Ana Sayfa > Siyasət > Milli mətbuat cəmiyyətin güzgüsüdür

Milli mətbuat cəmiyyətin güzgüsüdür


Dünən, 15:47. Yazar: azer
Milli mətbuat cəmiyyətin güzgüsüdür

Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. "Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
.
Milli oyanışın yeni mərhələsinin təmsilçisi kimi "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi.

“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 150 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi.

Müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Bu gün Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmçinin 20 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Dövlətin milli mətbuatın inkişafına qayğısı və bu sahədə çalışan insanların əməyinə verdiyi qiymət vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri bundan sonra da Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaqdır. Çünki milli mətbuat şanlı tariximizin qürur səhifəsi olmaqla bərabər, həm də cəmiyyətin güzgüsüdür.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini

Geri dön