Ana Sayfa > Manşet / Gündəm > Ağdam olmasa, nə Kəlbəcər, nə Laçın, nə də Şuşa olar -
Ağdam olmasa, nə Kəlbəcər, nə Laçın, nə də Şuşa olar -Bu gün, 10:56. Yazar: sevinc1 |
![]() Aqil Abbas: "Ağdamda həyətimizə girəndə torpağı ovuclayıb yedim" Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas Modern.az saytının redaksiyasında qonaq olub. Onunla Ağdam, jurnalistikamızın bu günü, ədəbiyyatımız və dünyada gedən proseslər barədə söhbət etmişik. Aqil Abbasla müsahibəni təqdim edirik: - Bir var ağdamlı Aqil Abbas, bir də var ağdamsız Aqil Abbas - aradakı fərqi bilmək istərdik... - Əslində mən heç vaxt Ağdamsız olmamışam. Ağdam işğal altında idi, amma mən təmas xəttinə gedirdim, oranı da keçirdim. Bir siqarət çəkirdim, yarım saat erməninin düz güllə məsafəsində neytral bölgədə dayanırdım. Hətta bəzən oturub ağlayırdım. Binoklla təpədə dayanıb Ağdama baxırdım. Şəhərə girə bilməmişəm. Ağdamı 30 il yuxularımda tez-tez görümüşəm. O, yuxularıma heç vaxt dağılmış vəziyyətdə gəlməyib, həmişə gözəl, təmtəraqlı görünüb. Bu, mənə qəribə gəlib. Ağdam mənim üçün çox əzizdir. Özü da deyim ki, mən heç ağdamlı deyiləm, Ağcabədidə doğulmuşam. Amma 3-cü sinfi 2 nömrəli məktəbdə oxumuşam. Mənə hərdən sual verirlər ki, niyə özünə ağdamlı deyirsən... Cavab verirəm ki, məni Ağcabədidə yox, Ağdamda qız üstə döyüblər. Ona görə ağdamlıyam. Mənim dostlarım, tanışlarım ağdamlıdırlar. Ağcabədini mən haradan görmüşəm... Bizim kənd Ağdamla yaşayırdı. Onu da deyim ki, möhtərəm Prezident ötən ilin noyabrında Ağdama gedəndə mən də ilk dəfə ora getdim. Maşınla getmişdim, ora gedən şəxsləri də şəhərin içərisində gəzməyə qoymurdular. Yalnız "İmarət" stadionu tərəf, məscidin qabağı icazəliydi. Mən dedim evimizə, həyətəmizə gedəcəm. İcazə verdilər. Bir ağdamlı dostumun oğlu ilə getdik. Televiziyadan mənə demişdilər ki, evinizi tapa biləcəksiniz? Onda cavab vermişdim ki, it iyləyib yiyəsini tapan kimi, mən də iyləyib evimi tapacam. Bir istinad nöqtəsi yox idi ki, ona əsasən gedib evimizi tapaydım. Amma mən birbaşa getdim həyətimizə. Hamı çaşıb qalmışdı. Sonra oxuduğumuz məktəbə getdim. - Ora gedəndə evinizi, məktəbinizi tapdınız. Özünüzü də tapdınız? - Özüm oradaydım. Təbii ki, xatirələrimi axtarırıdım, tapdım. Özümü... İndi də heç özümü tapa bilmirəm. O ki qaldı Ağdamda ola. Kəlbəcərə getmək istəyirəm, ancaq Murov yolu ilə yox. Mən Ağdərədən getmək istəyirəm. Çünki gəncliyimdə həmişə Kəlbəcərə Ağdərə yolu ilə getmişəm. Mənim bütün xatirələrim - ağacların, rus bulağının üstünə adımı yazmağım-filan hamısı o yoldadır. Yəqin ki, bu yaxınlarda gedəcəm. Xanımımla bunu planlaşdırırıq. - Aqil müəllim, qarışıq, dağınıq xarakteriniz var. Özünüzü tapa bilmədiniz. Tapa biləcəyinizə ümid edirsinizmi? - Son zamanlar tapıram. Mən birinci dəfə Ağdamda həyətimizə girəndə torpağı ovuclayıb yedim. Dedim görüm dadı qaçıb, yoxsa yox. Gördüm torpaq həmən torpaqdır. Mən Qarqar çayını görəndə fərqli hisslər keçirdim. Gördüm çay cılızlaşıb. Həmən çay deyil. Ağdamda böyük evimiz vardı. 