Ana Sayfa > Özəl > Uşaqların sevdiyi Ələkbər əmi...-Fuad Biləsuvarlı yazır

Uşaqların sevdiyi Ələkbər əmi...-Fuad Biləsuvarlı yazır


Bu gün, 12:17. Yazar: fuad


Uşaqların sevdiyi Ələkbər əmi...-Fuad Biləsuvarlı yazır


Kim necə düşünür-düşünsün, uşaqlar üçün nəsə yaratmaq — istər tamaşa, istər mahnı, istərsə də hekayə — böyüklər üçün yazmaqdan qat-qat çətindir. Çünki uşaq dünyası safdır, incədir, dürüstdür. Onların qəlbinə yol tapmaq üçün yalnız istedad yetmir — uşaq psixologiyasını dərindən duymaq, onların sevinci ilə sevinmək, kədəri ilə kədərlənmək gərəkdir. Əks halda, istədiyin təsiri yaratmaq mümkün olmaz.

Bir insanın ömrünü bu qədər saf və xeyirxah bir missiyaya həsr etməsi — bir əsrin dörddə biri qədər zaman ərzində uşaqlara sevinc bəxş etməsi — hər kəsə nəsib olmur. Bu xoşbəxtliyi yaşayanlardan biri də vardı: Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Hüseynov, xalq arasında daha çox tanınan adıyla — Ələkbər əmi.

Uşaqlar onu bu adla tanıyır, sevirdi. Amma elə böyüklər də bu səmimi müraciətə öyrəşmişdi. “Ələkbər əmi” — bu sadə, lakin sevgi dolu ad onun sənət yolunun, insanlıq missiyasının simvoluna çevrilmişdi.


Bəs kim idi Ələkbər əmi? Gəlin onun həyat yoluna nəzər salaq...

Ələkbər Adıgözəl oğlu Hüseynov
1961-ci ilin isti iyul günlərindən birində, Bakı şəhərində dünyaya göz açdı. O da bir çox həmyaşıdları kimi məktəb partasına oturdu, amma onda başqalarından fərqli olaraq, içində bir alov vardı — Vətəninə, xalqına şərəflə xidmət etmək arzusu. Bu nəcib hiss onu böyüdükcə daha da möhkəmləndirdi. Öz taleyini sənətə, insan ruhunun dilini danışan aktyorluğa bağladı.

İçinin səsini dinləyərək yolunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən saldı. Dram və kino aktyorluğu fakültəsində oxuyaraq, səhnənin sirlərinə, ifadənin incəliklərinə, duyğuların mimikasına yiyələndi. O, artıq yalnız bir tələbə deyildi — gələcəyin "Ələkbər əmi"si səhnənin ilk addımlarını atırdı...

O illərin sənət aləmində gözəl bir qayda vardı: aktyorluq kimi yaradıcı peşəni seçənlər mütləq əyalət teatrlarında — mədəniyyətin səbirli ocaqlarında — ilk təcrübəsini qazanmalı idilər. Bu, bir növ "sınaq meydanı" idi. Gənc sənətkarlar burada bişir, bərkiyir, ustalaşır və sonra mərkəzə — Bakının böyük səhnələrinə üz tuturdular. Ələkbər Hüseynov da bu mənəvi mərhələlərdən keçərək, Şəki Dövlət Dram Teatrında sənətə ilk salamını verdi.

Teatrın pərdəarxası sükutunda, tamaşaçıların həyəcanla dolu baxışları qarşısında addım-addım böyüyən bu gənc, sonralar Azərbaycan Kukla Teatrında fəaliyyətini davam etdirəcək, 2006-cı ildən isə teatrın baş rejissoru olaraq öz izini dərinləşdirəcəkdi...


Ələkbər Hüseynovun sənət yolunun ilk addımları Şəki Dövlət Dram Teatrında atıldı. Beş ildən artıq çalışdığı bu sənət məbədində o, gənc aktyor kimi bir-birindən maraqlı obrazlar yaratdı, tamaşaçıların zövqünü oxşadı. Hər rol onun üçün yeni bir dünya idi — səhnədəki hər çıxış, özünü daha dərindən tanımaq, sənətə daha sıx bağlanmaq demək idi.

