Ana Sayfa > Manşet / Siyasət / Özəl > Göydəniz Qəhrəmanov: “Azərbaycanın regional liderliyi Cənubi Qafqazda sülhün və iqtisadi inkişafın təminatı üçün əlverişli zəmin yaradıb”

Göydəniz Qəhrəmanov: “Azərbaycanın regional liderliyi Cənubi Qafqazda sülhün və iqtisadi inkişafın təminatı üçün əlverişli zəmin yaradıb”


Bu gün, 15:52. Yazar: azer
Göydəniz Qəhrəmanov: “Azərbaycanın regional liderliyi Cənubi Qafqazda sülhün və iqtisadi inkişafın təminatı üçün əlverişli zəmin yaradıb”

“Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazda regional təhlükəsizliyin təminatı baxımından hər zaman mühüm amil rolunu oynayıb və effektiv alət kimi öz səmərəliliyini təsdiqləyib. Cənab Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət kursu və diplomatiya təkcə Azərbaycanın deyil, həm də bütün region ölkə və xalqlarının milli mənafeylərinə uyğundur. Bu məqam iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı aparılan müzakirələrdə də aşkar şəkildə öz əksini tapmışdır. Bu görüş bir daha təsdiq etdi ki, məhz Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin müəllifidir. Artıq hər kəs Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli formatın da məhz ikitərəfli danışıqların olduğunu etiraf etməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan rəhbərlərinin ölkələrimiz arasında ikitərəfli danışıqların və etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədə gəldikləri razılıq da ilk növbədə cənab Prezident İlham Əliyevin diplomatik gedişlərinin əməli nəticələri kimi dəyərləndirilməlidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat qeyd edib ki, danışıqlarda vasitəçi kimi istifadə edən üçüncü tərəflər adətən bütün məsələlərə daha çox öz maraqları kontekstində yanaşma sərgiləyirlər. Bu isə təbii ki, prosesin effektivliyini aşağı salır və əldə olunan nəticələrin əsas iştirakçı tərəflər üçün önəmini minimuma endirir: “Keçən illər ərzində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyi öhdəsinə götürən təşkilat və ölkələrin bu istiqamətdə fəaliyyətlərinin nəticəsiz, bəzi hallarda isə hətta ziyanlı olduğu danılmaz faktdır. Çünki üçüncü tərəf hər zaman bütün məsələləri ancaq öz prizmasından dəyərləndirməyə üstünlük verir. Buna görə də danışıqların birbaşa ikitərəfli formatda keçirilməsi son dərəcə vacibdir və çox effektivdir. Məhz bu formatda danışıqlar sülh prosesində praktik mərhələyə keçid üçün şərait yaradır. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi trixi Qələbədən sonra qarşılıqlı etimad mühitinin yaradılması ilə bağlı etdiyi çağırışlar bütün bu irəliləyişlərə nail olunmasında mühüm rol oynadı. Bu məqam öz təsdiqini Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabi görüşündə də öz təsdiqini tapdı. Tərəflər etimad tədbirlərinin davam etdirməsinin vacibliyini xüsusi vurğuladılar. Çünki dayanıqlı regional sülhün və təhlükəsizliyin təmin edilməsi qarşılıqlı etimad mühiti olmadan mümkün deyil. Gözlənildiyi kimi, Azərbaycan bu görüşdə də bütün Cənubi Qafqazın maraqlarını təmin edəcək mövqelərdən çıxış edərək regionun məsuliyyətli lider ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Yalnız belə bir lider sülh gündəliyini irəli apara bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət prinsiplərinə və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu da bu istiqamətdə real nəticələrin əldə olunmasına dəqiq hesablanıb” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Geri dön