30 il adam yaşamayıb. Torpaq basıb. Özül kiçilib. Füzuli-Ağdam yolu çox gözəl yoldur. Amma o yola bir maşın zorla yerləşir. Çünki ot, ağac basıb. O cümlədən bu Kəlbəcər yoluna da aiddir. İndi gözəl Kəlbəcər tikilir. Vaxtilə televiziya da demişdim ki, bütün Avropanı gəzmişəm, Kəlbəcər kimi təbiəti olan yer görmədim. Tək Azərbaycanda yox, dünyada özünəməxsus, qeyri-adi yerdir. Mənə yazdılar, replika atdılar ki, İsveçrə gözəl deyil? Dedim yox, Avropa Kəlbəcərdən gözəl deyil, sadəcə, Kəlbəcərdən abaddır. Yoxsa gözəllikdə Kəlbəcərə çata bilməz. Məsələn, Kəlbəcər haqda çox yazmışam - “Gəlin qayası”, “Yüzbulaq”, “Sarıyel” haqda... "Yüzbulaq" deyəndə mən yüz bulaq saymamışam. Yan-yana düzülmüş bulaqlardır. Hərəsinin də dadı-tamı ayrıdır. İndi gəl onu görməyən adamı inandır ki, hər bulağın öz tamı var. İstisuda gün çıxırdı, göydə bulud yoxdur, 15 dəqiqəyə bulud gəlir, yağış yağır, leysan olur, yenidən bulud dağılır, gün çıxır. Ona görə o dağlara Dəlidağ deyilir. Mənim bir xatirəm də var, onu görmək istəyirəm. Amma üstündən 30 il keçib, bəlkə də bu, mümkün deyil. Bir dəfə 9-cu sinifdə oxuyanda uşaqları başıma yığdım, dağa çıxdım. Hamı çıxa bilmədi. Külüng, balta və bel götürmüşdük. Çıxdım, ayaqqabının üstünə Aqil yazdım, içini də daşla doldurdum ki, ot bitməsin. Yəqin indi orada Aqil yazısı qalmaz, ot basmış olar. Amma daşı doldurmuşdum ki, ot basmasın. İndi dağa çıxa bilmərəm, o yaşım deyil. "Ağdamlılar alverçi yox, ticarətçidirlər" - Bəs balaca Aqil, o haradadır, onu tapmaq mümkündür, yoxsa elə balaca Aqil dəliqanlı ağdamlı olub? - Ağdamlı olmaq elə dəliqanlı olmaq deməkdir. Onu yan-yana yazmaq lazım deyil. Ağdamda küçələri gəzirdim, qız dalınca düşürdüm. Bu küçədə dalaşmışam, o biri küçədən ağac oğurlayıb həyətimizə gətirib əkmişəm. Bir hadisə danışım. Ağdamdakı evimizə dostumun oğlu ilə getmişdim. Yolu keçəndə dedi ki, “əmi, bu bizim evdi, icazə ver girim həyətimizə”. Dedim ki, icazə vermirlər, həyətdə mina ola bilər. O, mina da olsa, həyətlərinə girəcəyini dedi. Girdi həyətlərinə, bir sapılça gətirdi, qulpu qırılmışdı. Dedi “əmi, bunda anam bizə o qədər yumurta, qayğanaq bişirib ki... Aparıb düzəltdirəcəm". Gəlib bizim həyətə çatanda "əmi, axı sizin ev bizimkindən uzaqdaydı, nə tez çatdıq?!", -deyə soruşdu. Dedim ki, "bala, onda sənin 6-7 yaşın vardı, indi maşallah, 2 metr boyun var, addımın 1 metrdi, sənə ona görə yaxın gəldi. Böyümüsən, ancaq yadında qalıb ki, Aqil əminin evi sizinkindən uzaqda olub". Başqa bir söz deyim. Ananın bişirdiyi yeməyi yoldaşın bişirə bilər? Bəlkə də, ondan da yaxşı bişirər, amma ananın bişirdiyi yeməyin dadı damağında qalır. O gün Şuşaya getmişdim. Maşından düşüb bir nəfəs aldım, dedim, hə, həmin Şuşanın havasıdır. Hiss edirsən ki, Şuşanın, Laçının, Kəlbəcərin havası yerinə qayıdıb. Oranın havası da, suyu da fərqlənir. Məsələn, Turşsuya qaz vurmurlar, özünün qazıdır. O gün iki stəkan içdim, bir az da götürdüm ki, yolda içərəm. Bir saat sonra saraldı, həmin dadı getdi, tulladım. Orada bulağın gözündən iki stəkan içdim, dedim, hə, Turşsu budur. Yəni belə şeylər var. Turşsuda ən sevdiyim yer Sarıbaba dağıydı. Sarıbabaya çıxa bilmədim, çünki yol çəkirlər. Dağda olanda şənbə günləri hamımız yığışırdıq ki, atamız gələcək. Bütün uşaqlar atalarının maşınının səsini tanıyırdı. Allah haqqı. Atam gəldi deyib, yüyürürdülər. Halbuki maşın hələ görünmür, amma səsini tanıyırdılar. - Ağdamlıları bir az dəli-dolu, söyüşcül, alverçi kimi tanıyırlar. Bunun kökündə nə dayanır? İzah edin bilək. - Birinci alverçi yox, ticarətçi. Ağdam qədim şəhərdir. Amma oranı ilk dəfə abadlaşdıran Pənah xan olub. İndiki kimi desək, o, Ağdamı azad ticarət zonası edib. Ağdamdan vergi götürülməyib. Nə tiksələr də, vergi alınmayıb. Ona görə də hamı tökülüşüb Ağdama, ticarət də inkişaf edib. Ağdam miras kimi Xan qızı Natəvana qalıb. Adamlar tox olub. Adamın pulu olanda dava-dalaş istəyir. Kefləri kök olub, ona görə də qabaqlarından yeməyən olublar. Latari danışmaq oradan gəlir. Mən də belə danışmağı sevirəm. Yəni olduğu kimi danışmaq, yoxsa bəzəmək-düzəmək yox. - Bizim bağımızda 10-20 ton alma yetişib çürüyürdü, ən yaxşı halda inəyə verirdik. O vaxt atamın dostu "Zil"lə bizə gəlir, 3-4 kiloqram "karolyok" gətirirdi. Düşünürdük ki, bizə çox böyük hörmət edir. Biz də onun gəlişinə bir quzu kəsir, kabab çəkirdik, birini də pay verirdik. Bir maşın da almanı yığıb verirdik, aparırıdı. Bunun adı nəydi? - Ticarəti bilmək. Bir məşhur film var. Gürcülər oturub yeyib-içirlər. Birdən rus deyir ki, bu çaxırı apar ver gürcülərə, de ki, bizim masadan hədiyyə göndərmişik. O biri rus da deyir ki, axmaq sən neynirsən, bircə çaxırımız var axı. Ofisant çaxırı aparır, deyir filan masadan sizə hədiyyə yollayıblar. Üstündən 5 dəqiqə keçir, gürcülər bir kletka çaxır, bir kletka da araq göndərirlər. Bilir ki, gürcü əliaçıqlığı var. Dağ adamları da əliaçıq olurlar. Kəf gəlmək deyildi bu. Sən də Ağdama gələndə o da həmin qoyunları sənə kəsə, sizdə olmayan şeylərdən hədiyyələri sənə qoya bilərdi. "İkiotaqlı ev versələr, bəsimizdi" - Aqil müəllim, Ağdamdan danışmışkən, siz bir müddət əvvəl həmişəlik Ağdama köçüb yaşamaq istədiyinizi demişdiniz. Ağdama nə zaman köçməyi planlaşdırırsınız? - Ağdama işğaldan azad olunandan sonra bəlkə də 50 dəfə getmişəm. Nəvələrimi də, oğlanlarımı da aparmışam. Ağdamdan elə 10 gün qabaq qayıtmışam. Arzum da odur ki, Ağdama ilk köç başlayanda, mən də ora köçüm. Xanımımla bu barədə danışmışıq. Əslində bu ideyanı xanımım verib. İkiotaqlı ev versələr, bəsimizdi. Ağdamdan Bakıya gəlib iclaslara da qatılacam. - İradə xanım həm də “Ədalət” qəzetinin baş redaktorudur. Bu onun işlərinə