Ana Sayfa > Siyasət > Azərbaycan sabitlik diyarı və böyük investisiyalar məkanı kimi nüfuz qazanıb
Azərbaycan sabitlik diyarı və böyük investisiyalar məkanı kimi nüfuz qazanıbBu gün, 09:58. Yazar: azer |
![]() "Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.» Dövlət başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə onu da əlavə etdi ki, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirildi. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Uğurlarımıza yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanmasıdır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Bunun üçün təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də məlumdur. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Dövlət başçısı İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi. «Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, indi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşü Azərbaycanın, eyni zamanda, digər üzv dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı xüsusi qeyd etmək kifayətdir ki, Zirvə görüşü çərçivəsində ölkə liderlərinin Qarabağda görülən işlərlə, həmçinin bölgənin malik olduğu imkanlarla yaxından tanışlığı əməkdaşlığın gələcək inkişafı üçün böyük stimul oldu. Reallıq budur ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında iqtisadi təşəbbüsləri və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir. Azərbaycanın sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanması iqtisadi əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.Azərbaycan, eyni zamanda, qlobal nəqliyyat qovşağı kimi də dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı olduğu mühüm enerji və nəqliyyat layihələri yeni körpülərin yaradılmasını şərtləndirən mühüm amillərdəndir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü bu uğurlarımıza yeni əlavələr edəcək. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |