Ana Sayfa > Manşet / Gündəm / Özəl / Siyasət > Milli Ordu bütöv bir millətin qürur mənbəyi və fəxridir

Milli Ordu bütöv bir millətin qürur mənbəyi və fəxridir


Bu gün, 10:45. Yazar: sevinc1
Milli Ordu bütöv bir millətin qürur mənbəyi  və fəxridir


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.” Bu sətirlərin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Böyük tarixi şəxsiyyət qeyd edirdi ki, güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.
1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı.
Sovetlər Birliyi dövründə azərbaycanlıların böyük əksəriyyəti silahdan uzaq tutulur, azərbaycanlı əsgərlərin böyük əksəriyyəti tikinti batalyonlarında xidmətə göndərilirdi.
Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması, milli zabit kadrlarının hazırlanması prosesinin başlanması ilə əlamətdar olmuşdur.
Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
90-cı illərin əvvəllərində ayrı-ayrı dəstələrdən ibarət olan, vahid komandanlığa tabe olmayan silahlı qüvvələr yalnız Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi.
Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olunandan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilməklə silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu Öndər Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək qalibiyyət ordusunu səbr və inamla qurdu, yaratdı. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” – deyə qeyd edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ordunu qələbədən qələbəyə apararaq Ulu öndərin müdrik siyasətinin və sərkərdəlik qabiliyyətinin layiqli varisi olduğunu dünyaya isbat etdi.
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün apardığı hərəkatla adını tarixə qızıl hərflərlə yazmış oldu. Ordumuz və onun Ali Baş komandanı elə bir Zəfər tarixi yazdı ki, hətta düşmənlər belə bu qalibiyyəyəti etiraf etmək zorunda qaldı.
Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır.
Hazırda müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan qələbələr, nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Bir zamanlar varlığını xəyal belə etmədiyimiz Milli Ordu bu gün bütöv bir millətin qürur mənbəyi və fəxridir.

Geri dön