Ana Sayfa > Siyasət > Türk dünyasına töhfə verən əməkdaşlıq

Türk dünyasına töhfə verən əməkdaşlıq


Bu gün, 09:19. Yazar: azer
Türk dünyasına töhfə verən əməkdaşlıq

Özbəkistan və Azərbaycanı bir çox bağlar birləşdirir. Tarixən eyni kökə, eyni mədəniyyətə, dilə və dinə mənsub olan ölkələrimiz və xalqlarımız arasında daim sıx əlaqələr mövcud olmuşdur.
Azərbaycan və Özbəkistan təkcə ikitərəfli əlaqələrlə deyil, həm də beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu əlaqələr çərçivəsində görüşlərin intensivləşməsi təbii ki, diqqət çəkir.
Son illər Azərbaycanın ətrafında meydana gələn siyasi-iqtisadi proseslərin mənzərəsi deməyə əsas ver ki rəsmi Bakı ilə münasibətlərini təkcə siyasi-iqtisadi sahədə yox, həm də elmi, mədəni sferada inkişaf etdirməyə maraq göstərən Özbəkistanda Azərbaycana diqqət getdikcə çoxalır.
İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər, müqavilələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata Bəyanatında səslənən fikirlər bunu bir daha təsdiq edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfərini iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini və bu səfəri Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gün adlandıran ölkəmizin başçısı bildirib ki, keçən il Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. “Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.”
Cənab Prezident İlham Əliyev Özbəkistanın istərsə idman, istərsə də sosial həyatın bir çox məsələnin həll olunmasına nail olmasını, Özbəkistanın futbol komandasının dünya çempionatında final mərhələsinə yüksəlməsini fərəhlə, qürurla qeyd edərək qazanılan nailiyyətləri Prezidentin və Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsi kimi qiymətləndirmişdir.
Bir müddət əvvəl Özbəkistanla ölkəmizin birgə yaratdığı İnvestisiya Fondunun praktiki olaraq layihələrlə təmin olunduğunu bildirən cənab İlham Əliyev deyib: “Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur.”
Cənab İlham Əliyev Bəyanatında bildirib ki, həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyata fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxır . “Özbəkistana investisiyalar bizim üçün prioritetdir”-deyə vurğulayan cənab Prezident bunun əsas şərtlərindən birinin Özbəkistanın dost, qardaş ölkə olmasnı, ikincisinin isə Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılmasının olduğunu bildirmişdir.
Qardaş ölkə olaraq Özbəkistanın Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlıq bildirən cənab İlham Əliyev deyib:
“Öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.”
Ölkəmizin başçısının sevgi ilə, səmimi duyğularla müşaiyət olunan bəyanatından göründüyü kimi, indiki mürəkkəb geosiyasi şəraitdə iki qardaş ölkənin əl-ələ verməsi, dostluğa, inkişafa xidmət edən əməkdaşlıq nümunəsi sərgiləməsi təkcə öz ölkələrimizə deyil, həm də Türk dünyasına layiqli töhfədir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini








Geri dön