Təcrübəli həmkarları ilə eyni səhnəni bölüşmək, onların yanında püxtələşmək, Ələkbər Hüseynovun özünə olan inamını artırdı. O, artıq sadəcə bir aktyor deyildi — səhnənin nəfəsini duyan, tamaşaçının ruhuna toxunan bir sənətkar idi. Şəki Teatrında qazandığı təcrübə onun gələcək uğurlarının təməlini qoydu. Bu illər onun yaddaşında yalnız peşəkar inkişaf dövrü kimi deyil, həm də sənətə olan sevgisinin möhkəmləndiyi bir mərhələ kimi qaldı.

1988-ci ildən isə onun sənət yolunda yeni bir səhifə açıldı — Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı. Burada o, aktyor kimi fəaliyyətini davam etdirdi və məhz bu teatrda “Ələkbər əmi” obrazı doğuldu. Bu ad sadəcə bir ləqəb deyildi — uşaqların sevinci, böyüklərin rəğbəti, səhnənin səmimiyyəti idi. Onun yaratdığı obrazlar, oynadığı rollar, səhnəyə gətirdiyi enerji və sevgi onu xalqın yaddaşında silinməz izlərlə yaşatdı.



Ələkbər əmi Kukla Teatrının səhnəsində yaratdığı obrazlarla təkcə balaca tamaşaçıların deyil, onların valideynlərinin də qəlbində özünə yer açdı. Hər tamaşadan sonra səslənən alqışlar, sevinc dolu baxışlar, gülüşlə dolu salonlar — bunlar onun sənətinin səmərəsini göstərirdi. Bu alqışlar sadəcə təşəkkür deyildi, onlar Ələkbər əmini yeni uğurlara səsləyən ruhun səsi idi.

Hər bir teatrın öz nəfəsi, hər bir rejissorun öz baxışı, hər bir aktyorun isə öz dəsti-xətti olur. Ələkbər Hüseynov da Kukla Teatrının ab-havasına tez alışdı, onu öz enerjisi ilə zənginləşdirdi. Onun yaratdığı obrazlar — Keçəl, Lel, Nağılçı, Qoca — səhnədə canlanmaqla qalmadı, uşaqların xəyal dünyasında da yaşayırdı.

Bu istedad və səmimiyyət onu bir çox beynəlxalq festivallara apardı. İstanbulda, İranda, Türkmənistanda keçirilən festivallarda “Keçəlin toyu” və “Bülbül” tamaşaları ilə çıxış edərək laureat adına layiq görüldü. Bu uğurlar onun sənət yolunun yalnız yerli deyil, beynəlxalq səviyyədə də tanındığını göstərirdi.

Və nəhayət, 2007-ci ildə Polşa Respublikasının uşaqlar tərəfindən təqdim edilən “Təbəssüm” ordeninə layiq görüldü — bu, dünyada yalnız uşaqların verdiyi yeganə mükafatdır. Mükafatın təqdimetmə mərasimi Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. Ələkbər əmi bu ordeni almaq üçün gülümsəyərək bir stəkan limon şirəsi içdi — bu, mükafatın rəmzi şərtidir. Bu an, onun sənətinin zirvəsi idi: uşaqların gülüşü ilə taclandırılmış bir ömür.


Azərbaycan Televiziyasından dəvət aldıqda, Ələkbər Hüseynov bir daha əmin oldu ki, artıq o, bir aktyor kimi özünü təsdiqləmişdir. Bu dəvət onun sənət yolunda yeni bir mərhələnin başlanğıcı idi. Televiziya əməkdaşı Səyyarə Tağıyevanın təklifi ilə “Göydən üç alma düşdü” adlı verilişdə birgə çalışdılar — bu veriliş uşaqların dünyasına nağıl nəfəsi gətirirdi.

Daha sonra isə “Hər birimiz bir çiçək” adlı veriliş ərsəyə gəldi. Bu proqramda Ələkbər əmi aparıcı kimi çıxış edərək, körpə tamaşaçıların sevimlisinə çevrildi. Onun səsi, mimikası, səmimiyyəti ekranın o tayından uşaqların qəlbinə yol tapırdı. Veriliş 13 il boyunca efirdə yayımlandı və bu müddət ərzində minlərlə uşağın yaddaşında silinməz izlər buraxdı.

