Ana Sayfa > Siyasət > Milli mətbuatımız – gələcəyin informasiya qalasıdır
Milli mətbuatımız – gələcəyin informasiya qalasıdırBu gün, 16:13. Yazar: azer |
![]() Azərbaycanın mətbuat tarixi təkcə söz azadlığının başlanğıcı deyil, bütöv bir xalqın maariflənməsi, milli şüurunun oyanması və istiqlal ruhunun formalaşması prosesidir. Bu tarixin təməlini qoyan “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olundu. Azərbaycan milli mətbuatının ilk nümunəsi olan bu qəzetin işıq üzü görməsi ilə xalqımızın fikir və düşüncə tarixində yeni bir səhifə açıldı. “Əkinçi” qəzeti cəmi iki il – 56 say nəşr olunsa da, onun ictimai-siyasi və mədəni əhəmiyyəti bir əsrlik irsə bərabərdir. Bu qəzet vasitəsilə Azərbaycan xalqı ilk dəfə öz dilində, öz sözündə cəmiyyətin problemlərini oxumağa, maariflənməyə və düşünməyə başladı. Həsən bəy Zərdabi təkcə bir qəzet nəşr etmədi, o, milli düşüncənin, maarifçiliyin və mədəni oyanışın əsasını qoydu. Onun “Əkinçi” vasitəsilə yaydığı ideyalar sonrakı dövrlərdə milli mətbuatımızın simasını müəyyənləşdirdi. Bu gün də “Əkinçi”nin izləri Azərbaycan mətbuatının hər bir səhifəsində, hər bir jurnalistin qələmində, hər bir xəbər başlığında hiss olunmaqdadır. Onun prinsipləri – vətəndaş maarifçiliyi, xalqın mənəvi inkişafı, müasir düşüncəyə dəvət – müasir media sistemimizin də dəyər bazasını təşkil edir. “Əkinçi”dən sonra gələn “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar da məhz bu ideyaların daşıyıcısı oldu və Azərbaycan ictimai düşüncəsinin formalaşmasına böyük töhfə verdilər. XX əsrin əvvəllərində anadilli mətbuatın artması, jurnalistikanın peşəkar institut kimi formalaşması, milli dövlətçilik ideyalarının təbliği ilə paralel şəkildə inkişaf edirdi. Milli mətbuat milli kimliyin mühüm dayağına çevrilmişdi. Hər bir qəzet, hər bir jurnal xalqın maariflənməsi, milli şüurun dərinləşməsi və istiqlal arzularının ifadəsi üçün bir vasitə idi. Məhz bu dövrdə sözün gücü silahdan üstün oldu və mətbuat məhz bu gücü ilə ictimai dəyişikliklərin katalizatoruna çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində əsl dirçəliş yaşandı. Senzura qadağalarından uzaq, sərbəst fəaliyyət göstərən qəzet və jurnallar xalqın hüquq və azadlıqlarının, demokratik dəyərlərin və milli iradənin geniş təbliğinə xidmət etdi. Lakin bolşevik işğalından sonra bu azadlıq uzun müddətə qadağa altına düşdü. Sovet dövründə mətbuat daha çox ideoloji vasitəyə çevrildi. Xalqın deyil, partiyanın dili oldu. Amma bu dövrdə də əsl jurnalistlər xalqın dərdinə şərik olmağa, ictimai vicdanın səsini ifadə etməyə çalışırdılar. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə mətbuat sahəsində də fundamental dəyişikliklər baş verdi. Lakin bu yol çətin və keşməkeşli oldu. 1993-cü ildən sonra, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycanda demokratik institutların formalaşması sürətləndi. Mətbuat üzərindəki senzura aradan qaldırıldı, söz və ifadə azadlığı Konstitusiyada təsbit olundu. 1998-ci ildə dövlət səviyyəsində senzuranın ləğv edilməsi Azərbaycanın mətbuat tarixinə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyev mətbuatın gücünə və cəmiyyətin inkişafındakı roluna dərin inam bəsləyirdi. Onun “jurnalistlərin dostu” kimi tanınması təsadüfi deyildi. Məhz onun dövründə media orqanlarının hüquqi bazası yaradıldı, iqtisadi müstəqilliyinə zəmin formalaşdı və cəmiyyətin həyatında mətbuatın rolu daha da artdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı yeni bir inkişaf mərhələsindədir. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş “KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyası”, “Media haqqında” Qanun, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması ilə bağlı atılan addımlar bu sahədə sistemli islahatların bariz nümunəsidir. Medianın müstəqilliyi, peşəkarlığı və informasiya təhlükəsizliyinin təmin olunması Prezident İlham Əliyevin mətbuata münasibətində əsas prioritetlərdəndir. Cəmiyyətimizin maariflənməsi, milli həmrəyliyin qorunması və ictimai fikrin sağlam əsaslarda formalaşması üçün azad, peşəkar və məsuliyyətli mətbuat olduqca vacibdir. Bu baxımdan, Azərbaycanın informasiya məkanında milli dəyərlərin qorunması, milli maraqların müdafiəsi və vətənpərvərlik ideyalarının təbliği jurnalistlərin üzərinə mühüm vəzifələr qoyur. Söz azadlığı həm də məsuliyyətdir, milli maraqlara bağlılıq və ictimai etimadın qazanılmasıdır. Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində əsl informasiya cəbhəsinin əsgəri oldu. Döyüş meydanında əsgərimiz düşməni məhv etdiyi kimi, informasiya cəbhəsində jurnalistlərimiz də Ermənistanın və havadarlarının yaydığı yalanları ifşa edərək həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırdı. Müharibənin ilk günündən sonuna qədər Azərbaycan mediası dövlətin yanında oldu, haqqın səsini dünyaya duyurdu. Bu gün isə media təkcə informasiya ötürücüsü deyil, həm də ictimai rəyin formalaşdırıcısı, mənəvi lider və cəmiyyətin aynasıdır. Müasir dövrün çağırışları – süni intellektin inkişafı, sosial medianın təsir gücü, informasiya müharibələrinin intensivliyi medianın funksiyasını daha da genişləndirmişdir. Media artıq sadəcə xəbəri çatdırmaqla kifayətlənmir, həm də xəbərin düzgünlüyünü təmin etmək, auditoriyanı maarifləndirmək və dezinformasiyaya qarşı mübarizə aparmaq məsuliyyətini daşıyır. Mətbuat həm də milli maraqların qoruyucusudur. Əgər bir millətin müstəqil mətbuatı yoxdursa, onun informasiya müstəqilliyindən də danışmaq mümkün deyil. Azərbaycan mediası son illər bu baxımdan böyük məsafə qət edib. Həm qanunvericilik bazası təkmilləşdirilib, həm iqtisadi əsaslar gücləndirilib, həm də peşəkar jurnalistikanın inkişafı üçün stimullaşdırıcı mexanizmlər yaradılıb. Media subyektlərinə təqdim edilən vergi güzəştləri, jurnalistlərə ipoteka güzəştlərinin verilməsi, peşəkar fəaliyyətlərinə görə fəxri adlarla təltif olunmaları dövlətin bu sahəyə diqqətinin konkret göstəriciləridir. Həmçinin jurnalistlər üçün nəzərdə tutulmuş təlim və inkişaf proqramları, yerli və beynəlxalq əməkdaşlıq platformaları mətbuatımızın peşəkar səviyyəsinin yüksəlməsinə zəmin yaradır. Media – xalqla dövlət arasında körpüdür. Bu körpünün bünövrəsi etimadla, şəffaflıqla və məsuliyyətlə qurulmalıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, mətbuat azadlığı ölkəmizdə demokratik inkişafın əsas prioritetlərindəndir və bu sahədə aparılan islahatlar davam etdiriləcək. Mətbuat milli təhlükəsizliyin əsas dayaqlarından biri kimi çıxış edir. Müasir informasiya cəmiyyəti şəraitində informasiya təhlükəsizliyi artıq yalnız texnoloji məsələ deyil, həm də hərbi, iqtisadi və diplomatik sabitliyin ayrılmaz hissəsinə çevrilmişdir. Bu kontekstdə, Azərbaycan mediası həm ölkə daxilində ictimai stabilliyin qorunmasına, həm də qlobal informasiya savaşında milli maraqların müdafiəsinə töhfə verməlidir. Qlobal çağırışların artdığı, informasiya texnologiyalarının sürətlə dəyişdiyi müasir dövrdə media savadlılığının artırılması, yeni kommunikasiya alətlərinə uyğunlaşma və süni intellektin imkanlarından düzgün istifadə peşəkar jurnalistikanın gələcəyini müəyyənləşdirəcək əsas amillərdəndir. Azərbaycan mətbuatının 150 illik yubileyi bu sahədə çalışan hər kəs üçün həm böyük qürur, həm də yeni öhdəliklər deməkdir. Bu yubiley təkcə keçmişə nəzər deyil, həm də gələcəyə baxışdır. Bu baxışda daha peşəkar, daha vətənpərvər, daha prinsipial və daha təsirli media görünməlidir. Bizi gələcəyə aparacaq yol milli iradəyə, yüksək peşəkarlığa, informasiya təhlükəsizliyinə və ictimai etimada əsaslanmalıdır. Mətbuatımız informasiya cəmiyyətinin möhkəm dayağı kimi həm milli dəyərlərimizi, həm də müasirliyin tələblərini özündə cəmləşdirməlidir. Çünki bu xalq sözlə qurulub, sözlə böyüyüb və sözlə yüksələcəkdir Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |