Ana Sayfa > Manşet / Siyasət / Özəl > Manaf Manafov: "Azərbaycanın enerji strategiyası və daxil dayanıqlıqdan qlobal tərəfdaşlığa aparan yol"
Manaf Manafov: "Azərbaycanın enerji strategiyası və daxil dayanıqlıqdan qlobal tərəfdaşlığa aparan yol"Bu gün, 10:04. Yazar: azer |
![]() Azərbaycan son illərdə enerji siyasətində ardıcıl və uzaqgörən addımlarla regionun və dünyanın enerji xəritəsində özünəməxsus mövqe qazanıb. Bu siyasətin mühüm tərkib hissələrindən biri də daxili enerji təhlükəsizliyinin təmin edilməsi, enerji infrastrukturunun gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu istiqamətdə atılan tarixi addımlardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib. Müsahibimiz deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində vurğulayıb: "Bu gün '8 Noyabr' Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir." Bu stansiyanın yalnız daxili bazar üçün deyil, həm də Azərbaycanın enerji ixrac potensialının artması üçün strateji əhəmiyyət daşıdığı açıqdır. Belə ki, 1880 meqavat gücə malik “8 Noyabr” stansiyası ölkənin elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təbii qaz sərfiyyatını da azaldacaq. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq." Azərbaycanın enerji siyasəti həm daxili sabitliyi təmin edir, həm də ölkəni Avropanın və regionun etibarlı enerji tərəfdaşına çevirir. Azərbaycan bu gün 12 ölkəyə qaz ixrac edir, onlardan 10-u Avropa ölkəsidir. Bu isə ölkəmizin enerji diplomatiyasında qlobal aktora çevrildiyini təsdiqləyir. Cənab Prezident İlham Əliyev bu reallığı belə ifadə edib: "Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır." Azərbaycanın enerji siyasətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur. “8 Noyabr” layihəsində İtaliya və Çin şirkətlərinin iştirakı bunu bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyev beynəlxalq tərəfdaşların roluna xüsusi diqqət çəkərək bildirib: "İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Çinlə daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq." Bu yanaşma göstərir ki, Azərbaycan həm neft və qaz resurslarının ixracında, həm də bərpaolunan enerji mənbələrinin inkişafında paralel və davamlı siyasət yürüdür. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın 2030-cu ilə qədər yaşıl enerji üzrə generasiya gücü 6500 meqavata çatacaq. Bütün bu addımlar sübut edir ki, Azərbaycanın daxili enerji dayanıqlığı və beynəlxalq enerji siyasəti bir-birini tamamlayan, strateji baxımdan düşünülmüş kompleks proqram əsasında həyata keçirilir. Bu proqram Azərbaycanın iqtisadi və siyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni Cənubi Qafqazın enerji mərkəzinə çevirir. Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün adını daşıyan yeni elektrik stansiyasının istifadəyə verilməsi təsadüfi deyil. Bu, Azərbaycanın energetika sahəsində qazandığı böyük qələbənin, iqtisadi qüdrətin və strateji baxışın rəmzidir. Cənab Prezident İlham Əliyev stansiyanın açılışında qeyd edib: "Bu stansiyanın adının seçilməsi çox vaxt aparmadı. Təklif edilən variantlar arasında '8 Noyabr'ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır." Azərbaycanın müstəqillik illərində Mingəçevirdə energetika sisteminin sıfırdan qurulması mühüm nailiyyətlərdən biridir. Ölkənin enerji infrastrukturunun müasirləşdirilməsi və qısa müddətdə belə güclü stansiyanın tikilməsi Azərbaycan modelinin uğurunu əks etdirir. “8 Noyabr” Elektrik Stansiyasının rekorda imza ataraq cəmi iki ilə inşa olunması Azərbaycanın daxili potensialı, milli kadrların peşəkarlığı və beynəlxalq tərəfdaşlıq sintezinin gözəl nümunəsidir. Cənab Prezident çıxışında İtaliya və Çin şirkətlərinin rolunu yüksək qiymətləndirib: "Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik." Bu layihə təkcə enerji istehsalı ilə məhdudlaşmır. Azərbaycan həm daxili tələbatı ödəməyi, həm də təbii qaza qənaət etməyi hədəfləyir. Beləliklə, ixrac potensialı artır və dünya bazarında Azərbaycan qazına olan tələbat daha səmərəli şəkildə qarşılanır-deyə M. Manafov fikrini tamamlayıb. Geri dön |