Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: “Yubiley medalının təsis edilməsi Milli mətbuatımızın inkişafını daha da stimullaşdıracaq növbəti mühüm addımdır”
Səttar Möhbalıyev: “Yubiley medalının təsis edilməsi Milli mətbuatımızın inkişafını daha da stimullaşdıracaq növbəti mühüm addımdır”Bu gün, 10:44. Yazar: azer |
![]() “Bu il Azərbaycanda Milli mətbuatımızın 150 illiyi qeyd olunur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və Azərbaycanda ilk mətbu orqan olan “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən etibarən ölkəmizdə Milli Mətbuat günü kimi qeyd olunur. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və o dövrün digər aparıcı ziyalılarının böyük xidmətləri olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına önəmli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.” Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib. Daha sonra deputat Milli mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların müstəsna rolundan bəhs edərək bunları deyib: “Milli mətbuatımızın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın da inkişaf tarixində yeni mərhələyə keçid üçün əlverişli zəmin yaratdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. Ümummilli Lider Heydər Əliyev mətbuat işçilərinin əməyinə yüksək dəyər verərək belə demişdir: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.” Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Bundan başqa, məhz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı.” Fikirlərini davam etdirən millət vəkili 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən Milli mətbuatın inkişafı məqsədilə görülən önəmli tədbirlərdən bəhs edərək bunları deyib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayında imzaladığı müvafiq Fərmana əsasən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis edilib. Əlbəttə ki, bu qərar Milli mətbuatımızın inkişafı üçün növbəti güclü stimul rolunu oynayacaq. Bu gün Azərbaycanda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Cənab Prezident İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlət başçımızın 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb. Geri dön |