Ana Sayfa > Manşet / Siyasət > Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının yekunlarına dair çıxışı edib
Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının yekunlarına dair çıxışı edibBu gün, 13:46. Yazar: azer |
![]() Hörmətli həmkarlar! Həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. İcazənizlə, mən sizə növbədənkənar sessiya barədə qısa bir hesabat vermək istəyirəm. Bu dövrdə, yəni iyunun 3-dən indiyədək Milli Məclisin yeddi iclası keçirilmişdir. Qırx beş qanun və qərar, o cümlədən iki Konstitusiya qanunu qəbul olunmuşdur. Beş beynəlxalq müqavilə və konvensiya təsdiq edilmişdir. Hörmətli deputatlar! Milli Məclisdə iki ictimai dinləmə keçirilmişdir. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyunun 4-də təşkil etdiyi dinləmədə “İstilik təchizatı haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılmışdır. İyulun 7-də Mədəniyyət komitəsində keçirilən dinləmə isə “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusuna həsr edilmişdir. Qeyd edim ki, dinləmələrdə, hər iki dinləmədə Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, icra orqanlarının rəhbər vəzifəli şəxsləri, elm və təhsil işçiləri, yaradıcılıq birliklərinin nümayəndələri də fəal iştirak etmişlər. Sessiya müddətində Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür. Milli Məclisin on doqquz deputatı on bir xarici ölkəyə iyirmi dörd səfər həyata keçirmişdir. Deputatlarımız yeddi beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər. On səkkiz xarici ölkənin və altı beynəlxalq təşkilatın otuz nümayəndə heyəti, ümumən yüz qırx dörd nəfər xarici qonaq Milli Məclisdə olmuşdur. Hörmətli deputatlar ! Milli Məclisin ev sahibliyi ilə Bakıda böyük bir beynəlxalq tədbir təşkil edilmişdir. Mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasını nəzərdə tuturam. Tədbirdə təşkilatın üzvü olan on ölkə parlamentinin və səkkiz beynəlxalq təşkilatın yüz on beş nəfərə qədər təmsilçisi iştirak etmişdir. Milli Məclisin sədri Azərbaycanda səfərdə olan üç ölkənin parlament sədrləri və doqquz ölkənin ombudsmanları ilə görüşlər keçirmişdir. Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olmuşdur. O cümlədən Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 12-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclasında, iyulun 1-də isə Özbəkistanın Xivə şəhərində Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmişdir. Və onu da bilirsiniz ki, hörmətli həmkarlar, Milli Məclisin sədri iyulun 10-da və 11-də Bosniya və Herseqovinada işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Srebrenitsa qurbanlarının anım mərasimində iştirak etmək idi. Hörmətli deputatlar! Hesabat dövründə Milli Məclisin sədri iki ölkənin – Pakistan və Belçikanın Azərbaycandakı səfirləri ilə görüşmüşdür. Beləliklə, hörmətli həmkarlar, Milli Məclis növbədənkənar sessiyasını uğurla başa çatdırır. Mən sizə səmərəli iş üçün təşəkkür edirəm və növbədənkənar sessiyanı bağlı elan edirəm. (Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir.) Geri dön |