O illərdə elə mən özüm də bu verilişi maraqla izləyənlərdən biri idim. Uşaqlığımızın gözəl xatirələrindən biri də məhz həmin veriliş idi. Yadıma gəlir, Xalidə nənəm yemək yemədiyim zaman məni qorxudurdu: “Bax, Ələkbər əmiyə deyəcəm ha!” — o qədər sevirdik ki, onun verilişi ilə yuxuya gedib, yuxudan oyanırdıq. Bu, sadəcə bir televiziya proqramı deyildi — uşaqlıq duyğularımızın himni idi.

2000-ci ildə Ələkbər Hüseynov Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görüldü. Bu, onun sənətə verdiyi töhfələrin rəsmi tanınması idi. 2006-cı ildən isə Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olundu. Teatrın gündəlik tamaşaları, qastrol səfərləri, yaradıcı layihələri onun rəhbərliyi ilə yeni nəfəs aldı. Ən önəmlisi — teatr truppası ona inanırdı, onun enerjisi ilə yaşayırdı.

Yaradıcı insanlar üçün vaxt həmişə az olur. Amma Ələkbər Hüseynov bu məhdudiyyəti sanki hiss etmirdi. Teatrla yanaşı, kino sahəsində də fəal idi. O, “Yaşıl eynəkli adam”, “Analar”, “Etiraf”, “Bala-başa bəla”, “Təsadüfi görüş”, “Bir anın həqiqəti” kimi filmlərdə canlandırdığı obrazlarla Azərbaycan kino tarixində öz adını qızıl hərflərlə yazdı.



Kukla Teatrının zəngin repertuarında bir ad daim ön sırada yer alırdı — Ələkbər əmi, yəni Ələkbər Hüseynov. O, təkcə əsas rolların ifaçısı deyildi, həm də səhnənin ruhunu daşıyan, tamaşalara can verən bir sənətkar idi. Bəzən bir tamaşada bir neçə obrazı eyni anda canlandırmaq lazım gəlirdi — dirijor, qoca, müğənni, Lel, Keçəl... Və Ələkbər əmi bu çətin vəzifələrin öhdəsindən elə ustalıqla gəlirdi ki, səhnə onunla nəfəs alırdı.

Onun iştirakı ilə səhnəyə qoyulan “Tıq-tıq xanım”, “Keçəlin toyu”, “Qar qız” kimi tamaşalar körpə tamaşaçılara minbir sevinc bəxş edirdi. Bu tamaşalar sadəcə əyləncə deyildi — uşaqların dünyasına açılan pəncərə, xəyallarına toxunan nağıl idi.

Amma təəssüf ki, belə bir istedadlı aktyorun ömür yolu qısa oldu. Cəmi 46 il yaşadı Ələkbər əmi. Bu illərin 24 ili səhnədə keçdi — alqışlar içində, sevgi dolu baxışlar arasında, uşaqların gülüşü ilə müşayiət olunan bir ömür. 2007-ci ildə, uzun sürən Hepatit C xəstəliyindən sonra dünyasını dəyişdi. Onun gedişi sənət aləmi üçün böyük itki idi, amma xatirəsi — səhnədəki obrazları, ekrandakı gülüşü, uşaqların yaddaşındakı səsi — hələ də yaşayır.

Ələkbər əmi səhnəni sadəcə peşə kimi deyil, həyatın özü kimi sevirdi. O, bu həyatı qısa da olsa, kişi kimi yaşadı. Ürəklərdə iz qoydu, yaddaşlarda silinməz bir ad oldu.

Yerin behişt olsun, Ələkbər əmi...
Səhnə səni unutmayacaq. Uşaqlar səni unutmayacaq. Biz — sənin verilişinlə böyüyənlər — səni heç vaxt unutmayacağıq.

Doğmaları və sənət dostları onu məhz bu cür xatırlayırdılar — səmimiyyəti ilə, gülüşü ilə, səhnəyə verdiyi canla.

Xalq artisti, diktor Şərqiyyə Hüseynova onun yoxluğunu hamı üçün ağır itki hesab edir:

" O, uşaqların yaxın dostu idi. Uşaqlığı demək olar ki, elə bizdə mənim qucağımda keçib. Çox mehriban, istedadlı insan idi. Onun yoxluğu nəinki, qohumları, yaxınları üçün, həmçinin uşaqlar üçün ağır itgidir. Uşaqlar ilə rahat dil tapmasına səbəb özünün uşaq kimi məsum olması idi. Ələkbər, Polşa kapitulasının verdiyi "Gülüş" ordeninə layiq görülən yeganə azərbaycanlı idi. Bu ordenin sahibləri S. Abrazsov, M.Teyçer, A. Linqrin kimi insanlar olub. Bu gün telekanalların sayı çoxdur. Oradakı uşaq verlişləri də maraqsız deyil. Lakin heç birinin aparıcısı Ələkbər kimi uşaqları ələ ala bilmir. Bu gün onun yeri görünür".




Hər kəslə dil tapa bilən insan

Xalq artisti Səidə Quliyeva “Mən Ələkbərlə yaradıcılıq ünsiyyətində olanda o, artıq hörmətli və daha çox uşaqların sevimlisi olan aktyor idi”, - deyə xatırlayır:

“Əli Əmirlinin “Bala başa bəla” tamaşasında onunla işlədik. Ona qədər isə Ələkbəri bir aktyor kimi tanıyırdım. Hətta Şəki Teatrında işləyərkən də onu izləyirdim. Maraqlı və orijinal bir aktyor idi. Onun bənzəri yox idi, rəngarəng rollar oynayırdı. Bu da məni cəlb etmişdi. “Bala başa bəla” tamaşasına dəvət alanda və biləndə ki, oğlumu Ələkbər oynayacaq, bir az tərəddüd etdim. Mən ondan cəmi 4-5 yaş böyük idim. “Şərif Qurbanəliyevlə Ramiz Həsənoğlu necə olub ki ana rolunu mənə, oğlumu da ona veriblər?”- deyə təəccübləndim. Amma əsəri oxuyandan və məşq prosesindən sonra gördüm ki, yaş fərqi görünməyəcək. Tamaşaçı da “O qədər cavan analar var ki…” - deyə o fərqə varmadı. Biz bu nöqteyi-nəzərdən yanaşdıq və mənə elə gəlir ki, uduzmadıq. “Bala başa bəla” tamaşasının çəkilişləri zamanı dörd ay məşq elədik. İndi demək olar ki, belə məşqlər olmur. Bir ay ərzində hər gün çəkildik”. S.Quliyeva həmkarının xarakterindən danışaraq, onun mülayim təbiətli insan, hər kəslə dil tapa bilən şəxs olduğunu deyir: “Çəkiliş meydançasından çıxanda artıq gec olurdu. Biz evə bir qayıdırdıq. Yol boyu onun xarakterini daha yaxından öyrənirdim. Ələkbər hamı ilə öz dilində danışmağı bacarırdı. Amma özünə qarşı həddindən artıq sərt idi. Uşaqlar onu çox sevirdilər. Dünyasını dəyişəndə uşaqlar ağlayırdılar, bu xəbərə inanmaq istəmirdilər. Ələkbər “Təbəssüm” ordeni ilə təltif olunmuşdu. Dünyanın bir çox məşhur insanları bu ordenə layiq görülüb. Ələkbərin belə bir yüksək mükafata layiq görülməsi ölkəmiz üçün də böyük hadisə idi. Ancaq ordeni alandan sonra cəmi 20-25 gün yaşadı”.


“Sanki iki daşın arasında qalmışdı”

“1987-ci ildə Kukla Teatrına baş rejissor təyin olunduqdan sonra Ələkbər Hüseynovu teatra dəvət etdim” - deyə rejissor Namiq Ağayev xatırlayır:

