Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın praqmatik enerji straregiyası sabitlik və inkişaf amilidir
Azərbaycanın praqmatik enerji straregiyası sabitlik və inkişaf amilidirDünən, 15:40. Yazar: azer |
![]() XXI əsrdə enerji təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizlik və geosiyasi balansın əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası da məhz bu çoxşaxəli və strateji yanaşma əsasında formalaşdırılıb. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası həmin strategiyanın mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyi, texnoloji dayanıqlılığı və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir. Azərbaycan regionda öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir. Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir. Stansiyanın təbii qaz sərfini minimuma endirən müasir texnologiyalarla təchiz olunması Azərbaycan qazının daha böyük hissəsinin ixrac üçün yönləndirilməsini təmin edir. Bu faktor öz növbəsində Avropa və region ölkələrinin enerji təchizatında ölkəmizin rolunu daha da artırır. Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır: “1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”. “8 Noyabr” Elektrik Stansiyası yüksək generasiya gücü ilə Azərbaycan enerji şəbəkəsində çeviklik və etibarlılıq balansını təmin edir. Bu stansiyanın istismara verilməsi elektrik təchizatında qəfil dəyişikliklərə və pik tələbat dövrlərinə çevik reaksiya vermək imkanı yaradır. Beləliklə, həmin layihə yalnız enerji istehsalı ilə kifayətlənmir, həm də bütövlükdə sistemin operativ stabilliyini gücləndirir. 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı hədəfi Azərbaycanın ekoloji və strateji gündəliyinin əsas prioritetlərindəndir. 8 Noyabr” Elektrik Stansiyası kimi yüksək səmərəliliklə işləyən enerji obyektləri bu strateji hədəflərə nail olunmasında mühüm önəm kəsb edir. Çünki bu tipli stansiyalar həm də yaşıl enerji layihələrinin enerji sisteminə inteqrasiyasına şərait yaradır. Səmərəli enerji istehsalı, şərti yanacağa qənaət və aşağı karbon emissiyası ilə “8 Noyabr” stansiyası ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal öhdəliklərinə uyğun fəaliyyət göstərdiyini göstərir. “8 Noyabr” Elektrik Stansiyasının tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici enerji siyasətinin uğurlu nümunəsidir. İtaliya ilə neft-qaz sahəsində uzunmüddətli əməkdaşlıq, Çinlə isə xüsusilə günəş və digər bərpaolunan enerji texnologiyaları üzrə artan tərəfdaşlıq gələcək üçün sabit və etibarlı texnoloji əlaqələrin formalaşmasına zəmin yaradır. Bu beynəlxalq əməkdaşlıq insan resurslarının inkişafı və təcrübə mübadiləsi baxımından da böyük əhəmiyyət kəsb edir. Açılış mərasimində Prezident İlham Əliyev qeyd edib ki, bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər: “Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı”. İkinci Qarabağ müharibəsində Mingəçevir şəhəri və enerji obyektləri birbaşa hədəf alınmışdı. Bu fakt Ermənistanın enerji infrastrukturunu hərbi hədəfə çevirmək niyyətini və bunun arxasında duran məqsədləri açıq şəkildə göstərdi. “8 Noyabr” Elektrik Stansiyasının tikilməsi və müasir təhlükəsizlik standartlarına cavab verməsi bu cür təhlükələrə cavab olaraq infrastrukturun daha da möhkəmləndirildiyini sübut edir. Enerji infrastrukturu artıq təkcə iqtisadi resurs deyil, həm də dövlət təhlükəsizliyinin dayanıqlılıq elementidir. Stansiyanın “8 Noyabr” adlandırılması Zəfər Gününü xatırlatmaqla, həm də xalqın iradəsi, milli birliyi və dövlətin gücünün təcəssümüdür. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi stansiyanın dövlətçilik tarixində tutduğu xüsusi yeri və simvolik dəyəri bir daha önə çıxarır. Bu layihə Azərbaycanda postmünaqişə dövründə quruculuq və inkişaf fəlsəfəsinin energetika sahəsində parlaq nümunəsidir. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |