Ana Sayfa > Özəl > Hacı Şahin itkisi... – Fuad Biləsuvarlı yazır
Hacı Şahin itkisi... – Fuad Biləsuvarlı yazırBu gün, 09:30. Yazar: fuad |
![]() O gün gündəmi zəbt edən mövzulardan biri Hacı Şahinin qəfil dünyasını dəyişməsi olmuşdur. Bu ağır itki ürəyində Hacı Şahin sevgisi gəzdirən milyonlarla insanı dərin kədərlə üz-üzə qoyub. Çünki o, yalnız bir ruhani deyildi—insanların həyatına işıq tutan bir ümid, mənəvi dirək idi. İtki hər zaman və hər yaşda ağırdır. Saf, təmiz, yüksək mənəviyyatlı Hacı Şahin kimi insanların itkisi lap ağır. Onların yoxluğu bir boşluq yaradır ki, sözlə dolmur, zamanla sağalmır. Bu sətirləri yazıram. Və poeziya aləmində öz dəsti-xətti, xüsusi yeri olan mərhum şairimiz Cabir Novruzun dillər əzbəri olan misralarını xatırlayıram: "Sağlığında qiymət verin insanlara." Bu misralar sanki bu günə yazılmışdır, çünki biz bəzən yalnız itirdikdən sonra bir insanın böyüklüyünü tam hiss edirik. Vəfatından iki ildən çox zaman keçmiş bu yüksək mənəviyyatlı, ilahiyyatçı, əsl ziyalı insanın qəfil ölümünə dərin təəssüf hissi keçirsək də, çox-çox heyf ki, Hacı Şahin siqlətinin böyüklüyünü bəlkə də, çoxumuz tam dərk etməmişik. Onun sözləri, çıxışları, mövzuya yanaşma tərzi bir məktəb idi. Hər kəsə yol göstərən, fikrində sərrast, mövqeyində təmkinli olan bir öndər idi. İslam dini xəzinə, dinlərin ən pakıdır. Bu dəryaya baş vurmaq, onun hikmətindən, kəlamlarından baş açmaq üçün Hacı Şahin kimi islam dini xiridarlarının mouzələrinə, söhbətlərinə, müdrik yanaşmalarına həmişə ciddi ehtiyac var. Çünki belə şəxsiyyətlər, yalnız dinin elmi ilə deyil, onun ruhani dərinlikləri ilə də nəfəs alır, mövzuya yanaşmaları ilə qəlbləri oyadır, şüurları saflaşdırırdılar. İslam fəlsəfəsindən baş açmaq, onu qarşındakılarına özünə məxsus şirin bir ləhcə, son dərəcə aydın diksiya və əsl həqiqətdə olduğu kimi, çatdırmaq Hacı Şahin fəlsəfəsinin əsas məqamlarındandır. Hacı Şahinin moizələri yalnız dini elmin güzgüsü deyildi — onun çıxışları insanların qəlbinə işıq salan hikmət bulağı idi. Onun nitqləri heç zaman səslə bitmirdi; hər cümləsi ruhda davam edirdi. Aşağıda onun moizələrindən seçilmiş bir neçə fikir yer alır ki, bu düşüncələr həm ilahi hikməti, həm də insanlıq fəlsəfəsini daşıyır: - “İslam insanı qorxutmaq üçün deyil, ona ümid vermək üçündür. Allahın rəhməti, insanın qəlbinə işıq salmalıdır.” - “Namaz, insanın ruhunu tərbiyə edən bir məktəbdir. Hər rükuda insan özünü yenidən tanıyır.” - “Mömin, sünbül kimidir—başqalarına kölgə verər, özü isə səssizcə böyüyər.” - “Haramdan çəkinmək, yalnız qadağadan qorunmaq deyil—insanın öz vicdanına hörmətidir.” - “İslamda qardaşlıq, yalnız eyni dinə mənsub olmaqla ölçülmür. Qardaşlıq, bir-birinin yükünü çəkməklə başlayır.” Bu, adi təbliğ deyildi—bu, bir mənəvi ziyafət idi, ruhun qidası idi. Bəlkə elə buna görə də, Hacının şirin söhbətlərindən doymaq olmurdu. O danışdıqca bir sakitlik