Ana Sayfa > Siyasət > Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir.Bu gün, 13:35. Yazar: azer |
![]() İyulun 4-də Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın strateji mövqeyinin və tarixi ədalətin bərpasının dünyaya nümayiş etdirildiyi əlamətdar bir hadisə idi. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı dövlətimizin qətiyyətini, reallığa çevrilmiş bərpa prosesini və iqtisadi əməkdaşlığa verdiyi töhfələri əhatəli şəkildə ortaya qoyub. ECO-nun 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi xüsusi məna daşıyır. Belə bir beynəlxalq tədbirin ilk dəfə Qarabağda – Ermənistanın uzunmüddətli işğalından azad edilmiş torpaqlarda baş tutması suverenliyini tam təmin etmiş bir dövlətin bu ərazilərdə artıq normal həyatın bərpa olunduğunu dünyaya nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü, eləcə də bugünlərdə Xankəndidə keçirilən ECO Zirvəsi Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında Ermənistanın təxminən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını, bu müddətdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb. İşğal dövründə Ermənistan tərəfindən törədilən mədəni və dini vandalizm misli görünməmiş miqyasda idi. Bu faktlar beynəlxalq miqyasda da insan hüquqları pozuntuları və dini dözümsüzlük nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev, həmçinin, sərmayə əməkdaşlığını yeni səviyyəyə qaldırmaq üçün "ECO invest" uzunmüddətli proqramının qəbul edilməsini və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsünü irəli sürüb. Bu proqramın əsas məqsədinin özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionda perspektivli layihələrə cəlb etmək olduğunu bildirib.İlham Əliyev çıxışının sonunda tədbir iştirakçılarına təşəkkür edərək, Xankəndi Zirvə görüşünün dostluğun daha bir nümunəsi olduğunu və burada səsləndirilən ideya və təkliflərin ECO-nun gələcək fəaliyyətində nəzərə alınacağını qeyd edib. Bu Zirvə görüşü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən mühüm beynəlxalq tədbirlərdən biri olaraq, ölkənin regional və beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir. Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi yalnız iqtisadi əməkdaşlıq baxımından deyil, həm də siyasi və mənəvi cəhətdən böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”. Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasının və suverenliyinin beynəlxalq səviyyədə tanınmasının rəmzidir. Zirvə görüşünün məhz işğaldan azad edilmiş Xankəndidə keçirilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır: Azərbaycan artıq öz suveren ərazisində sabitliyi və təhlükəsizliyi təmin edib və bu ərazilər həm daxili, həm də beynəlxalq tədbirlərin keçiriləcəyi yeni mərkəzə çevrilib. Bu, həm də Ermənistanın illərlə yaratdığı “qondarma rejim” mifinin tamamilə məhv olduğunu göstərir. Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni, enerji və nəqliyyat layihələrindəki lider mövqeyini, sülh və tərəqqiyə sadiqliyini bir daha təsdiqlədi. Xankəndidə keçirilən bu görüş təkcə ECO çərçivəsində əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından tarixə yazıldı. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |