Ana Sayfa > Ölkə > Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanırBu gün, 13:49. Yazar: sevinc1 |
![]() “Azərbaycanda yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində genişmiqyaslı və müasir texnologiyalara əsaslanan işlər aparılır”. aia.az xəbər verir ki, bu sözləri Modern.az-a filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib. O bildirib ki, bu prosesdə süni intellektin imkanlarından geniş şəkildə istifadə olunur: “Hazırda əsas diqqət sözlərin bazasının yaradılmasına yönəlib. Bu məqsədlə "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Xalq qəzeti"nin PDF versiyalarından istifadə edilir və oradakı sözlər toplanaraq sistemləşdirilir. Çünki ilkin baza olmadan hər hansı bir lüğətin tərtibindən söhbət gedə bilməz”. N.Məmmədli əlavə edib ki, toplanan sözlər tezlik lüğətinə əsasən sıralanacaq: “Hansı sözlərin lüğətdə saxlanılacağı, hansılarının isə çıxarılacağı bu analizə əsaslanaraq müəyyənləşdiriləcək. Hazırda bu işlə 14 nəfərdən ibarət komanda ciddi şəkildə məşğuldur”. Professor eyni zamanda qeyd edib ki, bu, adi bir iş deyil və çoxmərhələli, elmi yanaşma tələb edən bir prosesdir: “Yeni orfoqrafiya lüğətinin hazırlanmasında maşınların rolu xüsusilə böyükdür. Əlifba sırasına salınmadan tutmuş, ilkin çeşidlənməyə qədər bir çox mərhələ avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Milli Məclisin sədr müavini Rafael Hüseynovun təqdim etdiyi 900-ə yaxın söz də lüğətdə yer alacaq. Həmin sözlər lüğətin əsas tərkib hissəsində yox, strukturuna dair izahlar bölümündə qeyd ediləcək”. Həmsöhbətimiz həmçinin bildirib ki, lüğətin quruluşunda da mühüm dəyişikliklərin olması nəzərdə tutulub: “Əvvəllər lüğətə yalnız məsdər formaları daxil edilirdisə, yeni lüğətdə sözün kök forması da göstəriləcək. Eyni zamanda, keçmiş lüğətlərdə rast gəlinməyən və ya az olan feili sifətlər də yeni variantda yer alacaq. Bu istiqamətdə ciddi elmi axtarışlar aparılıb və bir çox yeni feili sifət formaları müəyyən edilib”. Professor onu da söyləyib ki, 2013-cü ildə hazırlanmış lüğətdə 110 min söz yer alırdısa, 2021-ci ildə bu rəqəm azalaraq 82 minə düşüb: “Hazırda isə 520 milyon söz və söz forması emal olunaraq araşdırılıb. İndiki halda onların sırasından 180 min söz seçilib, bunun üzərində işlər aparılır. Bu say gələcəkdə artıb-azala bilər. Amma onu deyə bilərik ki, bu konkret olaraq müasir Azərbaycan dilində işlək olan sözlərə əsaslanır”,- deyə N.Məmmədli bildirib. aia.az Geri dön |