Ana Sayfa > Siyasət > Ana dilimiz Milli sərvətimizdir
Ana dilimiz Milli sərvətimizdir31-07-2025, 11:32. Yazar: azer |
![]() Dil - bir millətin millət kimi formalaşıb özünü dünyanın digər xalqları arasında təsdiqləməsində xüsusi əhəmiyyət daşıyan ünsürlərdən biridir. Dil millətin bütün təbəqələrini birləşdirən, onun tarixin müxtəlif ağır sınaqlarından keçməsində müstəsna rol oynayan, varlığını bütün bəşəriyyətə çatdıran, müstəqilliyin, suverenliyin simvollarından biridir. Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gündə yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir. Dilimizin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Belə tarixi şəxsiyyətlərdən biri olan Ümummili lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Ana dilimizi milli varlığımız hesab edən Ulu Öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”... Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur. Müstəqilliyimizin bərpasından sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu Öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli Liderinin siyasəti Azərbaycanda ana dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Ulu Öndər Heydər Əliyevin dil siyasətini böyük uzaqgörənliklə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası cənab Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır. Həmin addımların isə ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin edəcəyinə inanırıq. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatı sədrinin müavini Geri dön |