Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan mediası: Peşəkarlıq, milli maraqlar və qlobal çağırışlar fonunda

Azərbaycan mediası: Peşəkarlıq, milli maraqlar və qlobal çağırışlar fonunda


Dünən, 15:24. Yazar: azer
Azərbaycan mediası: Peşəkarlıq, milli maraqlar və qlobal çağırışlar fonunda

Mətbuat, hər bir xalqın intellektual inkişafına töhfə verən, elm, təhsil və mədəni dəyərlərin yayılmasında, ictimai maarifləndirmənin təmin olunmasında əsas vasitələrdən biridir. Azərbaycan mətbuatı XIX əsrin sonlarından etibarən ölkəmizin ictimai-siyasi və mədəni həyatında baş verən dəyişiklikləri əks etdirməklə böyük inkişaf yolu keçmiş, zəngin təcrübə qazanaraq müasir dünya mətbuatında layiqli yer tutmuşdur.

Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk dəfə olaraq “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulmuşdur. “Əkinçi” qəzeti təhsil, mədəniyyət və kənd təsərrüfatı mövzularına geniş yer ayırmaqla yanaşı, Azərbaycan dili və milli mədəniyyətin təbliğində mühüm rol oynamışdır. Bu nəşr, Azərbaycanda müasir milli mətbuatın əsasını qoymaqla yanaşı, ölkəmizdə medianın inkişafına da təkan vermişdir.

Böyük ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə ana dilimizdə təsis edilən “Əkinçi” qəzeti xalqın milli oyanışında yeni bir mərhələnin başlanğıcına çevrilmişdir. Qəzet “Daxili xəbərlər”, “Əkin və zirayət xəbərləri”,“Elm xəbərləri”,“Təzə xəbərlər” kimi bölmələri ilə geniş oxucu auditoriyasına xitab edirdi. Cəmi 56 sayı işıq üzü görən “Əkinçi”nin fəaliyyəti, maarifləndirmə işindən narahat olan çar Rusiyası tərəfindən 1877-ci ilin sentyabrında dayandırılmışdır. Qısa ömrünə baxmayaraq, “Əkinçi” Azərbaycanın mətbuat tarixində qızıl hərflərlə yazılmış, ana dilli milli mətbuat ənənəsinin bünövrəsini qoymuş və sonrakı dövrlərdə yeni qəzet və jurnalların yaranmasına ilham vermişdir.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan mətbuatı sürətli inkişaf yolu keçmişdir. “Kəşkül”, “Füyuzat”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Təzə Həyat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq Söz”, “İrşad” və “Molla Nəsrəddin” kimi qəzet və jurnallar dövrün aktual siyasi, sosial və mədəni məsələlərini işıqlandıran yazıları ilə cəmiyyətin diqqətini cəlb etmişdir. Bununla yanaşı, Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarının davamçısı olmuşdur. Bu media orqanları milli ideyaların yayılmasında, maarifçilik ideyalarının təşviqində və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır.

Bu il ölkəmizdə Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur. O cümlədən, cənab Prezident 2025-ci ilin 25 aprel tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

Mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyin formalaşmasında, maarifçilik ideyalarının yayılmasında, milli kimliyin qorunmasında mühüm rol oynayır. Zaman keçdikcə Azərbaycan mətbuatı siyasi, sosial və mədəni sferalarda əhəmiyyətli irəliləyişlər əldə edərək zəngin ənənələrə malik güclü bir institut kimi formalaşıb. Milli Mətbuat Günü, yalnız bir bayram olmaqla kifayətlənmir, eyni zamanda bu şərəfli yolun qəhrəmanlarına ehtiramın və söz azadlığı uğrunda aparılan mübarizənin rəmzidir.

Azərbaycan mətbuatının inkişafı ölkədə həyata keçirilmiş köklü islahatlarla sıx bağlıdır. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar həyata keçirilmiş, bu proses mətbuat sektorunu da əhatə etmişdir. Söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, senzura ləğv edilmiş, medianın hüquqi və iqtisadi əsasları gücləndirilmişdir. Mətbuatın azad və müstəqil fəaliyyət göstərməsi üçün mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Demokratik dəyərlərin bərqərar olunduğu Azərbaycanda KİV-in inkişafı Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mümkün olmuşdur. “Jurnalistlərin dostu” kimi tanınan Heydər Əliyev, ölkənin müharibə şəraitində yaşadığı dövrdə belə, mətbuat azadlığının qorunmasına cəsarətlə yanaşaraq 1998-ci ildə dövlət senzurasını tamamilə ləğv etmişdir. Bu tarixi addım milli mətbuatın azad inkişafına geniş imkanlar yaratmışdır.

Azərbaycanda mətbuat azadlığı prinsipləri ali siyasi iradə əsasında formalaşmış və bu sahədə real nəticələr əldə olunmuşdur. Qəzet və jurnal bolluğu yaranmış, kütləvi informasiya vasitələrinin plüralizmi təmin olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” medianın institusional inkişafına mühüm töhfələr vermişdir.

Dövlətimizin tarixində əldə olunmuş mühüm nailiyyətlər milli medianın da qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir Azərbaycan mətbuatı informasiya cəmiyyətinin qurulmasında, sosial ədalətin və şəffaflığın təminində, milli həmrəyliyin möhkəmləndirilməsində, siyasi mədəniyyətin və milli mənəvi dəyərlərin təbliğində mühüm rol oynamalıdır. Peşəkarlıq, obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsipləri ilə fəaliyyət göstərməli, söz və məlumat azadlığından sui-istifadə hallarına qarşı prinsipial mövqe sərgiləməlidir.

İnformasiya texnologiyalarının sürətli inkişafı ilə Azərbaycan mətbuatı da çevik şəkildə qloballaşan informasiya şəbəkəsinə inteqrasiya olunmuşdur. Hazırda ölkədə çoxsaylı qəzet və jurnallar nəşr olunur, onlayn media və internet qəzetçilik geniş yayılıb. Bu, Azərbaycan jurnalistikasının müasir çağırışlara uyğunlaşma qabiliyyətini və rəqəmsal transformasiyada yerini təsdiqləyir.

Milli mətbuatın inkişafına və tarixi irsin yaşadılmasına yönəlmiş təşəbbüslər Prezident İlham Əliyevin sərəncamları ilə ardıcıl şəkildə həyata keçirilmişdir. Milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, bu yubileylər vasitəsilə həm jurnalistika tariximizə ədalətli qiymət verilmiş, həm də gələcək nəsillərə dəyərli irs ötürülmüşdür. Bu tədbirlər mediamızın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Müasir dövrdə qloballaşan informasiya axını, rəqəmsallaşma və media texnologiyalarındakı sürətli dəyişikliklər milli mətbuatın da yeni tənzimləmə və dəstək mexanizmlərinə ehtiyacını artırmışdır. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” sənəd imzalanmış, bu sənəd çərçivəsində yeni institusional mexanizm – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılmışdır. Agentlik mətbuat orqanlarının dayanıqlı inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi və müasir media mühitinə uyğunlaşdırılması məqsədilə mühüm layihə və təşəbbüslər həyata keçirir.

2021-ci il 30 dekabr tarixində qəbul edilən “Media haqqında” Qanun informasiya məkanının hüquqi və institusional tənzimlənməsi istiqamətində mühüm bir mərhələ olmuşdur. Bu qanun medianın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir, informasiya təhlükəsizliyi, yerli medianın rəqabət qabiliyyətinin artırılması və jurnalistikanın peşəkar nüfuzunun gücləndirilməsi üçün hüquqi zəmin yaradır. Qanun eyni zamanda rəqəmsal dövrün çağırışlarına cavab verən şəffaf, sistemli və müasir media strukturlarının təşəkkülünü nəzərdə tutur.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrümüzdə internet qəzetçilik Azərbaycan mediasının yeni istiqaməti kimi formalaşmışdır. Onlayn platformalar vasitəsilə informasiyanın real vaxt rejimində yayılması cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır. Jurnalistlərin beynəlxalq səviyyədə təşkil olunan təlimlərdə iştirakı, peşəkarlığın artırılması bu sahədə keyfiyyətli və rəqabətqabiliyyətli medianın formalaşmasına xidmət edir.

