Ana Sayfa > Ölkə > Şəhid və qazi övladları üçün təşkil edilən 5-ci Əmanət Yay Düşərgəsi uğurla yekunlaşıb

Şəhid və qazi övladları üçün təşkil edilən 5-ci Əmanət Yay Düşərgəsi uğurla yekunlaşıb


Dünən, 17:09. Yazar: azer
Şəhid və qazi övladları üçün təşkil edilən 5-ci Əmanət Yay Düşərgəsi uğurla yekunlaşıb

aia.az xəbər verir ki, 26–29 iyul 2025-ci il tarixlərində şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərən “Əmanət” Layihəsinin 5-ci Yay Düşərgəsi uğurla keçirilib. Builki düşərgə ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Düşərgə Bakı Dövlət Universiteti (BDU), İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, BDU Könüllüləri və “Əmanət” Layihəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda təşkil edilib. Dörd gün davam edən düşərgədə 23 şəhid və 17 qazi övladı, həmçinin BDU tələbələri iştirak ediblər.
Düşərgə çərçivəsində iştirakçılar üçün aşağıdakı fəaliyyətlər həyata keçirilib:
Fərdi inkişaf və karyera yönümlü təlimlər

Qrup məşğələləri

Ebru sənəti və boyama üzrə yaradıcılıq master-klasları

İdman yarışları, əyləncəli oyunlar

Qubanın görməli yerlərinə ekskursiyalar

Müzakirə saatları

İştirakçılar düşərgədə həm öyrəniblər, həm də sosiallaşaraq yeni dostluqlar qurublar. Fəal və məhsuldar keçən 4 gün ərzində onların sosial, emosional və intellektual inkişafına töhfə verən çoxsaylı tədbirlər təşkil olunub.
Builki düşərgədə ilk dəfə olaraq “Əmanət Kuboku” adlı idman turniri keçirilib. Qızlar arasında voleybol, oğlanlar arasında isə futbol yarışları baş tutub. “Əmanət Kuboku”nun gələcək illərdə ənənəvi olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edəki ki, “Əmanət” Layihəsi 5 ilə yaxındır ki, şəhid və qazi övladlarının inkişafına hərtərəfli dəstək göstərir. Layihə çərçivəsində fərdi inkişaf proqramları, psixoloji xidmətlər, sosial ziyarətlər, təhsil ləvazimatlarının təminatı, düşərgələr və müxtəlif tədbirlər təşkil edilir.
Geri dön