Ana Sayfa > Siyasət > Azərbaycan iqtidarının mətbuata açıq olması hesabatlılıq prinsipinə əməl etdiyinin göstəricisidir

Azərbaycan iqtidarının mətbuata açıq olması hesabatlılıq prinsipinə əməl etdiyinin göstəricisidir


Bu gün, 13:50. Yazar: azer
Azərbaycan iqtidarının mətbuata açıq olması hesabatlılıq prinsipinə əməl etdiyinin göstəricisidir

Demokratik cəmiyyətin atributlarından biri azad və məsuliyyətli mətbuatın mövcudluğudur. Bu mövcudluq demokratik cəmiyyətin formalaşmasına dəstək vermək baxımdan əvəzolunmazdır. Mətbuat həm də demokratiyanın fundamental dəyərlərinin həyata keçirilməsi rollarından biridir. Müstəqil mətbuat vətəndaşlara tənqid etmək, iddialar irəli sürmək, hökumətin tətbiq olunmayan siyasətini rədd etmək, ədalət və həqiqət uğrunda mübarizə aparmaq imkanları yaratmalıdır.  Habelə, mətbuat xalqın səsinin, çatışmazlıqlarının, perspektivlərinin və yaşayışlarının ictimai sahəyə çatdırıldığı kanal olmalıdır. 

Media həm də sosial dəyişikliklərin asanlaşdırılmasında, ictimai rəyin və münasibətlərin formalaşmasında mühüm rol oynayır. O, insanların həyatına mənfi və müsbət təsir göstərən kritik hadisələri diqqət mərkəzində saxlamalı, eləcə də tez-tez diqqətdən kənarda qalan məsələləri və marginal səsləri ön plana çıxarmağı bacarmalıdır. Medianın gündəm təyinetmə funksiyası çox vaxt cəmiyyətdə müzakirələrə, düşüncələrə və prioritetlərə də təsir göstərir. Müasir dövrdə media xüsusilə gender, din və mədəniyyət məsələlərində stereotipləri aradan qaldırır, fərqli fikirləri, baxış və yanaşmaları gücləndirir. Texnologiya dövrü isə bütövlükdə onlayn medianın kütləvi artımına gətirib çıxartdı. 

Bəlkə də müasir demokratiyalar daxilində medianın oynadığı ən mühüm rollardan biri nəzarətçi roludur. Belə ki, media hökumətlərin fəaliyyətinə və davranışına nəzarət edir ki, onları hakimiyyətə gətirənlərin vədlərinə və gözləntilərinə əməl etsinlər. Nəticə etibarilə, bu rol çox vaxt media, dövlət və onun institutları arasında körpü olur.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mediası tarix boyu çətinliklərlə üzləşsə də bu gün öz funksiyalarını ədalətlilik, dəqiqlik, müxtəliflik və balanslaşdırılmış təmsilçilik kimi rəhbər media prinsiplərinə əsaslanaraq yerinə yetirir. Bu fundamental yanaşmanın tətbiqi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz bu dahi şaxiyyətin verdiyi qərarlarla, atdığı addımlarla Azərbaycanda kütləvi informasiya vasitələri üçün geniş fürsət pəncərələri aralanmışdır. Ulu Öndərin rəhbərliyi altında reallaşdırılan islahatlar nəticəsində senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni əngəllərə son qoyulmuşdur. Ümummilli Liderimiz mətbuat işçilərinin fəaliyyəti üçün geniş meydan yaratmış, onların həyat səviyyələrinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərmişdir. Buna görədir ki, Ümummilli Lider “Jurnalistlərin dostu” adını qazanmışdır. 

Eyni dəst-xətt cənab Prezident İlham Əliyev tərəfindən də izlənilmiş, dövlət başçımız jurnalistlərə hər zaman qayğı ilə yanaşmış, cəmiyyətdə baş verən hadisələri daim gündəmdə saxlamaq, ədalətli yanaşma, qüsursuz idarəçilik baxımından jurnalistlərin dəstək və köməyinə ehtiyac olduğunu hər zaman vurğulamışdır. Bunun nəticəsidir ki, dövlət başçımızın şəxsi təşəbbüsü və qətiyyəti ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. 

Yeni dövrün yeni çağırışları mövcuddur. Bu xüsusilə də texnologiya əsrində, Azərbaycanın ən yeni tarixində baş verən proseslərdə özünü daha da qabarıq formada göstərir. Fəxr ediləsi məqamdır ki, Azərbaycan mətbuatı yerli, regional çərçivədən çıxaraq qlobal meydanda boy göstərir. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan tarixinin, Azərbaycan mediasının Zəfər tarixidir. Fədakar jurnalistlərimiz gecələrini gündüzlərinə qataraq Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə dünya mətbuatına çıxarılması istiqamətində usanmadan çalışmışlar. Nəticə etibarilə, düşmənlərimizin çürük arqumentləri elə yerindəcə məhv edilmişdir.

150 illiyi qeyd olunan Azərbaycan milli mətbuatına dövlət səviyyəsində dəstək və qayğı var. Bunun göstəricisi jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, jurnalistlərin fəxri adlarla təltif olunması, onların problemlərinə göstərilən həssas yanaşmadır.

Ümummilli Lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdikləri qətiyyətli qayğının nəticəsidir ki, hər iki Lider “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər. Bu, Azərbaycan iqtidarının mətbuata açıq olduğunun, xalq qarşısında hər zaman hesabatlılıq prinsipinə əməl etdiyinin göstəricisidir.

Azər Badamov
Milli Məclisin Deputatı

Geri dön