necə təsir edəcək? - İndi elədir ki, rayonda oturub Bakıda 5 qəzet buraxa bilərsən. Əlində telefon var. - Səhhətiniz necədir? Yenə də həkim müayinələrindən keçirsiniz? - Həkimə daha getmirəm. Qurtardıq həkimlə. Bir də 6 aydan sonra axırıncı dəfə müayinə olacağam. Səhhətim yerindədir. Ağdam mənim səhhətimi düzəltdi. Ora ayaq basanda elə bilirəm ki, dünya mənimdir. Məsələn, Ağdamda ağlamışam. Şuşada yox. Çünki Şuşa yerindədir. Amma Ağdam baxdım ki, böyük xarabazarlıqdır. Ağdamı tikmək çətindir. Ona görə ki, Ağdamdan ən azı 300 min ton zibil daşınmalı, yer-yurd təmizlənməlidir. Amma indi böyük tikinti gedir. Bir məhəllə hazırdı, digər bir məhəllə tikilir. Çox qəribədir ki, Ağdamda prospektlərin eni 60 metrdir. 4 yol gedir, 4 yol gəlir, 3 yol gedir, 3 yol gəlir. Görünür, möhtərəm Prezident gələcəkdə Ağdamı Azərbaycanın paytaxtı edəcək. - Ağdama tez-tez gedib-gəlirsiniz. Görülən işləri necə dəyərləndirirsiniz?? - Görülən işləri yüksək qiymətləndirirəm. Əvvəla yaşayış evləri inşa olunur. Eyni zamanda onun yanında məktəbi, bağçası, digər lazımi strukturları da tikilir. Muğam Mərkəzi inşa edilib. Üç otel artıq tikilib. Tikinti çox böyük sürətlə gedir. Ağdamın təhvil verilməsi 2040-a gözlənilir. Belə getsə, 2030-2035-ə Ağdamda normal həyat olacaq. Belə bir söz də deyim, yekəlik çıxmasın. Ağdam yoxdursa, nə Şuşa, nə Laçın, nə də Kəlbəcər var. Bunlar hamısı Ağdamdan dolanıb. Şuşanı Ağdam saxlayırdı. Ağdam və Füzuli yerində oturandan sonra bütün Qarabağ olacaq. Şənbə-bazar Kəlbəcər, Laçın, Xankəndi Ağdama gəlirdi. Ağdam Qarabağın paytaxtı idi. Ağdamdan Füzuliyə məsafə 1 nömrəli poçtlarla hesablanırdı. Bütün dünyada elədir. Ağdamdan Füzuliyə də, Bərdəyə də, Ağcəbədiyə də 48 kilometdir. Xankəndiyə isə məsafə 25, Şuşaya 37, Laçına 73 kilometrdir. Ağdamdan Kəbəcərə məsafə 84 kilometrdir. Ağdam Qarabağın belə bir yerindədir. Ona görə də hamı Ağdama axışırdı. - Orada görülən yüksək səviyyəli işlər öz yerində... Siz ağdamlı olaraq, 3-5 il sonra orada hansı mühiti görmək istərdiniz? - Ağdamlıları, Ağdamın xarakterini. Son illər bütün yazdıqlarım povestlərimdə, köşə yazılarımda məqsəd tək ağdamlıların yox, Qarabağın xarakterini verməkdir. Mənim uşaqlarım Ağdamı görməyib, oranın xarakterini bilmirlər. Onları yazıram ki, Şuşanın, Ağdamın, Laçının xarakteri buydu. Bunları yazıram ki, yeni nəsil bilsin. Sonuncu povestimdə belə bir hissə var: iki dost Ağdamın işğalından sonra görüşürlər. Maşında oturublar, dostun biri digərinə “gör, Ağdam necə tikilib. Bura 1 nömrəli məktəbdir. Bura yaşayış evi, oradakı bağça nə gözəldir". O biri dost dilxordur. Deyir "Ağdam bilirsən, nə vaxt Ağdam olacaq? Teatrın qabağında uşaqlar qız üstündə bıçaqlaşanda biləcəm ki, Ağdam var". Yəni xarakter olaraq. Sumqayıt xarakteri 50 il sonra yaranıb. Sumqayıtın gənclərinin də, camaatının da öz xarakteri var. Sumqayıt ordan-buradan köçənlərdən formalaşıb. Artıq onlar Sumqayıt xarakterini yaradıblar. Xarakter formalaşmalıdır. Ona 20-30 il vaxt lazım olacaq. Ona görə yazıram ki, uşaqlar oxuyub bilsinlər. Mənim ömrüm nə qədərdir ki... Məsələn, bir yazı yazmışdım, başdan-ayağa yumor idi, ağdamlılar oxuyub ağlamışdılar. Çünki Ağdamın xarakterini görmüşdülər. Başqa bir hekayəm var: laçınlı kolxoz sədri oğlunun toyuna Ağdamdan musiqiçi aparır. Deyir ki, toya vertolyotla gələrsiniz, pulunu mən verəcəm. Qarabağdan olmayanlar zəng edib deyirdilər ki, sənin yazınla Qarabağı gəzdik. Bir dəfə yazmışdım ki, ermənilər oğraşlıq eləməsələr, onlarla yoldaşlıq etsəydik, günorta gedib İrəvanda, ya da Göyçədə yeyib-içib Ağdama qayıdardıq. Bir məmur məndən soruşdu ki, bu necə ola bilər? Dedim ki, ürəyin istəyəndə Qəbələyə gedib nahar edib gəlirsən? Dedi hə. Dedim aradakı məsafə nə qədərdir? Dedi 240 kilometr. İndi mən hesablayım. Ağdamdan Laçına 73 kilometr, oradan da 30 kilometr Gorusa, oradan da 100 kilometr İrəvana. Həmən yol deyil? Dedi düz deyirsən. Xəritəni, yolu hamı bilmir. Gorusdan Naxçıvana 30-35 kilometrdir. "Qarabağa köçənlərə əkin-biçin torpaqları veriləcək" - Qarabağa köçənlər narahatdır ki, əkin-biçin üçün torpaqları yoxdur. Parlamentdə də bu barədə danışıblar. Sizin təklifləriniz nələrdir? - Mən bu məsələni parlamentdə də qaldırmışam. Amma möhtərəm Prezident sərəncam verib. Köçən adamlara əkin-biçin, heyvan saxlamaq üçün torpaq verilməsi bu sərəncamda öz əksini tapıb. Bu məsələ həll olunub. Məsələn, Laçında da torpaq verilir. Amma Laçın şəhər kimi nəzərdə tutulub. Toyuq saxlamaq məsələsini mən də parlamentdə dedim. Laçını turistik məkan edəcəklər. Sizə bir şey deyim: Bakıda şəhərin ortasında inək otarırdılar. Amma Şuşada heç vaxt heyvan saxlamayıblar. İt də saxlamayıblar. İnək çıxsın şəhərin ortasını batırsın, Şuşada belə bir şey olmazdı. Şəhərin gözəlliyini şuşalılar qoruyurdu. Laçın şəhərinin gözəlliyi də qorunmalıdır. Şəhərin kənarında dağlar hamısı boşdur, oradan torpaq da verilir. Biz istəyirik ki, 1 ilin içərisində hər şeyimiz olsun. Laçını çox gözəl tikiblər. Əvvəlki Laçın kənd idi. 10-15 villa tapa bilərdin. Laçın indi tamam fərqli şəhər olub. Artıq hamı villada yaşayır, daxmada, kərpic evdə yaşamır. - İşğaldan azad olunmuş ərazilərin sakinlərinə, ağdamlılara bir ağsaqqal kimi nə demək istərdiniz? - Ağdama köçmək lazımdır. Ağdamın kəndləri var. "Ağıllı kənd" salınır. O vaxtlar Ağdamda, Kəlbəcərdə - heç yerdə hökumət kiməsə ev tikib verməmişdi. İnsanlar öz zəhmətləri ilə həyət-bacalarında ev tikmişdilər. İndi də torpaq veriləndən sonra gözəl şərait yaradacaqlar. Zəngilanın Ağalı kəndindən paylaşım etmişdilər. Bir adam həyətində gülü-çiçəyi, hər şeyi göstərdi ki, mən belə şəraitdə yaşayıram. Digəri də paylaşım edir ki, evimdən damır. Guya özü tikdiyi evdən dammır. Mənim Bakıda bir rahat evim var, bəzən orada da damır. Usta çağırıb, düzəltdirirəm. Yəni hər şeydə nöqsan axtarmaq lazım deyil. İş yerləri açılır. İşsizlik olanda urbanizasiya başlayır. Amma kəndlərdə, rayonlarda iş yerləri yaradılandan sonra hamı Bakıdan qayıdıb ora gedəcək. Vaxtilə Ağcabədidə zavod-fabrik açıdlar, camaat qaçdı getdi işləməyə. Ağdamda siqaret fabriki, Aqropark açıblar. İndi xalça fabriki də olacaq. Bir 300 qadın da orada işləyəcək. Laçında otellər açırlar, insanları işlə təmin etsinlər. Birdən-birə almanlar kimi yaşayaq deyirsinizsə, bu mümkün deyil. - Ağdam olmasa, Laçın da, Kəlbəcər də olmayacaq dediniz. Bunu dərin izah edərdiniz... - Ağdam olmalıdır ki, Kəlbəcər, kəlbəcərlilər yaşasın. Ağdam 100 minlik şəhər olanda Kəlbəcərin də, Şuşanın da, Laçının da yaşayışı rahatlaşacaq. Bu mənada deyirəm. Söhbəti başqa yerə yozmağa ehtiyac yoxdur. Yenə də ağdamlılar 5 kiloqram "karalyok" götürüb Kəlbəcərə gedəcək. Siz də bir qoyun kəsib ona kabab çəkəcəksiz. "Ermənilərin arvadlarına da, qızlarına da şərik idik" - Ermənilər ağdamlılardan çox qorxurdular. Bunun səbəbi nəydi? - Ermənilərin arvadlarına da, qızlarına da şərik idik. Kişilərinə də gücümüz çatırdı, döyürdük. Xankəndinin özündə də erməniləri eşşək kimi döyürdük, bizə cavab verə bilmirdilər. Onlar da intiqamlarını Ağdamdan aldılar, şəhərdə daş üstə daş qoymadılar. - Aqil müəllim, parlamentdə işləriniz necədir? Gənclərlə ayaqlaşa bilirsinizmi? - Parlamentdəki çayxanada bir stol var, orada məndən başqa hamı gəncdir. 20 ildir ki, o çayxanada gənclərlə çay içirəm. Ora gənclər yığışır. Zarafatlaşır, deyib-gülürük. Sonra iclasa gedirəm. Ağıllı, siyasəti, iqtisadiyyatı bilən gənclər var. Xoşuma gəlir bu gənclər. Onlarla oturub söhbət edirəm, mən də gəncləşirəm. - Bəzi gənc deputatların səsi çıxmır, sizcə onlar danışmaqdan çəkinir, yoxsa başqa səbəbə görə danışmırlar? - Bəzən düzgün fikirləşmirsiniz. Çünki çıxış yalnız parlamentin plenar iclasında olmur. Komitə iclasları da olur. Komitə iclasında hansısa gənc deputat sözünü deyirsə, plenarda yenidən sözünü təkrar etmir. Parlamentin işini kənardan düz görmək olmur. Məsələn, komitə iclaslarını telekanallarda göstərmirlər. Komitənin iclasılarında çoxlu çıxışlar, mübahisələr olur. Mətbuata da danışanlar var. Bəzən danışanda səhv də edirlər. Gənc olduqları üçün təcrübələri yoxdur. "Səyyad Aranla razı deyiləm" - Bu yaxınlarda həmkarınız Səyyad Aran bizə müsahibədə dedi ki, deputat maaşı ilə dolana bilmir, siz necə? - Deputat maaşı ilə dolanmaq mümkündür. O da var ki, deputatın üstünə çox adam gəlir. Xahişə, dərmana-filana görə. Maaşın hamısını evə apara bilmir. Amma deputat maaşı ilə necə dolana bilməsin?! Mən 5000 manat maaş alıram, sən isə yəqin ki, 800-1000 manat. Necə olur ki, sən dolana bilirsən, mən yox? Səyyadın o fikri ilə razı deyiləm. - Bu gün dünyada müharibələr baş verir, Azərbaycanda isə vəziyyət sabitdir. Sizcə, dünya necə oldu bu günə gəlib çatdı? - Dünyanın yenidən bölüşdürülməsi siyasətidir. XX əsrdə iki dəfə bölüşdürüblər. İndi XXI əsrdir, dünyanı yenidən bölüşdürürlər. Bizim də gücümüz odur ki, sərhədlərimizi, torpaqlarımızı qoruyub saxlaya bilək. Balanslaşdırılmış siyasət yürüdək. Kiminsə sözü ilə oturub-durmayaq. Kimsə bizə ağalıq etməsin. Cənab Prezident daha imkan verməz ki, kimsə bizim üstümüzə yenidən ağalıq iddiasında olsun. İndi böyük güclər dünyanı yenidən bölüşdürürlər. Rusiya zəifləyib, artıq dünyada bir güc qalıb - ABŞ. O da yetənə yetir, yetməyənə də daş atır. Rusiya NATO ilə müharibə aparır. NATO-nun Rusiyaya gücü çatmır. İndi İsraillə İran da bir-birinə daş atır. - Dünyanın bu günündə Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Siz sülhə inanırsınızmı? - Qarabağın qayıdacağına çoxu inanmırdı. Nooldu, Qarabağı işğaldan azad etdik. İndi inanmasaq da, gec-tez sülh olacaq. Erməninin başqa çıxış yolu yoxdur. Ermənistan məhv ola bilər. Paşinyan əlində xəritə tutub deyir ki, heç olmasa, bunu qoruyaq. Ağıllı adamdır. Paşinyanı ələ salmaq, ona sataşmaq lazım deyil. Bilir ki, Ermənistanın yaşaması yalnız sülhdən asılıdır. Ermənistanın 4 tərəfi türkdür. Gürcüstanla da, İranla da sərhəddə türklər yaşayırlar. Bunun ayrı çıxış yolu yoxdur. Gərək adam kimi yaşaya, ya da məhv olub gedə. "Mən klassik jurnalistəm" - Milli mətbuatın 150 illiyidir, Azərbaycan jurnalistikasının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? - Jurnalistikanın bu gününü yaxşı görmürəm. - Niyə? - Qəzet ölübsə, saytla jurnalistika olmur. - Amma bu klassik yanaşmadır... - Mən klassik kişiyəm də. Qəzet yanmır, qalır. Necə ki APA-nı bağladılar, bütün materialları silindi getdi. Sabah ABŞ interneti bağlasa, saytınız gedəcək. Amma qəzet qalır, əlyazmalar yanmır. Ona görə də qəzetlərin saxlanılmasının tərəfdarıyam. - İnsanlarda qəzetə yenidən marağı oyatmaq üçün nə etmək olar? - Nə etmək lazımdır deyə bilmərəm. İnsanları qəzetə qaytarmaq çətin məsələdir. Çünki hərənin əlində bir telefon var. Camaat da ağır yazıları yox, xəbərləri oxuyur. Xəbərlər də saytlarda, telefonlardadır. Amma araşdırma tipli, ağır yazıları insanlar oxumaq istəmir. Vaxtı yoxdur. Camaat kitab oxumur. Vaxtilə kitab almaq üstündə qırğın düşürdü. Vaxtilə Şopenhauerin əsərini 350 manata alıb oxumuşam. Nitşeni 250 manata almışam. İndi mağazada 20-25 manatadır, alıb oxuyan yoxdur. "Gənclər daha çox yaşlıları təhqir edirlər" - “Ədəbiyyat qəzeti"ndə vəziyyət necədir? Ara-sıra gənclərin yazılarına rast gəlirik, onların məqalələri size qane edirmi? - Gənc yazarlar var. Çox güclü gənclik - şair də, publisist də gəlir. "Ədəbiyyat qəzeti" normal çıxır. Hətta qonorar da verir. Mən də bəzən müəyyən yazılar yazıram, o qəzet üçün. - Gənc yazarları bəyənirsiniz? - Hamını oxuya bilmirəm. Vaxtım yoxdur, yaşım gedir. Amma izlədiklərim var. - Gənclər də bəzən deyirlər ki, yaşlı nəsil bizi bəyənmir, üstümüzə