“Onda Ələkbər Şəki Teatrında işləyirdi. Eyni zamanda, Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışırdı. Sanki iki daşın arasında qalmışdı. Gənclər Teatrı da ağır sənət yeri idi, Kukla Teatrı da gərgin zəhmət tələb edirdi. Ələkbər səhhəti ilə əlaqədar iki teatrdan birini seçməli idi. Həkimlər ona bu qədər işləməyi məsləhət görmürdülər. Çünki artıq ağrıları vardı və əməliyyat olunmuşdu. O, sonunda Kukla Teatrını seçdi. Biz onunla “Pəri cadu” tamaşasını hazırladıq, baş rolda oynadı. Ələkbərlə kukla sənətinə adaptasiya dövrü keçirdik. Çünki dram teatrından gələn rejissor yarı canlı, yarı kukla istifadə etməklə bağlı bir adaptasiya dövrü keçir. Biz bu mərhələni birlikdə adladıq. Teatrda Oqtay Dadaşov, Şahmar Hüseynov, Ruslan Həsənov, Mansur Mansurov kimi ustadlar vardı, onlar da təcrübələrini Ələkbər əmi ilə paylaşdılar və biz böyük nailiyyətlər əldə etdik. Onu sanki transfer
edilmiş futbolçu kimi komandaya yerləşdirmişdim. Sonradan başqa əsərlərdə də rol aldı. O, dünya mədəniyyətini öyrənməyə çalışan insan idi. Gözəl musiqi qabiliyyəti də vardı. Nağara, saz çalmağı, nəlbəkilər üzərində ifa etməyi öyrəndi. Biz çox festivallara dəvət alırdıq. Sonra o, mənsiz də “Bülbül” və “Keçəlin toyu” tamaşaları ilə Avropanı dolaşdı. Onun tamaşaları bir sıra beynəlxalq festivallarda birincilik qazandı. Sonra da Polşanın “Təbəssüm” ordeninə layiq görüldü. Bu medalı ona şəxsən birinci xanım Mehriban xanım Əliyeva təqdim etdi. Bu, böyük şərəf idi”.




“Dəyərli dost və gözəl insan idi”

Əməkdar artist Rəhman Rəhmanov deyir ki, Ələkbər Hüseynov Kukla Teatrına gələndə ilk dəfə onların truppasında işləyib:

“Biz onunla son günə qədər yaxın dost olmuşuq. İlk dəfə qastrola da mənimlə gedib. Bir neçə ölkəni gəzdik. Hər səfərdə onun nə qədər istedadlı aktyor olduğuna heyran olurdum. Sonra bir çox tamaşalarda bir yerdə oynadıq. Tehranda Ümumdünya Kukla Teatrları Festivalında “Oxay və Əhmədin nağılı” ilə qalib olduq. Dəyərli dost və gözəl insan idi”.



P.S.Ələkbər əmi...
Bu ad mənim uşaqlığımın ən sevimli simvoludur. Ekran qarşısında gözləri gülən uşaq idim, verilişini səbirsizliklə gözləyərdim. Yalnız səhnədə deyil, ürəklərdə yaşayan, hər çıxışı ilə sevinc saçan bir insandı o.

Bu yazı — sadəcə xatirə deyil, həm də minnətdarlıqdır. Bir sənətkarın ömrünə yazılmış şeir kimidir. Həm uşaqların təbəssümündə, həm böyüklərin alqışında yaşayan bir adın önündə hörmətlə baş əyirəm.

Ələkbər əmi, sən getdin, amma qoyduğun sevgi buradadır.
Qəlbimizdə, yaddaşımızda, sənətin ruhunda...

Bu yazını qələmə alarkən, bir aktyorun bioqrafiyasını yox, bir xatirəni yaşatdım. Ələkbər əmi — sadəcə səhnədə yaşayan bir sənətkar deyil, uşaqlığımızın dostu, gülüşümüzün səbəbi, həyatımıza rəng qatan bir insandı.

O, bizimlə böyüdü, biz onunla gülümsədik. Verilişlərindən, tamaşalarından, sadə, səmimi çıxışlarından bizə ötürdüyü sevgini indi sözlə geri qaytarmağa çalışıram. Uşaqlığın bir səsi vardı — gülən, oyadan, düşünməyə sövq edən — o səs Ələkbər əminin səsi idi.

Bu yazı, onun doğum günündə — 7 iyulda qələmə alındı. Sözün səsinə, xatirənin nəfəsinə, sənətin qədirbilən ruhuna həsr edildi.

Yerin behişt olsun, Ələkbər əmi. Səhnə səni yaşadır, özün kimi işıqlı xatirələrin səni unudulmağa qoymayacaq.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı







Geri dön