Azərbaycan Konstitusiyasında təsbit olunan söz və mətbuat azadlığı prinsipi ölkəmizdə medianın azad və müstəqil fəaliyyətinə güclü hüquqi baza təmin edir. Bu prinsip əsasında formalaşan media institutu həm dövlət siyasətinin təbliğində, həm də ictimai nəzarətin həyata keçirilməsində önəmli rol oynayır.

Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və media orqanlarının iqtisadi sabitliyinin təmin olunması dövlətin prioritetlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərə birdəfəlik maddi yardımlar, fərdi ipoteka imkanları və sosial güzəştlər təqdim edilmişdir. 2022-ci ildə ipoteka kreditləri ilə bağlı qaydalara edilən dəyişikliklər nəticəsində Media Reyestrinə daxil edilmiş jurnalistlər üçün güzəştli ipoteka imkanları yaradılmışdır. Bu, mətbuat işçilərinin rifahına dövlət tərəfindən verilən real dəyərin göstəricisidir.

2023-cü il yanvarın 1-dən etibarən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla media subyektlərinə bir sıra vergi güzəştləri və azadolmalar tətbiq olunmuşdur. Bu dəyişikliklərə əsasən, media ilə bağlı fəaliyyətdən əldə olunan gəlirlər (reklam gəlirləri daxil olmaqla), eləcə də MEDİA Agentliyi tərəfindən verilən yardımlar 3 il müddətinə gəlir və sadələşdirilmiş vergilərdən azad edilmişdir. Bundan əlavə, qeyri-rezident şəxslər tərəfindən media fəaliyyəti ilə bağlı göstərilən xidmətlər də ƏDV-dən azaddır. Bu yanaşma yerli media istehsalının rəqabətqabiliyyətini artırmaq və informasiya bazarını stimullaşdırmaq məqsədi daşıyır.

Azərbaycan dövlətinin medianın inkişafına verdiyi dəyərin rəmzi olaraq, “Ruh” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatı müxtəlif illərdə ölkə başçılarına təqdim olunmuşdur. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə bu mükafata layiq görülmüşdür. Bu mükafatlar, dövlətin mətbuata açıq siyasətinin və medianın müstəqil inkişafına verdiyi dəstəyin təcəssümüdür.

Rəqəmsallaşma, sosial media platformalarının dominantlığı və informasiya texnologiyalarının sürətli inkişafı çağdaş dövrdə milli informasiya resurslarının potensialının artırılmasını və onların qlobal informasiya sistemində mövqeyinin möhkəmləndirilməsini aktuallaşdırır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən islahatlar – qanunvericilik bazasının təkmilləşdirilməsi, medianın iqtisadi dayaqlarının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli kommunikasiya siyasətinin yenilənməsi bu istiqamətdə əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur.

Azərbaycan jurnalistləri yüksək peşəkarlıqla yanaşı, vətənpərvərlik və milli maraqlara sadiqlik prinsiplərini də öz fəaliyyətlərində rəhbər tuturlar. Qlobal miqyasda saxta informasiya kampaniyalarının artdığı bir dövrdə jurnalistlərimiz Azərbaycan dövlətçiliyini hədəfə alan təbliğatlara qarşı mübarizə aparmalı, ictimaiyyəti dəqiq, düzgün və obyektiv məlumatlarla təmin etməli, cəmiyyətin tərəqqisi və milli birliyin qorunması istiqamətində fəaliyyət göstərməlidirlər.

Cəmiyyətdə demokratiyanın inkişafı azad söz və plüralizmlə birbaşa bağlıdır. Azərbaycan Konstitusiyasında təsbit edilmiş mətbuat azadlığı prinsipi dövlətin informasiya siyasətində mühüm yer tutur. Müasir medianın ölkədə əldə etdiyi nailiyyətlər və beynəlxalq standartlara cavab verən fəaliyyəti məhz bu hüquqi və siyasi reallığın təzahürüdür.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, söz və mətbuat azadlığı Azərbaycan demokratiyasının əsas sütunlarından biridir. Dövlət başçısının sözləri ilə desək: “Azərbaycanda aparılan siyasi islahatların əsas məqsədi ondan ibarətdir ki, ölkədə hər kəs bütün azadlıqlardan istifadə etsin. Söz və mətbuat azadlığı bu baxımdan bizim üçün prioritet məsələdir.”