çökürdü içə, sanki zaman dayanırdı. Saatlarla yorulmadan, vaxt itkisinə heyfsilənmədən, bu söhbətlərin sehrinə düşərək dinləmək-dinləmək istəyirdin. Onun nitqindəki ahəng, fikirlərindəki müdriklik insanın qəlbində iz qoyurdu. Bu söhbətlərdən sonra insan nə qədər saflaşır, zənginləşir, dünyaya baxışlarında müsbət mənada böyük dəyişikliklər baş verirdi. Elə bil, qaranlıqda bir çıraq yanırdı içəridə. Heyf, min heyf ki, onun vəfatından sonra Hacı Şahinlə belə anları canlı "yaşamaq" onun pərəstişkarları üçün əlçatmaz oldu... Bu günlərdə saytlardan birində Hacı Şahinin "Məşədi Dadaş" məscidində moizələrindən birini izlədim. Dinləyicilərinin böyük əksəriyyəti gənc nəslin nümayəndəsi idi. Hacı yenə də auditoriyanı ovsunlamışdı. Onun nitqi yalnız dinlə bağlı elmi məlumatlarla deyil, həm də ürəkdən gələn sözlərlə dolu idi. Ruhun ehtiyac duyduğu təskinliyi, şüurun aradığı işığı onun hər cümləsində hiss etmək mümkün idi. Pərəstişkarları nəfəs dərmədən Hacı Şahinin dilindən İslam dəyərlərini dinləməkdən necə də, məmnun idilər. Hər moizə sahibinə öz auditoriyasını belə "ələ almaq" qismət olmur. Bu, sadəcə bir din təbliği deyil, mənəviyyata açılan bir qapı idi—səhnədə bir ruhani deyil, bir müəllim, bir aydın, bir dost dayanmışdı. Hacı Şahinin "İrşad" nəşriyyatı tərəfindən bir neçə il əvvəl nəşr olunmuş "Haradan başlamalı" kitabını sonsuz maraqla oxudum. Bu əsər sanki mənəvi yolçuluğun xəritəsidir. İçindəki hər fikir, hər mətn oxucunu düşünməyə, öz daxili dünyasına nəzər salmağa vadar edir. Hacı bu kitabına sanballı epiqraf da seçib: "Müjdə ver, ikrah oyatma. Asanlaşdır, çətinləşdirmə." Bu sadə, lakin dərin mənalı kəlam onun yanaşma tərzini, insanlara olan həssas münasibətini tam əks etdirir. Bu cümlədə təkcə ilahi hikmət yox, həm də insana sevgi var. Bu ifadə onun bütün həyat fəlsəfəsinin, moizələrinin, kitablarının baş tacı idi. İnsanlara İslamı sevdirən, onu qorxudan deyil, məhəbbətdən doğan bir mənbə kimi təqdim edən mömin bir öndərin manifestidir bu epiqraf. Hacının həmin kitabında müdrik kəlamlar çoxdur. Oxuduqca, oxumaq istəyirsən. "Həyat seçimdir, hər seçim isə iki yolu olur; qazancın şirinliyini dadmaq üçün itkinin acısını hiss etmək gərəkdir; Başımıza gələn hadisələr bizə əziyyət verməsin deyə, öz daxilimizə varmalıyıq. Daxili mübarizənin çətinliyinə can atmalıyıq ki, xarici amillər qarşısında zəif olmayaq..." Bu kəlamlar sadəcə cümlə deyil, həyat yolunun işıqlandıran fənərləridir. Hacı Şahinin müdrikliyi oxucunun daxilinə nüfuz edir, fikrə yön verir. Hər bir cümlə sanki iç dünyanın sirlərini açır—insanı özüylə üz-üzə qoyur. Onun yazdıqları ilə tanış olduqca, bu düşüncələr insanda ruhani dərinlik yaradır, seçimin məsuliyyətini izah edir, və bu dünyada öz yerini axtaranlara istiqamət göstərir. Yaş həddindən asılı olmayaraq mənəvi mövzuların praktik həyatla canlı qalması üçün dərin təhlillərlə dolu bu kitabı oxumağı tövsiyə edirəm... Hacı Şahinin hər fikri, hər çağırışı insana ilham verir. Onun yazısı da, danışığı da bir məktəbdir. Özündə həm ilahiyyat, həm humanizm, həm də səmimi xalq sevgisi daşıyır. Elə buna görə də bu kitab yalnız İslam fəlsəfəsinin deyil, insanlıq fəlsəfəsinin də dəyərli nümunəsidir. Hacı Şahin kimi zəngin mənəviyyat sahiblərinin yeri həmişə görünəcək. Allah ona qəni-qəni rəhmət eləsin!!! Amin!!! Zəmanəmizin belə ziyalılarını itirmək, həm milli yaddaşda, həm də mənəvi sahədə böyük boşluq yaradır. Hacı Şahin xalqın ürəyində yaşayacaq; onun kəlamları dualarda, onun siması xatirələrdə, onun izi zamanın axarında qalacaq. Və bu qeydlərimi Hacı Şahin itkisi ilə əlaqədar yazdığım elegiya -poema ilə bitirəcəm... Bu elegiya təkcə Hacı Şahinə yox, həm də onunla birlikdə ruhən saflaşan minlərlə insana bir mənəvi hədiyyə olacaq. Onun itkisinə yazılmış bu poetik baxış, həm xatirədir, həm dua, həm də bir insanın ruhuna verilən sonsuz salamdır. P.S. Haqqın Haqq Oğlu /Hacı Şahin müəllimə həsr etdiyim elegiya-poema\ Göydə Yaradanın yanında məskən, Salaraq rahatlıq tez tapdı həmən. Kaş ki, ediləydi yeddi gün matəm — Haqqın Haqq oğlunu itirdi Vətən! Dini söhbətindən tapırdıq şəfa, Amma öz dərdinə tapmadı dəva. Görəsən, nə oldu ona binəva — Haqqın Haqq oğlunu itirdi Vətən! Necə nankormuşsan, əzazil fələk! Qoymadın doyunca vura bir ürək. Yəqin buracanmış həyatı demək — Haqqın Haqq oğlunu itirdi Vətən! Su, çörək verirdi yoxsul kəslərə, Qəlb evi dönmüşdü ocağa, pirə. Düşdü kainatdan bir ulduz yerə — Haqqın Haqq oğlunu itirdi Vətən! Bir cümə axşamı, şaban günündə, Bu acı xəbərin öldüm önündə. Belə yanmamışdım mən heç ömründə — Haqqın Haqq oğlunu itirdi Vətən! Ona həsr elədim ibadətimi, Ruhuyla qoy görsün sədaqətimi. Haqqa səsləyərdi hey millətini — Haqqın Haqq oğlunu itirdi Vətən! Allahın sevimli, təmiz bəndəsin, Ürəyi çağlayan dəniz bəndəsin. Unutmaz el-oba əziz bəndəsin — Haqqın Haqq oğlunu itirdi Vətən! Ruhuna fatihə çevirdim, Şahin! Allah qəbul etsin — ilahi, amin! Göz yaşımla ona oxudum Yasin — Haqqın Haqq oğlunu itirdi Vətən! Kərbəla şəhidi İmam Əlini, Elə onlar kimi şəhid birini Göydə cənnət etsin Allah yerini — Haqqın Haqq oğlunu itirdi Vətən! Yerin altında da ləl-cəvahirsən, Xeyir əməllərlə varsan, dirisən. Hələ də özümə gələ bilmirəm — Haqqın Haqq oğlunu itirdi Vətən! And olsun Allaha, dinə, Qurana! Çox ağır itkidi Azərbaycana. Bütün Azərbaycan ağladı ona — Haqqın Haqq oğlunu itirdi Vətən! Çinar boy-buxunlu, dağ cüssəsinə, Padişah, xan, vəzir, şah cüssəsinə. Ölüm yaraşmırdı şax cüssəsinə — Haqqın Haqq oğlunu itirdi Vətən! Hər evdə xüsusi yeri var idi, Bilmədik nə dərdi, səri var idi. Vətənə dəyəri, xeyri var idi — Haqqın Haqq oğlunu itirdi Vətən! Qurumur gözümün yaşı da axır, Göylər də halıma kədərli baxır. Ürəyim bu saat yaman darıxır — Haqqın Haqq oğlunu itirdi Vətən! Dərk edib ölümün