Ana Sayfa > Siyasət > Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib
Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilibDünən, 18:07. Yazar: azer |
![]() Ölkə Prezidenti cənab İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısının mətbuata verdiyi bəyanatında: “Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir. Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır” deyə qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana intensiv səfərləri, hər iki ölkənin dövlət başçılarının görüşləri zamanı əldə olunmuş razılıqların icrası istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. İnvestisiya Fondu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, kooperasiya əlaqələrinin inkişafına və bu sahədə imkanların effektiv reallaşdırılmasına töhfə verəcək. Fond həmçinin, ölkələrimiz arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcəkdir. Şamo Qasımov Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Geri dön |