Ana Sayfa > Siyasət > Xankəndidə yazılan tarix və Zəfərin simvolu olan ECO Zirvə görüşü

Xankəndidə yazılan tarix və Zəfərin simvolu olan ECO Zirvə görüşü


Dünən, 16:38. Yazar: azer
Xankəndidə yazılan tarix və  Zəfərin simvolu olan ECO Zirvə görüşü

Tarixin bəzi anları var ki, sətirlərdə deyil, yaddaşlarda əbədi həkk olunur. 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də məhz belə bir an, belə bir tarix idi. Qədim Azərbaycan torpağı olan Qarabağda, Xankəndidə dost, qardaş ölkələrin liderlərini salamlamaq, bu şəhəri beynəlxalq diplomatiyanın mərkəzinə çevirmək – yalnız siyasi hadisə deyildi; bu, həm də milli qürurun, əzmin və ədalətin təntənəsi idi. Cənab Prezident İlham Əliyevin səmimi sözləri ilə desək: “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.” Azərbaycan üçün bu, artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi etmək şərəfidir. Əvvəlki iki görüş – 2006 və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdi. Amma bu dəfə – işğaldan azad edilmiş torpaqda, Xankəndidə keçirilən görüşün mənası çox daha dərin, çox daha rəmzi idi. Bu həm də azad torpaqda beynəlxalq dialoq idi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə keçirilməsi xüsusi rəmz daşıyır. Çünki bu torpaqlar uzun illər ərzində düşmən tapdağında idi. Amma Azərbaycan xalqının əzmi, ordusunun gücü, liderin qətiyyəti ilə azad olundu. Və budur: artıq bu şəhər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Şuşada 2023-cü ildə ECO Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşü – bunların hər biri azad Qarabağın beynəlxalq diplomatiyada möhkəmlənən yerinin sübutudur. İndi isə Xankəndidə – yeni inşa edilmiş Konqres Mərkəzində ECO Zirvə görüşü keçirildi. Bərpa və quruculuq, vandalizmdən dirçəlişə hər şey göz qabağında idi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri gedir. 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladı, bir milyondan artıq azərbaycanlını dədə-baba yurdlarından didərgin saldı, şəhər və kəndlərimizi, mədəni və dini irsimizi yerlə-yeksan etdi. Təsəvvür edin 67 məsciddən 65-i yerlə bir edilib, qalan ikisi isə təhqiramiz şəkildə donuz və inək tövləsi kimi istifadə olunub. Qəbiristanlıqlar dağıdılıb, qədim qəbir daşları Ermənistana aparılıb. Dövlət komissiyasının qiymətləndirməsinə görə, Azərbaycanın maddi itkiləri təxminən 150 milyard ABŞ dollarıdır. Amma Azərbaycan xalqı işğalla əsla barışmadı. Və sonda, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə düşməni döyüş meydanında məğlub etdi, torpaqlarını azad etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Amma qələbədən sonra da mübarizə davam edir. Ermənistanın basdırdığı bir milyondan çox mina bu gün də həyatı təhlükəyə atır. 400-ə yaxın soydaşımız mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Lakin buna baxmayaraq, Azərbaycan dövlətinin “Böyük Qayıdış” proqramı həyata keçir: artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan doğma torpağında yeni həyat qurur. Prezident İlham Əliyev çıxışında bir mühüm məsələyə də toxundu: Ermənistandan zorla deportasiya edilmiş Qərbi azərbaycanlıların qayıdış hüququ. Bu, yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn tələbidir. İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında qəbul edilən qətnamə və “İstanbul Bəyannaməsi” bunu bir daha təsdiqlədi. Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib. Ölkəmizdə müsbət sərmayə iqlimi mövcuddur. Son 20 ildə 350 milyard dollara yaxın sərmayə yatırılıb, bunun yarısı xarici sərmayədir. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də Azərbaycanın tranzit imkanlarını genişləndirir, regionun mühüm nəqliyyat qovşağına çevirir. ECO-nun Azərbaycanda Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi yaradılır. Azərbaycanın təşəbbüsü ilə keçirilən ECO Həftəsi – Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu isə sosial-iqtisadi əməkdaşlığı daha da dərinləşdirir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında – Azərbaycanda COP29 keçirilmişdir. Bu qlobal tədbirdə əldə edilən nailiyyətlər – inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımının 100 milyarddan 300 milyard dollara qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Şuşanın 2026-cı ildə “ECO-nun Turizm Paytaxtı” elan edilməsi də Azərbaycanın artan diplomatik nüfuzunun və Qarabağın gələcəyinə olan inamın bariz sübutudur. Xankəndidə keçirilən ECO Zirvə görüşü yalnız diplomatik bir tədbir deyildi. Bu, Azərbaycanın ədalətli mübarizəsinin, qələbəsinin, bərpasının və gələcəyə inamının dünyaya açıq mesajı idi. Bu torpaqlarda tarix yenidən yazılır. Şəhərlər dirçəlir, həyat qayıdır, ədalət qalib gəlir.
Və bu gün Qarabağdan bütün dünyaya deyilən bir həqiqət var: Qarabağ Azərbaycandır! Ədalət gec də olsa qələbə çalır! Azərbaycan sülh, inkişaf və əməkdaşlıq yolunda inamla, qürurla, birliyilə addımlayır!

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.







Geri dön