləri fonunda SSRİ məkanında analoqu olmayan mühüm bir hadisə kimi tarixə düşmüşdür. Heydər Əliyevin reallaşdırdığı dil siyasəti müstəqillik illərində dövlətçilik ənənələrinin inkişafına böyük töhfə vermişdir. Ulu Öndərin təşəbbüsü ilə hazırlanmış 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili müstəqil Azərbaycanın dövlət dili kimi rəsmiləşdirilmişdir. Bu faktor həm də milli suverenliyimizin və dövlətçiliyimizin ayrılmaz atributlarından biri kimi qəbul olunmuşdur. 2001-ci il 18 iyun tarixində Ulu Öndər tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu Fərman dövlət dili siyasətinin elmi əsaslarla idarə olunması və tətbiqinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdi. 2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu, dilimizin qloballaşma dövründə üzləşdiyi təhlükələrə qarşı qorunması, onun zənginliklərinin yaşadılması və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu qərarın əsas məqsədləri sırasında ana dilimizin saflığının qorunması, tədrisində keyfiyyətin artırılması və onun cəmiyyət həyatında geniş istifadəsinin təmin olunması dayanır. 2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirmişdir. Bu Qanun dövlət dilinin işlədilməsi, qorunması və inkişaf etdirilməsi ilə yanaşı, dünya azərbaycanlılarının da Azərbaycan dili vasitəsilə milli-mədəni kimliklərini ifadə etmələri üçün hüquqi əsaslar yaratmışdır. Ulu Öndərin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun funksional imkanlarının genişləndirilməsi və qloballaşma şəraitində saflığının qorunması istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam əsasında latın qrafikalı yazıların tətbiqi ilə bağlı geniş nəşr proqramı hazırlanmış, bununla da müasir Azərbaycan əlifbasının ictimai və mədəni müstəvidə tətbiqi sürətləndirilmişdir. Bununla yanaşı, 2004-cü il 14 yanvar tarixində verilmiş “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar dövlət dilinin elmi-ədəbi dövriyyədə geniş tətbiqinə, zəngin ədəbiyyat nümunələrinin Azərbaycan oxucularına ana dilində çatdırılmasına imkan yaratmışdır. Ana dilimizin müasir çağırışlara uyğun inkişaf etdirilməsi məqsədilə 2013-cü il 9 aprel tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənəd ana dilimizin saflığı, zənginliyi və elmi əsaslarla inkişaf etdirilməsinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam isə rəqəmsallaşan dünyada Azərbaycan dilinin mövqeyinin gücləndirilməsinə yönəldilmiş mühüm təşəbbüslərdəndir. Sərəncam dövlət dilinin rəqəmsal platformalarda tətbiq imkanlarının artırılmasını və müasir kommunikasiya vasitələrində daha effektiv istifadəsini nəzərdə tutur. Həmin ilin 1 noyabr tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dövlət dilinə göstərilən yüksək diqqətin növbəti ifadəsi olmuşdur. Bütün bu tədbirlər Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas sütunlarından biri olan Azərbaycan dilinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, onun qorunması və gələcək nəsillərə bütöv şəkildə ötürülməsi istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan dili milli varlığımızın əsası, mədəniyyətimizin daşıyıcısı və dövlət müstəqilliyimizin təcəssümüdür. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü milli dilimizin qorunması, təbliği və inkişafı sahəsində atılan bütün addımların əhəmiyyətini bir daha xatırladır. Xalqımızın, xüsusilə də gənclərin ana dilinə sevgi ilə yanaşması, onu dərindən öyrənməsi və gələcək nəsillərə layiqincə ötürməsi ən ümdə vəzifələrdən biridir. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |