Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Qərbi Azərbaycan / Seçilənlər-9 > Strateji tərəfdaşlığa yeni töhfələrin əsasında duran güclü siyasi iradə
Strateji tərəfdaşlığa yeni töhfələrin əsasında duran güclü siyasi iradəBu gün, 10:37. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Son 20 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunan, söz sahibinə çevrilən ölkəmizin bu uğurları ilk növbədə ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan xüsusi əhəmiyyət daşıyan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, həmin tədbirlərin aparıcı qüvvəsi kimi çıxış edir. Son günlər isə qədim Qarabağın dilbər guşəsi olan Xankəndi diqqət mərkəzindədir. Burada ECO-nun 17-ci Zirvə görüşü keçirilir. Bir zamanlar xəyal belə edilməyənlər həqiqətə çevrilib. Doğrudur, iki Zirvə görüşü Bakıda keçirilib. Lakin bu görüşün həm də xüsusi mənası var və bunu da cənab Prezident öz çıxışında qeyd etmişdir. İyulun 4-də Xankəndidəki Konqres Mərkəzində keçirilən Zirvə görüşündə çıxış edən cənab İlham Əliyev çox ciddi mesajlar verərək dünyanın diqqətini bir daha Azərbaycana cəlb etmiş oldu. Ölkəmizin başçısı 30 illik işğaldan sonra bərpa edilən Qarabağın artıq öz sahiblərini qəbul etdiyini və bu ərazilərdə hazırda 50 min sakinin yaşayıb, işlədiyini, təhsil aldığını diqqətə çatdırmışdır. Ölkə başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri də Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına ləyaqətli qayıdışının təmin edilməsi barədə səsləndirdiyi fikirlər olmuşdur. “Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək” fikrini inamla vurğulayan cənab İlham Əliyev bildirib ki, iyun ayında İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunması yüksək qiymətləndirilməlidir. Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina etməsinin bu prosesi sadəcə ləngidə biləcəyi mesajını verən cənab Prezident bunun İƏT tərəfindən, eləcə digər təşkilatlar tərəfindən qınanmasını xüsusi qeyd etmişdir. Ölkəmizin başçısı Zirvə görüşü içtirakçılarının diqqətinə çatdırmışdır ki, 30 illik işğal dövründə Ermənistan vandalizm aktına imza atmış, şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. Bölgədəki “67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi,” - deyə cənab Prezident vurğulamışdır. ![]() ECO ilə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirən ölkə başçısı ilk dəfə ECO məkanında COP29 kimi qlobal konfransın keçirilməsini irəliyə doğru addım kimi qiymətləndirərək bu konfransda çox mühüm qərarların qəbul edildiyini, inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmaların əhəmiyyətli olduğunu bildirmişdir. Başlıcası isə bu gün Azərbaycan cəlbedici sərmayə iqliminə malik olan ölkə imicini qazanmışdır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu da onu göstərir ki, Azərbaycan sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürməklə beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Müxtəlif beynəlxalq tədbirlərin, eləcə də 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkili və mühüm qərarların qəbulunda fəal iştirak göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Təsadüfi deyil ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir. Beləliklə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edir. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Geri dön |