Ana Sayfa > Gündəm / Karusel > Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə ifadə verib
Ziya Məmmədovun sabiq müşaviri məhkəmədə ifadə verib14-02-2017, 14:51. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. AİA.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. R. Əhmədov özünü təqsirli bilmədiyini deyib. Prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev ifadəsində deyib ki, R. Əhmədovu uşaqlıqdan tanıyır və onunla qohumluq əlaqələri var: "Həmişə bizə gəlib-gedirdi, münasibətlərimiz yaxşı olub. Evdə qızlarıma və yoldaşıma məxsus qızıl əşyaları vardı. 2015-ci ildə həyat yoldaşımla müalicə üçün Avstriyaya gedirdim. Buna görə, evdə olan qızılların hamısını dəmir, plastmas qab və karton qutuya yığıb, saxlamağı üçün Rövşən Əhmədova verdim. Bir neçə gün sonra Rövşən qəfildən mənə zəng etdi ki, qızılları qaytarmaq istəyir. Mən də dedim ki, qızılları aparıb qızıma versin. Belə də etdi. Amma qızım mənə zəng edib dedi ki, çantanın çəkisi azdır. Həmin qızıllar təxminən 6-7 kiloqram idi. Mən qızımın evinə getdim və gördüm ki, doğrudan da qızıllar azdı. Rövşəni çağırdım, onun yanında qızıl olan bankanı açdım və qızılların harda olduğunu soruşdum. Rövşən qəfildən qayıtdı ki, məni oğurluqda ittiham edirsiniz? Mənə müharibə elan etdiyini dedi. Mən də bundan sonra polisə məlumat verdim. 10 aydır ki, Rövşən həbsdədir. Haqqımda böhtan xarakterli informasiyalar yayılır". Ç. Baxşıyev R. Əhmədovun onu öldürmək istədiyini də iddia edib: "Mən tez-tez şəhərdə məşq edirəm, qaçıram. Bir dəfə Rövşən mənim qabağıma gəldi, görüşdük, mən qaçdığım üçün susamışdım. O mənə su verdi. Bir neçə gün sonra isə mənim səhhətim pisləşdi. Həkimlər diaqnoz qoya bilmədilər, mədəmdə qanaxma yaranmışdı. Mən əminəm ki, Rövşən o suyu məni zəhərləmək üçün verib". Vəkilin suallarını cavablandırarkən Ç. Baxşıyevin təqsirləndirilən şəxsin adına Salyanda klinika açdığı və Sumqayıtda 2 hektar torpaq aldığı məlum olub. Hakim Ç. Baxşıyevdən qızılları öz qızına deyil, nəyə görə məhz Rövşən Əhmədova etibar etdiyini soruşub. O isə cavabında bildirib ki, qızılları öz qızına vermək istəyib, ancaq sonradan R. Əhmədova verib. Ç. Baxşıyevanın qızı Sevil Baxışova isə ifadəsində deyib ki, R. Əhmodovla 12 ildən artıqdır ki, qohumluq əlaqələri olub: "Gündə bəlkə də 70 dəfə bizə gəlib. Heç ağlıma gəlməzdi ki, qızılları Rövşən mənimsəyər". R. Əhmədov Ç. Baxşıyevin tapşırığı ilə qızına əvvəllər 1 milyon 360 min dollar verdiyini deyib. S. Baxışova isə bunun həqiqətə uyğun olmadığını bildirib. Zərərçəkmiş Fatimə Baxşıyeva ifadəsində deyib ki, bir gün atası Ç. Baxşıyev ona zəng edib və R. Əhmədovdan çantanı almasını istəyib: "Atam mənə zəng etdi ki, Rövşən qızılları gətirib sənə verəcək. Mən də dedim ki, 20 dəqiqəyə evə çatacağam. Həyat yoldaşım evdə idi. Sonra yoldaşıma zəng vurub, dedim ki, Rövşən qızılları gətirəcək. Həmin vaxt da Rövşən gəldi, həyat yoldaşım qapını açıb qızılları Rövşəndən götürdü. Sonra mən gəldim qızılları yoldaşımdan aldım. Çantanı əlimə alan kimi, gördüm ki, çanta yüngüldür. O dəqiqə atama zəng edib dedim ki, bütün qızılları Rövşənə vermişik, bəs çanta niyə çox yüngüldür? Atam isə bunu araşdıracağını dedi. Rövşənə dəfələrlə zəng eləsə də, telefonu sönmüş olurdu". Fatimə Baxşıyeva da atasının R. Əhmədov tərəfindən zəhərləndiyini deyib. Proses fevralın 21-də davam etdiriləcək. Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib. Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb. Xatırladaq ki, R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. AİA.az Geri dön |