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. 44 günlük Vətən müharibəsində jurnalistlər təkcə informasiya yayımı ilə kifayətlənməyib, həm də erməni dezinformasiyasına qarşı mübarizədə aktiv iştirak ediblər. Onlar düşmən təbliğatını ifşa etmək, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırmaqla informasiya savaşında əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

Vətən müharibəsində jurnalistlər yalnız müşahidəçi deyil, həm də vətən uğrunda savaşan bir missiyanın daşıyıcısı kimi çıxış etdilər. Cəbhə xəttində reportajlar hazırlayan, real təhlükə şəraitində fəaliyyət göstərən jurnalistlər informasiya təhlükəsizliyimizin qorunmasında və xalqın səfərbər olunmasında mühüm rol oynadılar. Dövlət tərəfindən onların fəaliyyəti yüksək qiymətləndirilmiş, bir çox jurnalistlər döyüşlərdəki xidmətlərinə görə medallarla təltif edilmişdir.

2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış və 2021-ci ildə təsdiq edilmiş Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki qardaş ölkə arasında informasiya təhlükəsizliyinin təmin edilməsi, ortaq media layihələrinin həyata keçirilməsi və dezinformasiyaya qarşı birgə mübarizə istiqamətində mühüm çərçivə yaradır. Bu razılaşma çərçivəsində ortaq platformalar yaradılır, media təcrübəsi paylaşılır və strateji mövzularda koordinasiyalı fəaliyyət həyata keçirilir

2023 və 2024-cü illərdə Şuşada təşkil olunan Qlobal Media Forumları Azərbaycanın qlobal media platformalarında yerini gücləndirmişdir. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” və “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” kimi mühüm mövzularda keçirilmiş bu forumlar həm media savadlılığının artırılması, həm də qlobal informasiya axınında etik və obyektivliyin önə çəkilməsi baxımından əlamətdar olmuşdur.

Bugünkü reallıqda Azərbaycan mediası sadəcə informasiya istehsalçısı deyil, həm də dövlət siyasətinin sosial təməli, ictimai rəyin formalaşdırıcısı və milli birliyin qoruyucusu kimi fəaliyyət göstərir. Qlobal çağırışlara uyğun olaraq media savadlılığının artırılması, sosial platformalarda aktiv iştirak, süni intellektdən səmərəli istifadə, dezinformasiyaya qarşı effektiv mübarizə və beynəlxalq informasiya məkanında milli maraqların müdafiəsi qarşıdakı dövrün əsas hədəfləri sırasındadır.

Azərbaycan mətbuatı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə demokratiyanın qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi və milli maraqların müdafiəsində mühüm rol oynamaqda davam edir. Mətbuat azadlığının inkişafı, jurnalistlərin peşəkarlığı və fədakarlığı ölkəmizdə demokratik dəyərlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.

1875-ci ildə ilk qəzetin nəşri ilə əsası qoyulan Azərbaycan mətbuatı ötən dövr ərzində böyük inkişaf yolu keçmiş, müxtəlif çağırışlar və çətinliklərə baxmayaraq, azadlıq və plüralizm sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Milli Mətbuat Günü bu tarixi irsi xatırlamaq, ifadə azadlığını və cəmiyyətin informasiya əldə etmək hüququnu təşviq etmək baxımından xüsusi önəm daşıyır.

Şübhəsiz ki, Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi davamlı diqqət və dəstək nəticəsində Azərbaycanın milli mətbuatı bundan sonra da müasir tələblərə uyğun şəkildə inkişaf edəcək, ictimai fikrin formalaşmasında və demokratik cəmiyyətin qurulmasında mühüm rol oynamağa davam edəcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini



Geri dön