Ana Sayfa > Siyasət > Enerji müstəqilliyi strateji üstünlükdür
Enerji müstəqilliyi strateji üstünlükdürBu gün, 13:27. Yazar: azer |
![]() Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ölkənin iqtisadi potensialına əhəmiyyətli dərəcədə töhfə verə bilər. İlk növbədə bu stansiyalar daxili enerji tələbatını ödəməyi asanlaşdırır. Bu, ölkənin enerji idxalından asılılığını azaldaraq enerji təhlükəsizliyini artırır. Enerji müstəqilliyi isə iqtisadi və siyasi baxımdan strateji üstünlükdür. Sabit və etibarlı enerji təchizatı sənaye sahələrinin inkişafı üçün vacibdir. Yeni elektrik stansiyaları, xüsusilə də sənaye zonalarına yaxın yerlərdə tikilərsə, orada yeni müəssisələrin açılmasına şərait yaradır. Əgər enerji istehsalı daxili tələbatdan artıq olarsa, artıq elektrik enerjisi qonşu ölkələrə ixrac edilə bilər. Bu isə əlavə valyuta gəlirləri və regional əməkdaşlığın genişlənməsi deməkdir. Elektrik stansiyalarının tikintisi və istismarı yeni iş yerləri yaradır – həm müvəqqəti, həm də daimi. Bu isə işsizliyin azalmasına və sosial rifahın artmasına gətirib çıxarır. Xüsusilə bərpaolunan enerji mənbələri üzərində qurulan stansiyalar ölkədə yeni texnologiyaların tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına töhfə verir. Yerli infrastrukturun yaxşılaşdırılmasına və bölgələrin iqtisadi aktivliyinin artmasına səbəb olur. Nəticə olaraq, yeni elektrik stansiyalarının istifadəyə verilməsi təkcə enerji sektoruna deyil, ümumilikdə iqtisadi artıma, investisiya cəlbediciliyinə və sosial rifaha da müsbət təsir göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin stansiyanın açılış mərasimində dediyi kimi, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir və bu, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Bu stansiyada qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünün, potensialının, energetiklərimizin təcrübəsinin, peşəkarlığını göstəricisidir. Məlumdur ki, Mingəçevir həm su, həm də termik enerji gücüylə Azərbaycanın enerji balansında əsas rol oynayan şəhərdir. Bu şəhər Azərbaycanda enerji təhlükəsizliyi və ixrac potensialının gücləndirilməsində həlledici rol oynayır. Hər iki sahədə davam edən modernizasiya ölkənin ümumi enerji potensialını əhəmiyyətli şəkildə yüksəldir. Dövlət başçımızın qeyd etdiyi kimi, Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. Son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar sıfırdan qurulub. Eyni zamanda həm ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları tikilib, həm də Mingəçevirdə yenidənqurma işləri aparılıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan qonşu dövlətlərin elektrik enerjisi təminatında yaxından iştirak edir. Aparılmış yenidənqurma işləri və yeni sistemlərin tətbiqi nəticəsində yaxın gələcəkdə ölkəmiz elektrik enerjisini Avropaya çıxaracaq. Bu, Azərbaycanın iqtisadiyyatını gücləndirəcək, siyasi baxımdan isə strateji üstünlüyünü təmin edəcək. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |