Ana Sayfa > Gündəm / Manşet > Respublika Ağsaqqallar Şurası hesabat verdi - FOTO

Respublika Ağsaqqallar Şurası hesabat verdi - FOTO


15-02-2017, 15:51. Yazar: admin
Respublika Ağsaqqallar Şurası hesabat verdi - FOTO

Respublika Ağsaqqallar Şurasının 2016-cı ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Şura üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri və alimlər iştirak ediblər.


Əvvəlcə Ali Attestasiya Komissiyasının mərhum sədri Arif Mehdiyev və vəfat etmiş digər ziyalıların xatirələri yad olunub.
İclasda Respublika Ağsaqqallar Şurasının 2016-cı ilin yekunlarına dair hesabatı dinlənilib. Hesabatda bildirilib ki, ötən il Respublika Ağsaqqallar Şurası ölkənin ictimai, siyasi həyatında yaxından iştirak edib, paytaxt və bölgələrdə geniş tədbirlər keçirib.
Respublika Ağsaqqallar Şurasının üzvü, millət vəkili Əhliman Əmiraslanov Şuranın fəaliyyətini yüksək qiymətləndirib: "Fəttah müəllim sədr olandan sonra Şuranın fəaliyyəti xeyli aktivləşib, genişlənib. Artıq biz türkdilli ölkələrin ağsaqqallar şurasının üzvü olmuşuq. Respublika Ağsaqqallar Şurası olaraq biz Azərbaycan prezidenti İlham Əliyevin yanındayıq. Cənab prezidentin sosial yönümlü siyasəti nəticəsində bu il büdcədə sosial sahələrə ayrılan vəsait bir manat belə azalmayıb. Ölkəmizdə uğurlu daxili və xarici siyasət aparılır. Bununla belə, dünyada Azərbaycana qarşı olan qüvvələr var və bu qüvvələrə qarşı ciddi cavablar verilir. Azərbaycanda "ağsaqqal" sözü həmişə uca tutulub. Ona görə də gənclər arasında iş aparılmalı, keçirilən tədbirlərin coğrafiyası genişləndirilməlidir".
QMİ sədri A.Paşazadə bildirib ki, Respublika Ağsaqqallar Şurasının iclasında iştirak onun üçün fəxrdir: "Fəttah müəllim sədr vəzifəsində olandan sonra Şuranın fəaliyyətində böyük dəyişikliklər baş verib. Fəttah müəllim həm cəmiyyət, həm də ağsaqqallar tərəfindən qəbul olunur".
A.Paşazadə qeyd edib ki, Heydər Əliyevə nə qədər əngəl törətsələr də, xalq öz ağsaqqalını hakimiyyətə dəvət edib: "Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ağsaqqallığın bünövrəsini qoydu. Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Mən tez-tez xaricdə oluram. Azərbaycanın bügünkü yüksəlişinə baxanda, fəxr edirəm ki, bizim İlham Əliyev kimi rəhbərimiz var".


Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə deyib ki, 2016-ci il Azərbaycan dövləti üçün əlamətdar və uğurlu il olub: "Ümummilli lider Heydər Əliyev bir yol yaratdı, biz bu yolla gedirik. İlham Əliyev tərəfindən Heydər Əliyevin təməlini qoyduğu siyasət uğurla davam etdirilir. 2017-ci il "İslam Həmrəyliyi ili" elan olunub. Cənab prezident 2017-ci ili "İslam Həmrəylik İli" elan etməklə, bir nümunə olaraq qlobal mənada insanları düşündürən məsələnin həllinə böyük işıq saçıb. Bu yol çox uğurlu yoldur. İdman oyunlarında iştirak edənlər bir həmrəylik göstərəcəklər. Qaliblər və məğlublar sonda qucaqlaşacaqlar. Bu bir nümunədir. Münaqişələri qan tökməklə yox, sülh yolu ilə, həmrəyliklə həll etmək lazımdır. Həmrəy olmaqla, gələcəkdə baş verə biləcək fəlakətlərdən xilas olmaq mümkündür".
F. Heydərov əlavə edib ki, 2017-ci ildə də Respublika Ağsaqqallar Şurası fəaliyyətini daha da gücləndirəcək: "Ağsaqqal insanları öz sözü, öz hərəkəti ilə tərbiyə etməlidir. Biz öz nümunəmizlə cəmiyyətdə fəal iştirak etməliyik".
Sonra akademik Teymur Bünyadov, millət vəkili Bəxtiyar Sadıqov və başqaları 2017-ci ildə Azərbaycan ağsaqqalların respublikanın ictimai-siyasi həyatındakı rolu barədə çıxış ediblər. (apa)

AİA.az
Geri dön