Ana Sayfa > Siyasət > Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilmişdir
Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilmişdirBu gün, 11:26. Yazar: azer |
![]() 26 iyun tarixi Azərbaycan xalqı üçün böyük qürur və iftixar olunan günlərdən biridir. Bu tarix Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur və ölkənin müdafiə gücünü və vətənpərvərlik ruhunu təcəssüm etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin gün Azərbaycan Ordusunun yaradılması barədə qərar qəbul edilmiş və milli hərbi hissələrin formalaşdırılmasına başlanılmışdır. Bu tarixi qərar Azərbaycan xalqının milli müstəqillik və özünümüdafiə ideyalarının reallaşdırılmasında ilkin mərhələ hesab edilir. Sovet dövründə bu proses süni şəkildə dayandırılsa da, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hərbi quruculuq yenidən strateji prioritetlər sırasında ön plana çəkilmişdir. Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük zəhmətləri hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılmışdır. Ümummilli Lider azərbaycanlı zabit kadrların hazırlanması və azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması və hətta SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması üçün əlindən gələni etmişdir. Dövlət müstəqilliyinin ilk illərindəki mürəkkəb geosiyasi və daxili vəziyyət fonunda nizami ordu quruculuğu zəruri və təxirəsalınmaz vəzifə kimi qarşıda dururdu. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi, strateji baxışları və praktiki tədbirləri nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında dönüş nöqtəsi yaranmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ciddi təhlükəsizlik problemləri ilə üzləşirdi. Ermənistanın Azərbaycan torpaqlarına qarşı başladığı hərbi təcavüz fonunda ordu quruculuğu milli təhlükəsizlik baxımından prioritet məsələ idi. Lakin həmin dövrdə hərbi rəhbərlikdəki nizamsızlıq, siyasi rəhbərliyin zəifliyi və koordinasiyanın olmaması Silahlı Qüvvələrin formalaşdırılmasını xeyli çətinləşdirirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyin əsas sütunlarından biri kimi güclü və peşəkar ordu quruculuğunu qarşısına başlıca məqsəd kimi qoymuşdur. Onun rəhbərliyi ilə ordu sahəsində fundamental islahatlara başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Həmin dövrdən etibarən bu tarix ölkənin hərbi qüdrətinin təntənəsi kimi qeyd olunmaqla yanaşı hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Bu illər ərzində Azərbaycanın minlərlə hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir mərhələdə inkişafı və gücləndirilməsi istiqamətində görülən işlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiya həlledici rol oynamışdır. Ordu quruculuğu, hərbi-texniki modernləşmə, beynəlxalq hərbi əməkdaşlıq, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və regionda hərbi üstünlüyün təmin olunması istiqamətində atılan addımlar ölkənin strateji maraqlarına cavab verir və milli müdafiə qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Prezident İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra Silahlı Qüvvələrin inkişafını milli təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri elan etmiş, həmçinin Orduya ayrılan dövlət büdcəsinin ildən-ilə artırılması, hərbi xərclərin strateji səviyyəyə yüksəldilməsi, peşəkar hərbçi kadrların hazırlanması üçün milli hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların və silah sistemlərinin alınması və yerli hərbi-sənaye kompleksinin yaradılması istiqamətdə çox böyük tədbirlər həyata keçirmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü və çevik ordu sisteminə malik olan dövlətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu nazirliyin əsas məqsədi milli hərbi məhsul istehsalının təşkili və Silahlı Qüvvələrin daxili tələbatının yerli istehsal hesabına qarşılanması olmuşdur. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul Azərbaycanın öz müəssisələrində istehsal edilir, bəziləri isə ixrac potensialına malikdir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilmişdir. 29 dekabr 2017-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Prezident İlham Əliyevin hərbi və siyasi liderliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq şəkildə təcəssüm etmişdir. Ali Baş Komandan kimi İlham Əliyev müharibənin bütün mərhələlərinə şəxsən rəhbərlik etmiş, hərbi əməliyyatların düzgün koordinasiyası, informasiya müharibəsinin idarə olunması və diplomatik manevrlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilmişdir. Xüsusilə Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirmişdir. Ordumuzun əldə etdiyi şanlı qələbə nəticəsində əzəli torpaqlarımız azad olundu və ərazi bütövlüyümüz bərpa edildi. Silahlı Qüvvələrimizdə xidmət edən hər bir əsgər, zabit və hərbçi bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və əmin-amanlığının təminatçısıdır. Onların fədakarlığı, mərdliyi və vətənə sədaqəti hər bir vətəndaş üçün nümunədir. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü və modern ordu sistemlərindən birinə malikdir. Ordu quruculuğunda NATO standartlarına uyğun islahatların həyata keçirilməsi, müasir silah-sursatla təchizat, hərbi təlimlərin intensivliyi və beynəlxalq əməkdaşlıq ölkənin hərbi strategiyasının əsas komponentlərindəndir. Bu gün nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunmuş, 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır. Bu təqdirəlayiq yanaşma Ölkə Başçısının hərbçilərimizə verdiyi dəyərin bir nümunəsidir. Bundan sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunmuşdur. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılmışdır. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. İki qardaş ölkə arasında imzalanmış “Şuşa Bəyannaməsi” ölkələrimizin strateji tərəfdaşlığını və hərbi əməkdaşlığı daha da inkişaf etdirən ən önəmli sənədlərdəndir ki, həmin sənəddə hər iki dövlətin hərb sahəsinin inkişafını nəzərdə tutan aşağıdakı müddəalar yer almaqdadır. “Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər”; “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”; “Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər”; “Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir”. Eyni zamanda, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, hərbi potensialın artırılması istiqamətində atılan addımlar davam etdirilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətin strateji dayağı kimi çıxış edir və onun daha da gücləndirilməsi yalnız hərbi gücün deyil, həm də milli birliyin və siyasi iradənin ifadəsidir. Beləliklə, 26 iyun – Silahlı Qüvvələr Günü təkcə bir bayram deyil, həm də Azərbaycan Respublikasının suverenliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün rəmzi kimi qiymətləndirilməlidir. Bu gün münasibətilə Azərbaycan xalqı şəhidlərini dərin ehtiramla yad edir, qazilərinə və ordu sıralarında xidmət edən hərbçilərinə təşəkkür və hörmətini bildirir. Pərvanə Vəliyeva, Milli Məclisin deputatı Geri dön |