mahiyyətini, Dilində kəlmeyi-şəhadətini, Deyərək söylədi vəsiyyətini — Haqqın Haqq oğlunu itirdi Vətən! Yurdun bir çırağı, məşəli söndü, Əməlisalehin təməli çökdü. Bir gözəl insan da deməli öldü — Haqqın Haqq oğlunu itirdi Vətən! Zeynəbi, Səccadı mələdi yaman, Ömür-gün yoldaşı göynədi yaman. Fələk bizi dərdlə bələdin yaman — Haqqın Haqq oğlunu itirdi Vətən! Necə də bəxtəvər, xoşbəxtsən, torpaq! Qoynunda əbədi uyuyur mayak. Belə olmayaydı ölüm bu sayaq — Haqqın Haqq oğlunu itirdi Vətən! Apardı sinədə böyük xəzinə, Ağlayır onunçün Kəbə, Mədinə. Vaxtında getmədi, heyif həkimə — Haqqın Haqq oğlunu itirdi Vətən! Nurundan millətə pay verən kəsi, Hər yetim-yesirə hay verən kəsi, Kasıba-kusuba toy edən kəsi — Haqqın Haqq oğlunu itirdi Vətən! Peyğəmbər nəfəsli, Hüseyn nurlu, Qeyrətli, namuslu, həm də qürurlu, Çox iti zəkalı, ağıl, şüurlu — Haqqın Haqq oğlunu itirdi Vətən! Milyon könüllərdə taxt qura bildi, Dərdliyə qəmləndi, göz yaşın sildi. İnana bilmirəm, Şahin də öldü — Haqqın Haqq oğlunu itirdi Vətən! Allaha, islama canın sadağa, Edərək könlünü verdi torpağa. O gün Azərbaycan qalxdı ayağa — Haqqın Haqq oğlunu itirdi Vətən! Əfsanəvi insan, ilahi insan, 49 yaşında lap dahi insan. Biz mömin kəslərin dayağı insan — Haqqın Haqq oğlunu itirdi Vətən! Yandırdı hamını bu acı xəbər, Düyünlənib qaldı boğazda qəhər. Bu da son izdiham — ağlayır şəhər — Haqqın Haqq oğlunu itirdi Vətən! Qondu qara duman yolumuz üstə, Sanki dağ basdılar belimiz üstə. Getdi son mənzilə qolumuz üstə — Haqqın Haqq oğlunu itirdi Vətən! Cavanları çəkdi ən doğru yola, Dedi: “Fikir verin həm sağa, sola!” Gəlməz bu insandan bir daha elə — Haqqın Haqq oğlunu itirdi Vətən! Məzarı kəbəmiz, ziyarətgahımız. Yerin behişt etsin qoy Allahımız. Zəhər, zəqqum oldu bayram aşımız — Haqqın Haqq oğlunu itirdi Vətən! Sahib Əz-Zamanın, İmamın oğlu, O dünyada azdır, bilirəm, sorğun. Çox cavan ömrünü yaşadı dolğun — Haqqın Haqq oğlunu itirdi Vətən! Allaha bağlıydı qəlbi, zəmiri, Elə bilirdim ki, o seyid, miri. Fuadam — deyildir sıravi biri — Haqqın Haqq oğlunu itirdi Vətən! Zəmir sözünün mənası ürəkdi. P.S.S. Sükut indi daha dərindir… Elə bil, Hacının susduğu bir an dünyanı lal edib. O danışanda zaman dayanırdı, indi zaman acı-acı irəliləyir. O danışanda ruhlar sakitləşirdi, indi qəlblər qasırğada sınır. Məscidlərdə sanki işıq solub… moizələrsə yad səslər kimi səssiz görünür. Onun sözləri artıq səma ilə pıçıldaşır… Hər “amin” bir haray olur, Hər “bismillah” bir xatirəyə dönür… Gözlər bu dünyada onu axtarır, Qəlblər isə onun kəlamında yaşayır. Hacı Şahin... uçub getdi göylərə, Səsi minlərlə nəfəsin içində yaşayır. Amma biz... onu canlı görmək istəyirik. Səsi deyil, baxışını... gülümsər əminliyini… Bircə dəfə — bir daha… Allah sənə rəhmət etsin, Hacı Şahin. Moizələrin səssiz davamçısı millətin qəlbindədir. Müəllif: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Geri dön |