gəlir... - Gənclər yaşlı nəsili daha çox təhqir edir. Səməd Vurğun başda olmaqla şair və yazıçılarımızı təhqir edirlər. Amma Səməd Vurğun cavab verə bilmir. O gənclər mənim dediyim gənclər deyil. Məsələn, Aqşin Yenisey mənim xoşuma yaradıcılığı ilə gəlir. Kiməsə söz atmır. Kəramət də indi düzəlib. O, çox istedadlıdır. Yaşa dolub. - Çoxdandır heç kimə "Əməkdar şair", "Xalq sairi" adları verilmir. Sizcə düzgün qərardımı? - Fəxri adlar verilir. İndi yəqin ki, mətbuatın 150 illiyi münasibətilə jurnalistlərə də fəxri adlar veriləcək. İki il qabaq "Xalq yazıçısı", "Xalq şairi" adları alanalar oldu. - Müsahibələrinizin birində "Xalq yazıçısı" adı almaq istədiyinizi demişdiniz. 2-3 ildən sonra 75 yaşınız olacaq. Bu münasibətlə sizə də "Xalq yazıçısı" adı verilə bilərmi? - 75-i gözləməyəcəm, tez alacam. Narahat olmayın. Yaradılıcığım qiymətləndiriləcək. Cənab Prezident bir dəfə məni “Şöhrət” ordeni, bir dəfə “Vətənə xidmətə görə 1-ci dərəcəli orden"lə mükafatlandırıb. Mən özümü xalqın yazıçısı sayıram. Adı verərlər-verməzlər, bu mənim səlahiyyətimdə deyil. Cənab Prezidentin səlahiyyətində olan məsələdir. - Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini necə qiymətləndirisiniz və uzun müddətdir bura sədrlik edən yazıçı Anardan sonra qurumun rəhbərliyində kimi görmək istərdiniz? - Anar hələ var, yerindədir. Anar istefa da verməyəcək, növbəti seçkilərdə də iştirak edəcək. 85 yaşı var, çox da normaldır. Bir neçə gün əvvəl yubiley tədbirində idik, orada da dedi "nə qədər qoca olsam da, min cavana dəyərım". Birlik də çox normal işləyir, bundan artıq neynəməlidir? İctimai təşkilatdır, yazıçıların klubudur. Orada da iş gedir. Hər il birliyə üzv olan nə qədər gənc Prezident təqaüdü alır. Bütün yazıçıların təqdimatı birliyin binasında təkil olunur. Təqdimatları başqa yerdə keçirsələr, nə qədər pul verməlidirlər, amma burada heç 1 manat da vermirlər. Əvvəl AYB ideoloji mərkəz idi, amma indi elə deyil. Qurumda növbəti sədr kimi Rəşad Məcidi görürəm. "Azərbaycanda bir partiya var" - İsrail-İran müharibəsi gedir. Bu müharibə ilə bağlı narahatlığınız varmı? - Mən Güney-Quzey fikirləşmirəm. İranın vurulması təbii ki, məni narahat edir. İstəyir azərbaycanlı olsun, istər fars. Orada uşaq, yaşlı, qadın ölür. Adam öləndə onun milliyəti olmur. Təbii ki, istəmərəm İran darmadağın olsun. Qonşumuzdur. Qonşuya od düşsə, sənə də sıçrayar. Güneydə də özümüzünkülər yaşayır. Bütün müharibələrə qarşıyam. - Uzun illərdir Milli Məclisin deputatısınız, amma bitərəfsiniz. Hansısa partiyaya üzv olmamağınızın səbəbi nədir? - Olmaq istəmirəm. "Bitərəf" sözü də düz deyil. Nə bitərəf? Müstəqil jurnalist demək lazımdır. Heç bir partiyaya üzv deyiləm, çünki Azərbaycanda bir dənə partiya var, qalanları da klub kimi bir şeydir. Hərəsinin 500-600 üzvü ola bilər. Mən xalqa qulluq edirəm və heç bir partiyaya da üzv olmağı düşünmürəm. Geri dön |